(hekayə)
Şura hökumətinin qan-qan dediyi illər idi. Məktəbdə SSRİ tarixi fənni keçirilirdi. Sovet İttifaqı 15 müttəfiq respublikadan ibarət idi. Əslində respublikalar sözdə müttəfiq idilər. Moskva tərəfindən idarə olunurdular, müstəqillikləri yox idi. Fənnin adı “SSRİ tarixi” olsa da, əslində Rusiyanın tarixi keçilirdi.
1941-1945-ci il savaşı Böyük Vətən müharibəsi adlanırdı. Dərslikdə həmin müharibənin başlanmasına, müharibənin gedişinə, tamamlanmasına, Almaniyanın paytaxtı Berlinin alınmasına həsr edilmiş bir neçə mövzu vardı. Müəllimlər dərsdə müharibədə sovet xalqının fədakarlığından, qəhrəmanlıqlarından danışır, şagirdlərdə sülhə məhəbbət, müharibəyə, faşizmə, müharibə törədənlərə nifrət hissləri aşılayırdılar.
Budur, tarix müəllimi X sinifdə canfəşanlıqla, əl-qolunu ölçə-ölçə Sovet ordusunun Berlin uğrunda döyüşlərindən danışır. Şagirdlər maraqla dinləyirlər:
- 1945-ci il idi. Sovet ordusu 5 ildir ki, alman-faşist işğalçıları ilə mübaribəddədir. Milyonlarla döyüşçü və mülki şəxs həlak olmuş, kəndlər, qəsəbələr, şəhərlər yerlə yekən olmuşdu.
Sovet qoşunları alman ordusunu əzə-əzə Berlin divarlarının önünə gəlib çatmışdı. Hitler alman ordusunun əsas qüvvələrini Berlinin müdafiəsinə cəlb etmişdi.
Qızıl Ordu Berlinə hücumu həyata keçirərkən, bu şəhəri almanların 64 diviziyası, 4 xüsusi təyinatlı briqadası, 98 xüsusi batalyonu, 39 xüsusi piyada və tank polku, 10 xüsusi ağır artilleriya alayı, 4 minaatan briqadası müdafiə edirdi. Lakin Sovet ordusu, əsgər və zabitləri qətiyyətli idilər. Özlərini oda-alova atırdılar. Məqsəd bir idi: düşməni susdurmaq, Berlini ələ keçirmək, faşizmə son qoymaq. Nəhayət, Sovet qoşunları Berlini götürdü.
Şagirdlər diqqətlə müəllimi dinləyirdilər. Arxa cərgədəki iki şagirdin isə dünya veclərinə deyildi. Söhbət edir, bir-biri ilə dartışır, zarafatlaşır, deyib-gülürdülər. Müəllim dayanıb baxırdı. Sonra söhbətinə davam etdi:
- Nəhayət, Sovet qoşunları Berlini götürdü... Berlini götürdü.
İki şagird öz aləmində idi. Müəllimə fikir vermir, ona qulaq asmırdılar. Müəllim təkrar etməkdə idi:
- Berlini götürdü...
Birdən müəllim söhbətinə ara verdi. Şagirdlərin diqqətini cəlb etmək istəyirdi. Lakin bunun xeyri yox idi.
Müəllim sinif yoldaşının fikrini dərsdən yayındıran Talehi ayağa qaldırıb:
- De görüm, Berlini kim götürdü? - deyə soruşdu.
Taleh çiyinlərini çəkdi:
- Mən nə bilim kim götürdü?
Müəllim yenə də xəbər aldı:
- De görüm, Berlini kim götürdü?
Şagird bu dəfə əllərini yanlara açdı:
- Müəllim, vallah mənim xəbərim yoxdur. Berlini mən götürməmişəm.
- Yaxşı fikirləş, Berlini kim götürdü?
Taleh and-aman elədi:
- Müəllim, atamın canı üçün deyirəm. Berlini mən götürməmişəm. Mənə inanmırsınız?!
Şagirdlər gülməkdən özlərini güclə saxlayırdılar.
Müəllim əsəbləşmişdi:
- Utanmırsan? Tərbiyəsiz, məni dolayırsan?
Zəng çalındı. Müəllim jurnalı götürüb acıqla sinif otağını tərk etdi.
***
Talehin hərəkəti müəllimi cin atına mindirmişdi: “Bu məsələni belə qoymaq olmaz!”
Müəllim eləməyib tənbəllik Talehgilə gəldi. Taleh evdə yox idi. Atası müəllimi mehribanlıqla qarşılayıb, evə dəvət etdi. Nəsibə xanım çay gətirdi.
Müəllim baş vermiş əhvalatı anlatdı:
- Deyirəm Berlini kim götürdü? Məni dolayaraq deyir: müəllim, mənim xəbərim yoxdur. Berlini mən götürməmişəm.
Ata oğlunun tərəfini saxladı:
- Müəllim, Taleh yalançı uşaq deyil.
- Necə yəni yalançı deyil? Gözünü gözümə zilləyib qıpqırmızı deyir: Berlini mən götürməmişəm. Görürsünüzmü? Balaca boyu ilə məni ələ salır. Belə çıxır ki, mən fərasətsiz adamam.
Ata yeni bir cəhd etdi:
- Dedim axı, siz düşündüyünüz, zənn etdiyiniz kimi yolagəlməz uşaq deyil. Deyirsə Berlini mən götürməmişəm, demək, doğru deyir... Bir də, ay müəllim. əgər Berlini götürsəydi, evə gətirərdi.
Müəllim çayını da içməyib ayağa qalxdı.
O:
- Yaxşı, siz deyən olsun, - deyib, yoluna düzəldi.
Müəllimin siqareti qurtarmışdı. Yaxınlıqdakı mağazadan siqaret aldı.
Mağaza müdiri:
- Müəllim, gözümə bir təhər dəyirsən e..., - dedi və sonra soruşdu. - Nə olub?
Müəllim əhvalatı danışdı:
- Deyirəm Berlini kim götürdü? Deyir: mənim xəbərim yoxdur. Berlini mən götürməmişəm.
Mağaza müdiri:
- Müəllim, nə özünü yor, nə də əsəbiləşmə. Bunlar elə adamdırlar ki, ömründə götürdükləri şeyi boyunlarına almazlar.
Müəllim ona baxıb gözlərini döydü.
Bakı şəhəri, 22.05.2026