Aprel döyüşlərindən 10 il keçir. O vaxt Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistanın silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalanda ordumuz əks-həmlə ilə düşmən təxribatının qarşısını qətiyyətlə aldı. Aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Bu - bir neçə il sonra sevincini yaşayacağımız Böyük Zəfərin müjdəsi idi.
Nazirlər Kabinetində çalışdığım o illərdə həmin gərgin günlər haqqında öz təəssüratlarımı sonralar yazdığım “Salam, cənab Baş nazir” adlı kitabımda qələmə almışam (bax: Akif ƏLİ, “Salam, cənab Baş nazir”, B., CBS, 2025). Həmin kitabdan bu günlə bağlı fraqmenti hörmətli oxucuların diqqətinə təqdim edirəm.
Aprel döyüşləri
2016-cı il aprelin ilk günlərində baş verən məlum Aprel döyüşlərində bütün xalq ölkə rəhbərliyi ilə həmrəy idi. Hamının ayaq üstə olduğu o tarixi günlərdə təbii ki, Hökumətin bütün diqqəti cəbhədəki vəziyyətə nəzarətə yönəlmişdi.
Ali Baş Komandanla, hərbi elita ilə, güc strukturları ilə, cəbhə üçün işləyən bütün qurumlarla dərhal intensiv əlaqədə olmaq, vuruşan ordunu zəruri ləvazimatla, silah-sursatla vaxtlı-vaxtında təmin etmək üçün, Baş nazir həmin döyüş gedən 4 sutkanı gecə-gündüz iş yerindən ayrılmadı.
“Hərb Allahına” nifrət edən, faşizm taununa qarşı vuruşmağa könüllü gedib, qanlı döyüşlərdə həlak olan Tahir Rasizadənin oğlu Artur Rasi-zadə həmin günlərdə özünü cəbhədə, hücuma keçən əskərlərimizin yanında hiss edərək, gərgin 4 günü evə getmədən kabinetində gecələdi. O, bir an da “döyüş postunu” tərk etmədi...
Düşmənin üzərinə od yağdıran Azərbaycan Ordusunu şərəfli Aprel günlərinə doğru aparan yollarda Baş nazir illər uzunu var qüvvəsi ilə çalışmışdı. İndi düşmənə endirilən hər sarsıdıcı zərbəni görəndə o, ötən günləri xatırlayırdı.

Vaxtilə ordumuzun nəinki lazımi silah-sursatı, hərbi texnikası, hətta əskərin ayağına geyinməyə çəkməsi, yatmağa yeri belə yox idi. O çətin illərdə Baş nazirin kabinetindəki uzun danışıqlar masasının üstünə təkcə qələm-kağız qoyulmurdu, vaxtaşırı müxtəlif silah növləri ilə yanaşı, fabrikdə tikilib hazırlanan təzə əsgər çəkmələri də gətirilirdi. Texnikanın dilini mükəmməl bilən maşınqayırma sahəsinin mütəxəssisi avtomat silahdan tutmuş tank mərmilərinə qədər, minomyotdan tutmuş əsgər mundirinə qədər hər ləvazimatın texniki parametləri, ölçüsü, keyfiyyəti, davamlılığı ilə şəxsən maraqlanır, öyrənir, seçib ayırırdı. Bəzən başqa ölkələrdə keçirilən silah sərgilərinə gedir, vertolyot zavodlarını gəzir, poliqonda tankları izləyir, müxtəlif çaplı pulemyotların, minomyot və topların sınaq atışlarına baxırdı. Hərbi texnikanın imkanları barədə peşəkar mütəxəssis kimi Prezidentə müfəssəl arayış verirdi. İlbəil büdcənin imkanları artdıqca, orduya lazım olan müasir texnikalar alınıb ölkəyə gətirilirdi: tankalar, BTR-lər, PDM-lər, zirehli qoşqu maşınları... Uzaqmənzilli raketlər, qırıcı təyyarələr, helikopterlər, pilotsuz döyüş aparatları... Texniki təchizatla paralel zabit heyətinin hazırlanması üçün müxtəlif səviyyələrdə danışıqlar aparılır, qardaş ölkələrdən təcrübəli hərbçi ekspertlər cəlb olunmaqla Azərbaycanlı kursantlar üçün təlim-tədris məşğələləri təşkil edilirdi.
Vaxtilə zavod direktoru olanda ali məktəbləri gəzib gənc kadrları maşınqayırma sahəsinə həvəsləndirən A.Rasi-zadə indi hər biri təcrübəli mütəxəssisə çevrilmiş həmin kadr potensialını cəlb etməklə, ölkədə hərbi-sənaye kompleksinin qurulmasına və inkişafına böyük əmək sərf edirdi. Bəzi zəruri silah-sursatın öz respublikamızda istehsal olunması üçün avadanlıqlar quraşdırılır, lazımi şərait yaradılırdı... Beləcə 1993-94-cü ildən sonra Azərbaycan ordusu addım-addım quruldu, təchiz olundu, arsenalı gücləndirildi.
İndi budur, Ali Baş Komandanın rəhbərliyi altında səriştəli generallar, cəsur komandirlər tərəfindən bacarıqla idarə olunan Azərbaycan ordusu öz məharətini müharibə meydanında göstərirdi. Bir zamanlar ayağına geyinməyə çəkməsi olmayan əsgər indi təpədən dırnağadək tam təchiz olunmuş vəziyyətdə, müasir döyüş silahları ilə düşmənin üzərinə yeriyirdi. Uzun illərdən bəri “məğlubedilməzlər” kimi ad çıxaran erməni döyüşçüləri qorxaqcasına mövqelərdən çıxıb qaçırdılar. Onların güclü Azərbaycan ordusunun qabağından qaçmaqdan başqa əllərindən bir iş gəlmirdi.
Həmin anlarda bu gücün yaradılmasında illərlə zəhməti olan Baş nazirin keçirdiyi qürur hissini anlamaq çətin deyildi.
Aprel döyüşlərində nəinki düşmən, həm də ona dəstək verən “düşmənpərəstlər” də Azərbaycanın bu qarşısıalınmaz hücumundan özlərini itirib əl-ayağa düşmüşdülər. Ayrı vaxt qalib ədası ilə gəzib bizdən güclü olduqları ilə qürrələnən ermənilər Aprel “atəşfəşanlığında” girməyə kol axtarırdılar. Məlum səbəblərə görə Birinci Qarabağ Müharibəsinin ilk mərhələsində xəyanətlə, hiylə ilə, qəsdlə, bilərəkdən uduzdurulan Azərbaycanlıların ildırım sürətli hücumunu dayandırmaq üçün indi az qala bütün dünyanın ermənipərəst siyasi-diplomatik kanallar işə salınmışdı. Aydın görünürdü ki, bu gedişlə ordumuz yağı düşməni məhv edib qələbə bayrağını Şuşada, Xankəndidə, bütün Qarabağda dalğalandırmaq əzmindədir...
Döyüşlər qoşunlarımızın tam üstünlüyü şəraitində davam etdiyi bir vaxtda ermənipərəst böyük dövlətlər pərdə arxasından çıxıb, bütün güclərini Azərbaycana qarşı yönəltdilər. “Xahiş-minnət formasında” edilən aramsız və davamlı siyasi, diplomatik təzyiqlər, get-gəllər, zənglər nəticəsində nəhayət, atəşin dayandırılmasını məcbur edənə qədər, igid döyüşçülərimiz qarşılarına çıxan bütün maneələri sürətlə yarıb keçərək xeyli irəliləmişdilər.
Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Madagiz kəndi istiqamətindəki mövqelər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi düşməndən təmizlənmişdi. Yaxınlıqdakı bütün düşmən qərargahları və hərbi hissələri darmadağın edilmişdi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətində strateji yollar nəzarətə götürülmüşdü. Cəsur əsgərlərimizin, ölməz şəhidlərimizin qəhrəmanlığı sayəsində işğalçının möhkəm-möhkəm qorunan keçilməz səngərləri haqqında mif puça çıxarılmışdı.
Qızğın döyüşlərdə erməni silahlı qüvvələri böyük itkilərə məruz qaldı. Ordumuzun arsenalında olan və “bir atəş – bir obyekt” prinsipi ilə dəqiq işləyən yeni hərbi texnikanın hər atəşi düşmənin bir obyektini, zirehli maşınını, tankını, topunu, sığınacaqlarını, canlı qüvvələrini məhv edirdi...
4 günlük müharibədə düşmənin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. 320-dən artıq canlı qüvvəsi məhv edildi, 500-dən çox hərbi qulluqçusu yaralandı.
Adətən Baş nazirin qəbuluna xaricdən nərmənazik, səliqəli, incə səsli centlmen siyasətçilər, diplomatlar, ictimai xadimlər, iş adamları gəlirdisə, Aprel döyüşləri gedən dönəmdə onları iri cüssəli, hündürboylu, hökmlü, uniformalı, kobud səsli, orden-medallı generalitet əvəz etdi. O günlərdə yüksək çinli hərbçi zabitlər “soldafon sayağı” ucadan danışa-danışa sakit-səssiz qəbul otağına doluşanda adamı vahimə basırdı. Ancaq A.Rasi-zadə bu heybətli generallarla çətin “hərb və sülh” danışıqlarını təmkinlə, inamla, paritet səviyyədə aparırdı...
Döyüşlərdən sonra Rusiya Federasiyası Hökumətinin Sədri Dmitriy Medvedyev də “vəziyyətlə yerində tanış olmaq” üşçün təcili Bakıya gəldi. Hər iki ölkənin Hökumət nümayəndələrinin mətbuata açıq olan geniş tərkibli rəsmi görüşündə protokol üzrə müzakirə mövzusu Rusiya-Azərbaycan iqtisadi-mədəni əlaqələri olsa da, qapalı keçən protokoldan kənar görüşdə D.Medvedyevi daha çox Aprel döyüşlərinin nəticələri, Ordumuzun gözlənilməz uğurunun sirri, hücumun yenidən təkrarlanıb-təkrarlanmayacağı ehtimalı, SSRİ-dən sonrakı müstəqil Azərbaycanın hərbi potensialının heyrətamiz inkişafı və s. bu kimi konfidensial məsələlər maraqlandırırdı.
Azərbaycan Ordusunun gücünü, cəbhəyə can atan coşqun xalqın həmrəyliyini dünyaya nümayiş etdirən Aprel döyüşləri bir daha sübut etdi ki, rəsmi qəbullar və görüşlər zamanı deyildiyi kimi, həqiqətən də illərdir heç nəyə nail olmayan amorf “sülhyaradıcı” missiyalar kənara çəkilsə, Azərbaycan öz gücünə ərazilərini qısa müddətdə işğaldan azad edib, üzüntülü “Qarabağ probleminə” birdəfəlik son qoyar.
Erməni sevdalı “sülhyaratma” gücləri elə bunu bildikləri üçün də kənara çəkilmək istəmirdilər...
----
2.04.2026