Advert
Advert

Faza itib - Hekayə

Tarix :
author

Akif Abbasov

(hekayə)

Tural arxalı adam idi. Bu vəzifədən o vəzifəyə, o vəzifədən bu vəzifəyə irəli çəkilirdi. Fəqət hər şeyin əvvəli olduğu kimi bir axırı da var. Onun polis rəisi olduğu rayon həlləm-qəlləmli yer idi. Son günlər rayonda hüquq pozğunluğu, cinayət halları baş alıb gedirdi. Arxasında dayananlara, “dayıları”na baxmayıb ona bir töhmət ilişdirib, mitilini atdılar çölə. Hələ Allah üzünə baxdı. Bundan betəri də ola bilərdi. Adamlı, arxalı olmaq bu yerdə kara gəlir.

Tural bir müddət evdə işsiz oturdu. Həmişə vəzifə kürsüsündə əyləşdiyindən indi ürəyi partlayırdı. Kimə hökm etsin? Arvad-uşağın üstünə nə qədər qışqırsın? Onu-bunu nə qədər danlasın? Acığından stəkanı, nəlbəkini nə qədər divara çırpsın?

Daha ona işi düşən, yalvarıb-yaxan yox. Belə zülm olar?

Dost-tanış çox idi. Bütün günü əlində telefon ona-buna zəng eləməkdən yorulmurdu. Əlini-əlinin üstünə qoyub   gözləyəcəkdi ki, nəhayət, Allah üzünə baxdı. Onu işıq idarəsinə rəis qoydular. Dedilər, bura da qazanclı yerdir. Razılaşdı. Təki kresloda otursun, təki buyura bilsin.

Yenə kefi kökəldi. Yanına gəlib-gedən çox oldu. İşləri pis getmirdi. Rəhbərlik, idarəetmə mədəniyyətinə az-çox yiyələnmişdi.

Bir gün kabinetində oturmuşdu. İşin qızğın çağı idi. Birdən işıqlar söndü. Məlum oldu ki, nəinki idarədə, elə rayonun özündə də camaat işıqsız qalıb. Tural tez baş mühəndisi çağırdı:

- Ə, bu nə işdir? İşıqlar niyə sönüb? Telefon zənglərindən bezmişəm. İcra hakimiyyətində də, prokurorluqda da, məhkəmədə də işıqsız qalıblar...

Baş mühəndis dilləndi:

- Yoldaş rəis, faza itib. Bir az səbr etmək lazımdır. Axtarıb taparlar.

Rəis əsəbiləşdi:

- Hələ tapmamısınız?

Baş mühəndis günahkar adamlar kimi:

- Yox, - dedi, - amma əlbət ki tapılar.

Tural özündən çıxdı. Ayağa qalxıb səsini qaldırdı:

- Ə, sən nə avara adamsan! Bu fazanı gör nə vaxtdan axtarırsınız. Tapa bilmirsiniz ki, bilmişiniz. Polis idarəsi iki addımlıqdadır. Mənim adımdan polis rəisinə zəng elə,  fazanı tapıb gətirsinlər buraya...

Baş mühəndis qeyri-ixtiyari:

- Oldu, yoldaş rəis, - dedi. Lakin dayanıb gözünü döydü: “Bu nə təhər olur? Polis rəisinin məsələyə nə dəxli?”
 
Tural baş mühəndisin dayanıb durduğunu görüb əli ilə ona getmək işarəsi verdi. Baş mühəndis otağı tərk etdi.

Bakı şəhəri, 28 iyun 2026-cı il