14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Axirətdən namə
Tarix: 04-05-2017 13:13 | Bölmə: Firuz HƏŞİMOV

Azərbaycanın xaki-pakının yetim-yesir, başını itirmiş, dədə-baba imanını beş günlük dünyanın bir günlük gəda kefinə satmış, harın, bir tikə çörək üçün şami-səhər min cəfa çəkən, arsız, dərd-ələm üzündən bir gecədə qocalan, imarətlərdə eyş-işrət içində yaşayan başı pozuq balaları! Bəndeyi-həqir, şərməndeyi-fəqir, didələri giryan, dərdləri pünhan, qəlbi qızıl qan Usta Zeynalın salamı, dua-sənası dərəceyi-qəbulunuza çatsa, onun qəlbi-həzini məsrur olar, inşallah!

Ruznamələrinizdə, yəni sizin dilinizcə desək, qəzetlərinizdə ... həcc ziyarəti ilə bağlı söz-söhbət gedəndə xəbər tuturuq. Allah niyyətinizi kamil eləsin, amma, mən fəqirin bir neçə sualı var: Əvvəla, peyğəmbər ümməti zillətə düşəndə, din düşmənləri müsəlmanların əhli-əyalını əsir-yesir edəndə, vətənin az qala yarısı əldən gedəndə xərclər çəkib ziyarətə getmək olar, ya yox? Ziyarətə sərf olunan pullarla mahi-Ramazanda, ya da Məhərrəmi-mübarəkdə minlərlə kasıba, simsarsıza hər gün fisincan plov vermək olar. Mən hələ meyvəcatından, şərbətindən danışmıram... İmamlarımıza, sevimli peyğəmbərimizə çox lazımdır ki, müsəlmançılıq vəzifəsini və borcunu bilmərrə unutmuş hər vələdüzna onların ziyarətinə getsin?

Bu, şəriətin hansı əhkam kitabında yazılıb ki, Avropanın xaçpərəstinin tulladıqları, ya da ölənlərin, mərəzə mübtəla olanların əyinlərindən çıxartdıqları pal-paltarı Azərbaycana göndərsin, sən də bir ətək pulu ver harın vəhabi şeyxlərə ki, mən ziyarətə gəlirəm?!

Dəqiq bildiyimizə görə, başı bəlalı məmləkətinizin sərvət sahibləri arasında ziyarətə getmək dəb halını alıb. Çoxu da qayıdandan sonra elə əməllər törədir ki, sanki ziyarətdə olarkən, əstəğfürullah Əbu-Süfyana, Müaviyəyə beyət gətirib.(Hamını demirəm)

İslama, Peyğəmbərə sədaqətinizi sübut etmək üçün meydan qarşınızdadır. Görün nə qədər namdar kişinin, özünü Fatimeyi-Zəhranın kənizi saymış Natəvan kimi banunun, şəhidin məzarı düşmən tapdağı altındadır. Ərəbistana getməyiniz qalsın bəxtəvər vaxtlarınıza.

Taci-təxt uğrunda cəngi-məğlubədə Qarabağ kimi məkanı itirmiş, indi də hər əcnəbinin qarşısında pəyandaz olan simasız vəzifə sahiblərinizə də, ziyalılarınıza da Allahın lənətinə gəlmiş Yezid də afərin deyir.

İndi də izn olsa, bizim Şeyx həzrətlərinə kəmərbəstə qulam, imanında sabitqədəm, aciz Allah bəndəsi kimi müraciət edərdim. Nüri-çeşmim, taci-sərim, bəlkə məni bir sirrdən agah edəsiniz... Ən gözəl, ən təmtəraqlı məscidlər sizdə, eşitdiyimizə görə, hökumətin qayğısı üstünüzdən əksik olmur, sizə güldən ağır söz deyən yox, elə bir nüfuzlu məclis yoxdur ki, orada təmsil olunmayasınız, deyilənlərə görə, pula da pul demirsiniz, mən hələ başqa imkan və imtiyazlarınızı, dünyəvi işlərinizi sadalamıram, məxləs, bizim həmşərilər demişkən, xeyli xub.

Amma qəribədir, məmləkətdə İblis at oynadır, İslama, dövlətçiliyə qarşı iş quranların sayı-hesabı bilinmir, dünənki müsəlmanlar bu gün gah xaçpərəst kilsələrinə, gah bütpərəstlərin, gah da kimliyi bilinməyən lotuların məclislərinə üz tuturlar. Bəs, hanı sizin dərin savadı, natiqliyi, bəlağəti ilə camaatı yerindən oynada bilən vaizləriniz?

İstər İslam aləmində, istərsə də səlib məmləkətlərində camaat zaman-zaman ağzından söz əvəzinə gövhərlər səpələyən din xadiminə qulaq asmaq üçün məbədlərə axışıb. Sizin nəzarətinizdə olan ölkədə isə dələduzların təşkil etdiyi məclislərdə iynə atsan, yerə düşməz. Xaçpərəst ölkələrindən it kimi qovulan müxtəlif ziyanəvərlər məmləkətdə göz dəyməsin, əllərindən gələni beş qaba çəkirlər.

Nuri-çeşmim Şeyx həzrətləri, bu nə cür olur ki, Ermənistandan, Gürcüstandan qovulan din dəllalları gündüzün günorta çağı kövrək atəşkəs mühitində yaşayan dövlətdə cavanları yoldan çıxarır, amma cənabınızın zəhmli səsi eşidilmir? Min dərd-sərlə üzləşmiş cavan dövlətin ruhani, mənəvi təhlükəsizliyi üçün bilavasitə cənabınız cavabdehdir. Rusun baş keşişi danışanda dəhanından adi söz yox, pürməna kəlamlar çıxır.

İnciməyin, siz danışanda, camaat əsnəyir, onu da bilirik ki, hər hansı vacib mərasim zamanı siz hamını salavat çevirib "Fatihə" oxumağa çağırsanız da harınlamış dövlət ərkanından bir nəfər də qımıldanmır. Müsəlman məmləkətində vəziyyətin bu həddə çatmasında əsl günahkar sizsiniz.

Mirzə Cəlil rəhmətlik vaqiəmizi nəql edəndə mənim nədən qəzəbnak olmağımı, özgə cürə yazmışdı. Şagirdim Qurban erməni Muqdisi Akopun qabında su gətirib dünyayi aləmi murdar eləmişdi. Mən də iki dəfə yerə, bir dəfə də Qurbanın üzünə tüpürüb, şələ-şüləmi yığışdırıb nəğd qazancdan imtina edib getdim evimə.

Eşitdiyimizə görə, kürreyi-ərzdə daha o heyvan qalmayıb ki, onun ətini Azərbaycanın müsəlmanlarına yedirtməsinlər. Qabaqlar bütün günah əməllərin baiskarlarını axtaranda barmağımızı urusa tüşlayırdıq. Ərdəbillilər demişkən, indi öz əliniz, öz başınız. Rus məgər gəlib, sizə fərman verir ki, harada murdar ət varsa, onu mütləq soydaşına sırımalısan?!

"Şahnamədən" bilirsiniz ki, əzazil Zöhhakın çiyinlərindən qalxan ilanlara gündə iki uşağın beyni verilirmiş. Yəni qövmün, millətin gələcəyi, məcazi mənada mənəviyyatı qəsdən məhv edilirmiş. Axırda dəmirçi Gavə önlüyünü bayraq edib insanları zülmə qarşı ayağa qaldıra bildi. Məmləkətinizdə isə Zöhhakın ilanları televizor adlandırdığınız qutularından, eşy-işrət yerlərindən şami-səhər dilinizə, dininizə, imanınıza, adət-ənələrinizə, keçmişinizə, gələcəyinizə istədikləri rəxnəni vururlar, yəni törəmələrinizin beyinlərini yeyirlər. Doğrudanmı sizdə heç kim başa düşmək istəmir ki, bu cür günah əməllər gənc dövlətin özünün əleyhinədir, belə təxribat onun sütunlarını laxladır?

Mollaxana savadım var, rəhmətlik Sədini, Hafizi Şirazini başa vursam da, xəttim pisdir, naməmi mənim adımdan Məşədi Qəzənfər əmi yazır. Əhvalatdan hali olan bizim iftixarımız Mirzə Cəlil buyurdu ki, naməmizə onun sözlərini də əlavə edək:

- Hələ də Xudayar bəysiz, Qurbanəli bəysiz yaşamağa öyrənməmiş əziz-giram xələflərim, Allah-taala bir əsrdə sizə, iki dəfə azad, müstəqil yaşamaq imkanı verdi. Birinci dəfə ya vəlvələdən, ya zəlzələdən bəla nazil oldu, ümmanlar qədər qan töküldü, indi də maşallah, cah-cəlalınızdan göz qamaşır, axı, biz min il də yatsaydıq, yuxularımızda bunu görməzdik.

Dükan-bazarınızda "Yoxdur!" sözü ümumiyyətlə, yoxdur, hər yüz nəfərə düşən maşınların sayına görə, çox ölkələri geridə qoymusunuz, o kefi ki, sizin indiki imkanlılar görür, onu heç bizim dövrün xanları da görməyib.

Kasıbınız da var, balalarının yanında xəcil olanlarınız da... Heç kim bunu inkar etmir... Amma bu dəfə himmət göstərib əl-ələ tutmasanız, bir-birinizə arxa-kömək durmasanız, xudanəkərdə hər şeyi itirəcəksiniz. Çünki bu dəfə həna əvvəlki həna deyil! Bütün əhli-qubur bilir ki, məşriq aləminin ən laməzhəb, ən mürtəd hakimləri, ən xain, ən imansız dövlət ərkanı bədbəxt Azərbaycandadır. Sizə qıraqdan düşmən lazım deyil...

Arifə bir işarə də bəsdir, başa düşürsünüz düşün, yox yenə də hikkəyə salıb bu qocanın məsləhətini qulaqardına vuracaqsınızsa, onda özünüzdən küsün. Vəssəlam, şüt-təmam.

İmza: Rəhmətlik Mirzə Cəlilin qələmi ilə adı müntəxəbatlara düşmüş Usta Zeynal Zəngani.

Naməni redaksiyaya Firuz Həşımov gətirib.



Müəllifin bütün yazıları - Firuz HƏŞİMOV



Bölməyə aid digər xəbərlər
18-09-2017, 17:29 Firuz HƏŞİMOV - Manqurtlar
11-06-2017, 15:04 Firuz HƏŞİMOV - Meydan faciəsi
19-02-2017, 20:23 Firuz HƏŞİMOV - Ay can, ay can!

{sape_links}{sape_article}