İkinci Dünya Müharibəsində böyük döyüş yolu keçmiş soydaşlarımızın əziz xatirəsinə
...Əlindəki baltanı neçə illər əvvəl ömrünü başa vursa da, “göz dağı” kimi qalmış qoz ağacının kötüyünə söykəyib özünəməxsus səliqə ilə brezent əlcəklərini çıxardı. Dəsmalla alnını, yanaqlarını sildi. Sonra həmişəki kimi, əsgəri addımlarla mənə sarı tələsdi. İri, işdən-gücdən qaralmış əlləri kürəyimdə qovuşdu. Yanağını üzümə söykəyib, elə beləcə də pıçıltı ilə bircə-bircə Bakıda yaşayan uşaqlarını, nəvələrini, dostlarımı, iş yoldaşlarımı soruşdu, kef-əhvallarını xəbər aldı. Ötən gəlişimdə kimlərə salam göndərmişdisə, çatıb-çatmadığı ilə maraqlandı. Adətim üzrə belə hallarda heç nə danışmır, ürəyini boşaltmağını gözləyirəm həmişə. Bu dəfə də xeyli dinmədim. Köksümə sığınan kişinin bir vaxtlar çoxlarının həsəd apardığı boy-buxununu, enli çiyinlərini, iri, göyümtül gözlərini, güclü əllərini, həmişə par-par parıldayan xrom çəkmələrini olduğu kimi xatırlamağa çalışdım.
Müharibədən qayıtdığı vaxtdan kolxozda birqadir işləyib, sonralar Gəncə Kənd Təsərrüfatı İnstitutunu qiyabi yolla bitirib, mühasib işlədiyi illərdə rastlaşdığım mənzərələri də necə var, o cür yada salmaq istədim. Qollarımın arasında isə arıq, yanaqlarının almacıq sümükləri qabarmış, səsi kallaşmış, o qədər də yaxşı eşitməyən qoca əziz adamlarının iş-gücü, sağ-salamatlığı barədə suallara cavab axtarırdı. Bu, bir növ onun cavanlıqdan gələn vərdişi idi. Ürəyi istədiyi adamlar barədə hal-əhval tutmayımca dincələn deyildi.

Qoz kötüyünə söykədiyi baltanı əlinə götürüb o üz-bu üzə çevirdi:
- Təzə itilətmişəm – dedi. Ağzı kütləşəndə əllərimi incidir., əlçək də kömək eləmir.
Üz-gözümdəki narazı ifadəni dərhal duydu.
- Vallah, bala, Aqşin də əslində imkan vermir ki, əlimi ağdan-qaraya vurum. Amma yaxşı bilirsiniz ki, məni işləmək, həyət-bacada hərlənmək saxlayır. Düzdür, gəlin də, uşaqlar da qulluğumda yaxşı dururlar. Amma ananızdan sonra heç cür bekar qala bilmirəm. Belə-belə işlərlə başımı qatıram. Samovara çır-çrıpı doğrayıram, ağacların dibini yumşaldıram, qurumuş budaqlarını budayıram, mal-heyvanın yemini verirəm. Xahiş edirəm, buna görə məni qınamayın. Hələ ki canımda can var, bu cür də olacağam!
Heç nə deyə bilmədim. Belə qabaqdangəlmişliyə daha nə deyəsən ... Qoluna girib yaxınlıqdakı kətilə tərəf apardım. Oturmadı, dedi ki, az-çox işləmişəm, yuyunmasam otura bilmərəm. Gözümü açandan onu bu cür səliqə-sahmanlı, özünə baxan adam kimi görmüşəm. Geyiminə, üst-başına, danışığına, yerişinə-duruşuna görə çoxlarına nümunə göstəriıib. Bu yaşda da eynən cavanlıqdakı kimidir. Heç nə dəyişməyib! Bircə yaşının üstünə yaş gəlib, hiss olunacaq dərəcədə arıqlayıb. Amma yaddaşı yerindədir, lap cavan oğlanlarda olduğu kimi. Yaxşı yadımdadır ki, orta məktəbdə keçirilən riyaziyyat imtahanlarında çətin sualların cavabını həmişə ondan istəyirdilər. Rayon məhkəməsinin xalq iclasçısı kimi neçə-neçə insanın köməyinə çatırdı. Kənddə elçi kimi getdiyi qapıdan heç vaxt “əliboş” qayıtmazdı.
Gecə yarısınadək söhbətimizə ara vermədik. Dünyada baş verən son hadisələri çözələdik, nəvələrinin təhsili, nəticələrinin ağlağan olub-olmaması ilə bağlı çeşidli suallarını ətraflı cavablandırdım. Deyəsən, razı qalmışdı. İndi də nə isə soruşmaq, xatirələrini dinləmək növbəsi mənə çatmışdı. Danışdırdım. Onsuz da xaraktercə kövrək olan kişi 9 may ərəfəsində daha da yuxalmışdı. Mayın 9-u onun üçün ikiqat əzizdir. Bu tarixi biz həm də onun doğum günü kimi qeyd edirik.
...474-cü piyada alayının sıravi əsgəri kimi Ukraynanın Jitomir vilayətinin Volınsk, Rovno şəhərləri ətrafından ta Fransanın Lion şəhərinədək ölüm dəhlizini sağ-salamat keçib gedə bilib.
- Göydə Allah, yerdə atamın alqışı, anamın duaları saxladı məni. Neçə-neçə həmyerlimi, cəbhə boyu dostlaşdığım igid insanları itirdim. Bəzilərini yaralı-yaralı qucağımda kilometrlərlə irəli aparmışam. Hər dəfə həlak olan səngər yoldaşlarımın gözünü qapayanda özüm də min yol ölüb-dirilmişəm. Düşmən mühasirəsində olduğumuz vaxtlarda ac qaldığımız, ağac qabığı, giləmeyvə ilə keçinən vaxtlarımız da olub. Amma sarsılmamışıq. O vaxtkı anlayışla desək, vətən uğrunda canımızdan keçməyə and içmişdik. SSRİ-ni, Avropanın işğal olunmuş nə qədər ölkəsini faşizmdən xilas etdik. Səngərlərin soyuq sifəti, əzablı, qanlı-qadalı yolların yorğunluğu, bəzən bircə patrona güvənməyimiz belə iradəmizi sarsıda bilmədi. Radiodan, cəbhə qəzetlərindən öyrənəndə ki, Həzilərimiz, Gəraylarımız, İsrafillərimiz, Ziyalarımız, Məliklərimiz, Hüseyinbalalarımız, Mehdilərimiz necə qəhrəmanlıq nümunəsi göstərirlər, düşmənin başına necə od ələyirlər, ürəyimiz dağa dönürdü. Özümüzü elə o qəhrəmanların yerində hiss edirdik. Əlbəttə, çox istəyirdik ki, hər birimiz vətənə qızıl ulduzlu, general paqonlu dönək. Bu tale hər kəsə də qismət olmur axı... Amma hər dəfə süngümüz düşmənin bağrını dələndə, atdığımız güllənin hədəfə dəydiyini görəndə sanırdıq ki, bu mənzərəni bizdən qələbə sorağı gözləyənlərin hamısı görür, qiymətləndirir, alqışlayır. İndi hər il mayın 9-da rayon mərkəzində yığışırıq, bir-birimzdən hal-əhval tuturuq. “Ana” abidəsinin qarşısına gül dəstələri düzürük. Ulu öndər Heydər Əliyevin xatirəsini yad edirik. Allah o kişiyə qəni-qəni rəhmət eləsin. Əsl igid adam, nüfuzlu general idi. Azərbaycanı ağ günə çıxardı. Allah oğlunun, nəvələrinin üzünü həmişə ağ eləsin! Prezidentimiz bizə xüsusi diqqət yetirir, qayğımıza qalır. Qəhrəman oğullarımızın xatirəsinin əbədiləşdirilməsi üçün Ulu Öndərin başladığı işləri Prezidentimiz necə sadiqliklə, diqqətlə həyata keçirir. Halal olsun Ali Baş Komandanımıza! Mən ölkəmizin qocaman sakinlərindən biri, oddan-alovdan çıxmış müharibə veteranı kimi ona da əminəm ki, inşallah, Qarabağ məsələsi də sülh yolu ilə həllini tapar. Ermənilər bu yolla razılaşmasalar, qoy onda özlərindən küssünlər!
Beləcə, söhbətimiz xeyli uzandı. Gündəlik mətbuatı izlədiyi, əvvəlki illərdəki kimi televiziya və radio verlişlərini diqqətlə dinlədiyi aydınca duyulurdu.
- Deyirəm, a bala, yamanca azalırıq ha...Siz sağ olun, cavanlar uzun yaşasın, Allah körpələrə qıymasın. Qafqazdan Berlinədək olan uzun, əzabılı yollarda 420 min azərbaycanlı öz canından keçmədimi? Keçdilər, özü də igidliklər, qəhrəmanlıqlar göstərdilər. Eloğullarımızdan 142-si Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Rəhmətlik Həzi Aslanov bu adı iki dəfə aldı. Qəhrəman adı alanların hamısı haqq dünyasındadır. Bir Heydərov Muradəli adında döyüşçü, hansı ki “Şöhrət” ordeninin üç dərəcəsinə layiq görülmüşdü, o sağ-salamatdır, hazırda Zərdabda yaşayır. Vallah, yol-riz məni yorur, yoxsa bir arada dəyərdim ona. Bir dəfə Bakıda Həzi Aslanovun qəbrini ziyarət edəndə görüşmüşük, çox ləyaqətli insandır, yaxşı kişilərin biridir.
Ertəsi gün səhər çayı süfrəsi ətrafında da söhbətimiz son dərəcə maraqlı keçdi. Əlini üzbəüzədək dağlara sarı uzadıb, köksünü ötürdü: “O yamaclara el arasında “Qaş” deyirlər. Elə rayonun bir zamanlar daşıdığı Qutqaşın (Qutqaşen) adı da “qaş”, “Qurd qaşı” mənasını verir”, - dedi. Sonra ağsaqqal türk totemləri, qədim yer-yurd adları barədə düşüncə və qənaətlərini əsl tarixçilər kimi şövqlə sadaladı.
- Bax, a bala, bu kəndin özündə, həndəvərində nə qədər qədim türk adları, ünvanları var: Qurd dərəsi, Qurdlu bulaq, Borçalı dərəsi, Qazan dərəsi, Çanaqbulaq, Muğanlı, Pirəhmədli, Kotanlı, Kosalar, Palantökən, daha nə bilim nələr, nələ. Hələ sal daşlardan salınan Alban qəbirlərini, üç yüz-dörd yüz yaşı olan xan çinarları demirəm. İndi bizim yaşadığımız kəndin də adı əslində Kürd deyil,deyilənə görə Qurdlardır. Ağsaqqallar bu barədə həmişə danışardılar. Bu məskəni qurd ürəkli, şir biləkli oğullar yüz illər qabaq salıb. Keçən əsrin otuzuncu illərində Stalinin qulbeçələri bu addan qorxurdular, türkün xofu onları boğurdu. Arada sənədləşmədə rusca “Kurt” yazdılar. Amma əsl türk oylağının yer-yurd adları tamam başqa şey deyir axı...
Əslən Ərəş mahalından, Ağdaşdan, anası isə Qarabağdan olan, amma tapındığı bu yerlərə sıx bağlanan ağsaqqalın dəmir məntiqinə inanmamaq olmur. Sonralar bu barədə özümün də çıxardığım nəticələrlə bağlı Akademik Teymur Bünyadovla telefon söhbətimiz oldu. Görkəmli alim bütün bunlar barədə elmi axtarışların zəruriliyini dilə gətirdi. Hər halda , mülahizə və təxminlərə geniş spektrdə işıq salan tapılar və qədim yurd yerlərimizdən birinin əsl adı da özünə qayıdar.

...Həmişəki kimi tez qayıtmağıma görə heç bir etiraz bildirmədi. “İş-güc adamısan, nə vaxt istəyirsən qayıt”,- dedi. Rəngi-başı xeyli açılmışdı. Arada şifonerdən yaxası medalla bəzənmiş pencəyini də çıxarıb geyinirdi.
- Arıqlasam da, əynimə yaxşı oturur, -dedi. Döyüşlərdə heç bir yüksək orden-medal almasam da, təşəkkürnamələrim olub, komandanlığın təltiflərini almışam. Rayon Hərbi Komissarlığından da çağırıb ara-sıra bu cür yubiley medallarından veriblər. Rayon rəhbərləri, icra nümayəndəliyi də unutmur, vəziyyətimlə maraqlanırlar. Tez-tez görüşlərə çağırırlar, əsgərlərin yolasalma mərasimlərinə dəvət edirlər. Heç nədən narahat olma, Yaxşı yol olsun sənə. Salamlarımı evdə, işdə hamıya çatdır. Dostlarına de ki, Qəbələyə yolları düşəndə mütləq qonağım olsunlar, çayımı içsinlər. Vaxtları çox olsa, hələ onlarla bir nərd də oynayaram. Yaddan çıxarmayın ki, bir vaxtlar -41-45 arası bizə “birincilər”, qvardiyaçılar deyərdilər. İndi isə necə adlandırmalıdırlar, axı-sonuncularıq, sonuncular...
İsmayıl Müzəffər oğlunun əllərini 2011-ci ilin martında möhkəm-möhkəm sıxıb mayın 9-da görüşmək arzusu ilə ondan ayrıldım. Yolboyu bircə onu fikirləşirdim ki, ömründə özü haqqında mətbuatda yazı verilməsinə, televiziyada, radioda adının çəkilməsinə imkan verməyən, taleyindən daim razı qalan və heç kimdən giley-güzar etməyən atam bu yazını görəsən necə qarşılıyacaq...?!
P.S. İsmayıl Müzəffər oğlu 2012-ci il dekabrın 4-də 89 yaşında haqq dünyasına qovuşub. Bizimlə qalan isə sonsuz məhəbbəti, mənalı, duzlu-məzəli söz-söhbəti, şipşirin xatirələridir...
P.S.S Atamın da, haqq dünyasında olan döyüş yoldaşlarının da ruhu Vətənimizin bütövlüyü sarıdan rahatdır. İkinci Dünya Müharibəsində və Qarabağ uğrunda canlarından keçən igid oğul və qızlarımızın məkanı cənnət olsun!