Nazarbayevdən sonra növbə kimindir?
Tarix: 04-04-2019 13:34 | Bölmə: Xəqani CƏFƏRLİ
Nazarbayevdən sonra növbə kimindir?

Orta Asiyanın ərazicə ən böyük və zəngin respublikasını 30 ilə yaxın avtoritar qaydada idarə edən Nursultan Nazarbayevin istefası qaçılmaz olduğu kimi, bunun ciddi nəticələr doğuracağı da qaçılmazdır.

Nazarbayevin istefasının ilk nəticəsi postsovet ölkələrinin xalqlarına hakimiyyətlərin əbədi olmadığını bir daha xatırlatdı və diqqətləri uzun müddət hakimiyyətdə olan dövlət başçılarına yönəltdi. Qazaxıstanda hakimiyyətin ötürülməsi postsovet ölkələrinin ictimai-siyasi dairələrində növbəti hakimiyyət dəyişikliyinin hansı ölkədə ola biləcəyi ətrafında müzakirələrə də səbəb oldu. Bu müzakirələr əsasən iki yanaşmanı üzə çıxartdı. Yanaşmalardan birini statistik yanaşma hesab etmək olar. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, Nazarbayevdən sonra istefa növbəsi postsovet məkanında ən uzunömürlü hakimiyyət sahibinindir. Bu yanaşma tərəfdarlarının fikrincə, Nazarbayevin istefasından sonra növbə Avropanın sonuncu diktatoru adlandırılan Belarus prezidenti Aleksandr Lukaşenkoya çatıb.

Məlum olduğu kimi, Lukaşenko Belarusa 1994-cü ildən rəhbərlik edir. Belə yanaşma qüsurludur. Baxmayaraq ki, bu ilin iyul ayında dövlət başçısı seçilməsinin 25 ili tamam olacaq Lukaşenko hakimiyyətinin əsaslarının sarsıldığı inkaredilməzdir.

Lukaşenko bu günə kimi Rusiya ilə Avropa arasında uğurla manevr edərək hakimiyyətini qoruya bilib. Lakin indi həmin manevrləri etmək çox çətinləşib. Buna görə Lukaşenko da, Belarus da çox ağır seçim qarşısındadır. Ancaq bütün bunlar istefa növbəsinin Nazarbayevdən sonra Lukaşenkoya çatması anlamına gəlmir. Əksinə, bu gün Lukaşenko Belarus xalqının gözündə Vladimir Putinin Rusiya cəmiyyətində malik olduğu legitimlikdən daha artıq dəstəyə malikdir. Ən azından Belarusda “Lukaşenko oğrudur!” şüarı ilə izdihamlı etiraz aksiyaları keçirilmir.

İkinci yanaşma ondan ibarətdir ki, Nazarbayevdən sonra istefa növbəsi daha uzun müddət ərzində hakimiyyət başında olan liderə deyil, postsovet məkanı üzərində dolaşan dəyişkilik atmosferinə daxil olan ölkənin başçısına çatıb. Bu fikrin müəllifləri hesab edirlər ki, Qazaxıstanda hakimiyyətin ötürülməsi ötən il Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyi ilə başlayan postsovet məkanındakı yeni dalğanın növbəti mərhələsidir.

Təhlilçilərin əksəriyyəti hesab edir ki, Nazarbayev postsovet məkanının qədəm qoyduğu yeni mərhələnin fərqində olduğu üçün istefa verib. Yeni mərhələnin nəticəsi olaraq baş verə biləcək yeni hakimiyyət dəyişikliyinin növbəti ünvanı kimi isə Rusiya və Azərbaycan göstərilir. Bu zaman hər iki ölkədə vəziyyətin təxminən oxşar olduğu qeyd edilir.

Belə ki, hər iki ölkənin iqtisadiyyatı əsasən enerji daşıyıcılarının ixracı üzərində qurulub.

Hər iki ölkədə uzunmüddətli iqtidar mövcuddur.

Neftin və qazın qiymətinin ucuzlaşması ilə hər iki ölkədə ciddi sosial-iqtisadi problemlər baş qaldırıb.

Hər iki ölkənin hakimiyyəti beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən demokratiya ilə bağlı sərt tənqid olunur.

Hər iki ölkədə müxalifət fəallaşıb və kütləvi etiraz aksiyaları təşkil edə bilirlər.

Hər iki ölkənin iqtidar düşərgəsində də dəyişikliklərin qaçılmaz olması fikri zəif də olsa, mövcuddur.

Nazarbayevdən sonra növbə kimindir?

Doğrudur, fərqlilik də var. Azərbayan prezidenti rusiyalı həmkarından fərqli olaraq Qərb dövlətləri tərəfindən təcrid edilmiş vəziyyətdə deyil. Eyni zamanda Rusiyanın siyasi və biznes elitasında dəyişikliklərin zəruri olması fikri Azərbayanın hakim dairlərinə nisbətən daha çox yayılıb. Açıq mətnlə ifadə olunmasa da, Rusiyanın siyasi və biznes elitasının Aleksey Kudrin və German Qref kimi isimləri dəyişikliklərin zərurəti ilə bağlı daha ucadan danışmağa başlayıblar. Məsələn, Rusiyanın ən bahalı şirkəti və birinci bankı hesab olunan “Sberbank”ın prezidenti German Qref bu yaxınlarda qatıldığı bir toplantıda “Rusiyanın inkişafına mane olan üç əsas problem nədir”, - sualına cavab olaraq “Pis idarəetmə”,- deyib.

Hazırda Rusiya Federasiyasının Hesablama Palatasının sədri olan Aleksey Kudrin isə bu yaxınlarda çıxışlarının birində “Rusiya son on ildə tənnəzül bataqlığından çıxa bilmir”,- söyləyib. Prezident Putinlə çox yaxın münasibətlərə malik olan bu iki şəxsin fikirləri Rusiya elitasında dəyişiklik zərurətinin artıq ifadə olunmağa başlandığını göstərir.

Dünyada və regionda baş verən proseslər bütün postsovet respublikalarında ictimai-siyasi münasibətləri daha da sürətləndirəcək. Məsələn, Əlcəzair xalqının Əbdüləziz Buteflikin 20 illik hakimiyyətdən sonra yenidən prezident seçilməsinə izn verməməsi və kütləvi etirazların basqısı altında istefa verməsi, Ukraynda prezident seçkilərinin demokratik standartlar çərçivəsində keçirilməsi və Vladimir Zelenskinin seçkinin birinci turunun qalibi olması da postsovet məkanında baş verən proseslərə öz təsirini göstərəcək.

Ancaq bu gün həm Rusiyada, həm də Azərbaycanda hakimiyyətin ötürülmə ehtimalı dəyişiklik ehtimalından yüksək hesab olunur.

Rusiyanın son yüz illik tarixində cəmi iki dəfə hakimiyyət dəyişikliyi baş verib, digər hallarda hakimiyyətin iqtidardaxili ötürülməsi həyata keçirilib. Azərbaycanda da vəziyyət oxşardır və 90-cı illərin əvvəllərində müşahidə olunan hakimiyyət dəyişikliyinin yerini hakimiyyətin iqtidardaxili ötürülməsi tutub. Sovet dövründə də hakimiyyət dəyişikliyi Kommunist Partiyasının daxilində rəhbərliyin ötürülməsi yolu ilə baş verib. Yəni, həm Rusiyada, həm də Azərbayanda xalqın hakimiyyəti müntəzəm olaraq dəyişməsi ənənəsi mövcud deyil. Siyasi proseslərdə isə ənənələr çox önəmlidir.

Çoxlarına mübahisəli görünə biləcək bu qeydlər yalnız hazırki zamanda mövcud olan durumun dəyərləndirilməsi kimi qəbul olunmalıdır. Amma müxtəlif faktorların təsiri altında vəziyyət kəskin şəkildə dəyişə də bilər.
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}