Advert
Advert

“Bəşəri komediya” və ya Babil qülləsi

Tarix :
author

Kənan Hacı

1850-ci ilin avqust günlərindən birində Parisin müqəddəs Filipp Rulski kilsəsindən Per-Laşez qəbristanlığına doğru uzanan küçələrdə dəfn mərasimi hərəkət edirdi. Yağış yağırdı. Çətirlər qara qanadlarını adamların başları üzərinə gərmişdi. Lakin mərasim seyrəkləşmirdi. Əksinə, qəbristanlığa daha çox yaxınlaşdıqca adamlar gedənlərin sıralarına bir o qədər çox qarışırdı. Səkilər boyu minlərlə adam dinməzcə dayanmışdı. Şəhər yazıçı Onore de Balzakla son dəfə vidalaşırdı.

Qəbristanlıqda açıq qəbrin yanında dayanmış adamlar papaqlarını çıxarmışdılar. Can sıxan sükut içərisində mərhumun dostu, böyük yazıçı Viktor Hüqonun qəbir üstə nitqi aydın eşidilirdi. O, mütəfəkkir və filosof Balzakın istedadından, böyük və yorulmaz zəhmətindən danışıb deyirdi ki, onun vəfatı bundan sonrakı şöhrətinin başlanğıcı deməkdir. Bu kimi qəbirlər də əbədiyyətin sübutudur. 

Hüqonun dediyi sözlər peyğəmbərcəsinə özünü doğrultdu. Böyük romançının adı dünya mədəniyyətinin şöhrət və fəxri olan adların sırasına daxil oldu.

Onore de Balzak 1799-cu il mayın 20-də Fransanın Tur şəhərində bəxti gətirmiş burjua ailəsində dünyaya gəlib. Gələcək yazıçının atası öz işini bilən uğurlu adam idi. Torpaqsız kəndli ailəsindən çıxmış o, mənsəb qazanıb hərbi diviziyanın ərzaq rəisi vəzifəsinə yüksəlmişdi ki, bu da ona az qazanc gətirmirdi.

Onore Balzaklar ailəsinin ilki idi. Deməli, taleyin şıltaq bir oğlu kimi böyüməli idi. Lakin tale onun üçün başqa bir həyat hazırlamışdı. Ata-anası öz oğullarının tərbiyəsinə demək olar ki, diqqət yetirmirdilər. Üç yaşlı Balzak yad bir ailəyə, pansiona verilir. 1807-ci ildə isə Onoreni kiçik şəhər olan Vandoma aparıb ruhanilər məktəbinə, Vandom kollecinə verirlər. Bu kollec Oratorianlar təriqətindən olan rahiblərin himayəsində idi. Balzak bu kollecdə altı il yaşamalı olur.
 
Ruhanilər məktəbində keçirdiyi illər Balzakın qəlbində silinməz izlər buraxır. Monastırdakı sərt nizam-intizam, kötək, mənasız əzbərçilik Vandom kollecində ruhani olmaq üçün tərbiyənin əsası sayılırdı. Müəllimlər gənclərin elmə olan şövqlərini söndürməyə, şagirdlərdən əzbərlənmiş doqmaları yayan adamlar yetirməyə can atırdılar. Bu illərdə Balzakın yeganə dostları kitablar idi. Onun əldə etdikləri arasında fəlsəfəyə dair müxtəlif kitablar, elmi, tarixi əsərlər vardı. Bu kitabların köməyi ilə Balzak dünyanı, həyatı və tarixi dərk edirdi.
 
Yazıçının ata-ana qayğısından məhrum olması, uzaq bir şəhərdə kollecə verilməsi “Vadidəki zambaq” romanındakı ana sevgisindən məhrum olmuş Feliksi xatırladır. Feliks sözünün mənası latınca “uğurlu”, “bəxti gətirən” deməkdir. Yazıçı öz qəhrəmanına bu adı təsadüfən seçməyib. Romanın əsas qəhrəmanı olan Feliksi bəxti gətirən, uğurlu insan hesab etmək olarmı? Bu, artıq başqa bir söhbətin mövzusudur. 

Gələcək yazıçı 1813-cü ildə kollecin divarları arasından çıxır. Ata-anası Parisə köçür. Balzak burada pullu pansionda iki il oxuduqdan sonra hüquq məktəbinə daxil olur. O, eyni zamanda vəkillər kontorunda işləməyə başlayıb dolanmaq üçün pul qazanmaqdan ötrü səhərdən axşama qədər işləməli olur, çünki ata-anası ona pul vermirdilər. Balzak həyatının bu dövrünü sonralar iztirablı illər adlandırmışdı.

Görünür, bir vəkil kimi mənsəb sahibi olmaq Balzakın alnına yazılmayıbmış. Onu başqa bir tale gözləyirdi. Onun istedadı özünü ədəbiyyatda göstərdi ki, bu da Onoreyə dünya şöhrəti qazandırdı.

1829-cu ildə Balzakın “Şuanlar” romanı çapdan çıxdı. Bu roman yazıçı tərəfindən “Bəşəri komediya” adlandırılmış romanlar silsiləsinin başlanğıcı oldu. Müəllifin düşündüyünə görə, bu ad altında birləşdirilmiş əsərlər yazıçının yaşadığı toplumun xüsusi əxlaq tarixi olmalı, siniflərin müxtəlif nümayəndələrinin həyatını, məişətini və düşüncələrini bədii şəkildə əks etdirməli, həyatı tam mürəkkəbliyi ilə göstərməli idi. “Bəşəri komediya” Balzakın adını əbədiləşdirdi. Yazıçı bu əzəmətli dastanda otuz ili əhatə edən Fransa cəmiyyətinin real tarixini göstərə bilmişdir. Balzak burjua cəmiyyətinin iç üzünü elə bir dərinliklə açıb göstərib ki, oxucu heyran qalır. Böyük fransız yazıçısı Emil Zolya “Bəşəri komediya”nı Babil qülləsi ilə müqayisə edirdi.

Balzakın yaradıcılıq yolu cəmi iyirmi ildən bir az çox davam edib. Bu illərdə Balzak fasiləsiz olaraq yazıb-yaradıb. Yazıçı günün on altı saatını yazı masası arxasında keçirirdi. İyirmi il müddətində o, yetmiş dörd roman, küllü miqdarda dram əsəri, hekayələr, oçerklər və felyetonlar yazıb. Ədəbiyyat tarixində iş qabiliyyətinə görə Balzaka çatan başqa bir yazıçı çətin ki, tapılsın. Gərgin yaradıcılıq işi böyük söz ustadının səhhətinə zərbə endirdi. Onun müsibət və məhrumiyyətlərlə dolu həyatı çox tez sona çatdı. Balzak əlli bir yaşında ikən vəfat etdi.

Balzak mənsub olduğu cəmiyyəti təsvir edərkən bu cəmiyyətin çürük əxlaqını amansızcasına ifşa edirdi. Onun əsərlərində burjua cəmiyyətinin tipik nümayəndələrinin – uğurlu işbazların, bank sahiblərinin, sələmçilərin tam bir qalereyası gəlib keçir ki, həyatda onların ən yüksək amalı nəfs, tamahdır. Bu məxluqların varlığı yalnız puldan, maddiyyatdan ibarətdir. Burjua aləminin qibləgahı budur. Maddiyyat insanlar arasındakı bütün müqəddəs hissləri məhv edir. Vicdan və ləyaqət hissi maddiyyat önündə geri çəkilir. Pul insanları eybəcər bir şəklə salır, onların ən gözəl duyğularını öldürüb burjua cəmiyyətinin yırtıcı qanunlarını əmələ gətirir. Bu qanunlar ikrah və hiddət doğurur. 

Qobsek kapitalist mühitinin romantikidir. Onun ardınca ölüm şleyfi sürünür. O, mənasız xəsisliyin canlı mücəssəməsidir. Balzakın “Dəcəl hekayələr” tsiklinə daxil olan hekayələri xüsusilə maraq doğurur. Bu hekayələr orta əsrlərin axırından və İntibah dövrünün başlanğıcından bəhs edir. Yazıçı öz əsərlərində ilahi qüvvələrin iradəsindən azad olan insanı, qüvvə və hədsiz qabiliyyətlərə malik yaradıcı insanı tərənnüm etmiş böyük humanistlərin sanki işini davam etdirir.

Tarix həmişə müasir dövrlə bağlıdır. Balzakın uzaq keçmişin hadisələrindən danışan hekayələri insanı onların üzərində çox düşünməyə vadar edir. Yazıçının məharəti də elə bundadır. Oskar Uayld deyirdi ki, “Balzakın romanlarına qədər XIX əsr mövcud deyildi. XIX əsri onun romanları yaratdı”.