Advert
Advert

“Misir gecələri” və ya hisslərin tarixi 

Tarix :
author

Kənan Hacı

Xalq artisti Məleykə Əsədovanın yubiley yaşına

Zəngin ənənələr üzərində pərvəriş tapmış Azərbaycan teatrı müstəqillik dönəmində də unudulmaz tamaşalara imza atıb. Bu, danılmazdır. Biz teatrımzın inkişaf tarixinə nəzər salanda gözümüz önündə Mirzə Fətəli Axundzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cəfər Cabbarlı, Sabit Rəhman, İlyas Əfəndiyev kimi dramaturqlar, Adil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov kimi görkəmli rejissorlar, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Hökümə Qurbanova, Həsənağa Salayev, Məlik Dadaşov, Səməndər Rzayev, Hamlet Xanızadə, Həsənağa Turabov kimi unudulmaz aktyorlar və digər parlaq simalar canlanır. Onlarsız XX əsr Azərbaycan teatrını təsəvvür etmək mümkün deyil. Yaddaşımızdan onların ərsəyə gətirdiyi möhtəşəm tamaşalar boy göstərir - Cəfər Cabbarlının “Aydın”ı, Səməd Vurğunun “Vaqif”i, İlyas Əfəndiyevin “Sən həmişə mənilməsən”, “Unuda bilmirəm”, “Xurşudbanu Natavan” və digər  tamaşaları, Mirzə Cəlilin “Ölülər”i, “Dəli yığıncağı”, Hüseyn Cavidin “İblis”i... Bu siyahını kifayət qədər artırmaq mümkündür. Məqsədimiz teatr tarixinə küll halında nəzər salmaq deyil.
 
Mən müstəqillik illərində Akademik Milli Dram Teatrının hazırladığı tamaşaların siyahısına nəzər saldıqca düşünürəm ki, bu tamaşaların hansı biri  tamaşaçı yaddaşında dərin iz buraxıb, hansı biri mədəniyyət hadisəsinə çevrilib? İlk yadıma düşən Xalq artisti, görkəmli rejissorumuz Mərahim Fərzəlibəyovun Məmməd Səid Ordubadinin "Sevgililər", Nazim Hikmətin "Yusif və Züleyxa" və V. Şekspirin "Antoni və Kleopatra" əsərləri əsasında hazırladığı “Misir gecələri” tamaşası oldu. Aradan uzun illər keçib, mən hələ də o tamaşanın ehtişamını xatırlayıram. “Misir gecələri” bədii-estetik paradiqmalarda bir-birilə üzvi surətdə əlaqələnirdi. Rejissor tamaşanı bir konsepsiya ətrafında qurmağı bacarmışdı. Birinci hissədə məşhur və məlum Yusif və Züleyxa hekayəti canlanır. Hesab edirəm ki, Züleyxa obrazı Xalq artisti Məleykə Əsədovanın sənət karyerasında bir zirvədir. Aktrisa tamaşada möhtəşəm performans sərgiləyir, özünün sənətkar imkanlarını, istedadını səfərbər edərək Züleyxanın çılğın ehtiraslarını, daxili əzablarını, isterik manevrlərini səhnədə son dərəcə inandırıcı formada təqdim etməyi bacarır. 
    
Məhz bu tamaşaya əsasən mübaliğəsiz deyə bilərəm ki, Məleykə Əsədova Azərbaycan səhnəsinin qüdrətli qadın sənətkarlarındandır. Nə yalan deyim, onun “Misir gecələri”ndəki Züleyxa və Kleopatrasına baxdıqca böyük aktrisamız Hökümə xanım Qurbanovanı xatırladım. Zəngin səhnə plastikası, əzəmətli yerişi, zərif və cazibəli hərəkətləri ilə Kleopatranı səhnədə canlandıran Hökümə xanımı gözləriniz önünə gətirin və “Misir gecələri”ində Məleykə xanımın Kleopatrasına baxın. Hər iki kadrlar yutub platformasında var. Müqayisə etməyin, bir tamaşaçı gözüylə baxın. Görəcəksiniz ki, eyni taleyi bölüşən Züleyxa da, Kleopatra da səhnədən zala nə boyda enerji ötürür! 
   
“Misir gecələri”ndə Yusif və Antonini oynayan dəyərli aktyorumuz Füzuli Hüseynov sadəcə, rol oynamır, gerçək yaşantıların canlı təcəssümünə çevrilir. Xalq artisti Əli Nurun Potifarı (Fironun baş vəziri) gətirdiyi məktubla Yusifin taleyini və həm də tamaşanın istiqamətini dəyişir. Potifarın ölüm səhnəsini aktyor o qədər təbii oynayır ki, bu epizod yaddaşa həkk olunur. Məhz bu məqamda ibrani köləsi (Yusif) Safenat Raneaha çevrilir. Bu metamorfoza birbaşa tamaşanın ideyasına xidmət edir. Tamaşada rejissor tapıntıları son dərəcə zəngindir. Bu axtarışlar dünya teatrının axtarışları kontekstində rejissor tərəfindən dəfələrlə realizə olunub. Ehtiras, var-dövlət və hakimiyyət üçbucağında qalib tərəf kimdir? Bu platformada qalib yoxdur, məğlub tərəf var. Sevgi isə öz əbədi zirvəsində qərar tutub. Misir gecələrinin füsunkarlığı fonunda bir ayrılıq dramı yaşanır. Bu, həm də insan hisslərinin tarixidir.

Böyük teatr nəzəriyyəçisi Mixail Çexov yazır ki, “aktyor səhnədə bədənini hərəkət etdirəndə özü də bilmədən “emosiyalar otağı”na daxil olur, yəni bədən emosiyalarla qovuşur, ondan güc alır və xarakterin yaranması prosesi baş verir”. Bədən ruha keçir, ruh bədənə. Bu keçidlər nəticəsində biz səhnədə canlı insanı görürük. Məleykə  Əsədova səhnədə dəlicəsinə sevən, əzab çəkən Züleyxaya çevrilir, qısqanclıq içində çırpınan, sevgisini hər vəchlə qorumağa çalışan Kleopatraya dönür. Faciəvi, dramatik situasiyalar hər iki aşiqi ölümə sürükləyir. 

Mən bu tamaşaya baxandan sonra Puşkinin “Misir gecələri” əsərini də tapıb oxudum, bu tamaşa ilə heç bir bağı olmasa belə, mən bu mətndə Mərahim müəllimin hazırladığı tamaşa ilə hardasa mahiyyət qohumluğu gördüm. Puşkin mətninin mahiyyəti bundan ibarətdir: həqiqi sənət azad yaradıcılığın məhsuludur! “Misir gecələri” tamaşası da məhz bu fikri bir daha təsdiqləyir. 

Hər iki motiv oxucuya yaxşı tanışdır, buna görə təfərrüatlara varmıram. Məsələ burasındadır ki, üç əsəri bir müstəvidə təqdim etmək rejissordan böyük cəsarət və məharət tələb edir. Mərahim Fərzəlibəyov bu işin öhdəsindən uğurla gəldi və Azərbaycan səhnəsində hadisəyə çevrilən bir tamaşa ərsəyə gətirdi. Tamaşaçılara böyük estetik zövq yaşatdı. Demək, rejissorluq həm də personajları kəşf etmə sənətidir. Burada süjet, motiv, situasiya kateqoriyalarının demarkasiyası prosesi baş verir. Yusif-Züleyxa, Antoni-Kleopatra xətləri bir müstəvidə birləşir, bütövə çevrilir və dairə qapanır. Rejissor vacib mətləbin izinə düşmüş və üç mətni bir araya gətirməyi, variasiyaları birləşdirməyi bacarmışdır. Bu, bəşəri sevgilərin təsnifatıdır.  
  
Yeri gəlmişkən, Mərahim müəllim Azərbaycan teatrında “ilk”lərə imza atmış nadir rejissorlardandır. “Misir gecələri” milli teatrımızın potensial imkanlarını, inkişaf perspektivlərini göstərən mədəniyyət hadisəsinə çevrildi. Bu, mənim subyektiv fikrim deyil, teatr tariximizin konstatasiyalarından biridir. Əlbəttə, biz tamaşanı geniş təhlilə cəlb edərək mülahizələrimizi faktlarla əsaslandıra, bu tamaşanın nümunəsində Mərahim Fərzəlibəyovun fərdi teatr poetikasının nəzəri prinsipləri haqda kifayət qədər geniş danışa bilərik. Hərçənd, buna çox böyük ehtiyac və zərurət var. Bu sətirlərin müəllifi görkəmli rejissorumuz haqqında “Mərahim Fərzəlibəyov formulu” adlı monoqrafiya yazıb və yaxın zamanlarda kitab halında çap olunacaq. Bütün deyəcəklərimi o kitabda demişəm. 

Bu yazı bir qədər retrospektiya xarakteri daşıyır. Bu günlərdə Xalq artisti, dəyərli sənətkarımız Məleykə Əsədova əlamətdar yubiley yaşına qədəm qoyur. Milli teatrımızın səhnəsində parlaq obrazlar yaratmış aktrisamızı ürəkdən təbrik edirəm. Və...     

Akademik Milli Dram Teatrında yeni bir tamaşa hazırlanır. Baş rolu Məleykə Əsədova canlandırır. Tamaşanın quruluşçu rejissoru yenə Mərahim Fərzəlibəyovdur. Səhnələşdirmə bu sətirlərin müəllifinə məxsusdur. Bu da kiçik bir anons olsun. Siz yaxın zamanlarda sevimli aktrisamızı Milli Dram Teatrının səhnəsində yeni bir rolda görəcəksiniz.