Teatrı məbəd də adlandırırlar, qəribə cazibə qüvvəsi olan məkan da. Burda ciddi sənət yaratmaq, seçilmək, tanınmaq istəyirsənsə təkcə istedadlı olmağın yetərli deyil. Gərək səhnəni sevəsən, onunla sirdaş olmağı bacarasan.
Bu gün 70 yaşı tamam olan Əliqismət Lalayev məhz belə yaradıcı insanlardandır. Bu illər ərzində əldə etdiyi uğurları, qazandığı rəsmi titulları, mükafatları, hörməti həm istedadına, yüksək savadına, örnək təşkilatçılıq bacarığına, həm də səhnəyə sonsuz sevgisinə görə qazanıb. İndi onu təqdim edəndə xeyli titul, mükafat saymaq lazım gəlir. Əliqismət Lalayev Əməkdar incəsənət xadimi, istedadlı aktyor, rejissor, bacarıqlı teatr təşkilatçısı, dünyanın müxtəlif ölkələrində keçirilən teatr festivallarının münsiflər heyətinin üzvü, elm adamı, tələbkar pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

Yetmiş il əvvəl, 1956-cı il iyulun 4-də Salyanda, nüfuzlu Hümmət kişinin ailəsində göz açan Əliqismət Lalayevin ömür yolu asan olmayıb, qazandığı uğurlara çatmaq üçün çox çətinliklərdən keçib, bəzən süni maneələrlə, qərəzli münasibətlə üzləşib. Düşüncələrini, yaradıcılıq planlarnı həyata keçirmək üçün döyüşüb, mübarizə aparıb. Belə ağır anlarda dərdini, ürəyindən keçənləri səhnəyə pıçıldayıb, onunla sirdaş olub.
Səhnə də öz dostuna, həmdəminə xəyanət etməyib, ona arxa-dayaq durub. Aktyor kimi müxtəlif obrazlar yaradanda, rejissor kimi tamaşalara quruluş verəndə, Mədəniyyət Nazirliyində çox məsul vəzifə tutanda, Akademik Dövlət Musiqili Teatrına uzun müddət rəhbərlik edəndə Əliqismət Lalayevə mənəvi arxa durub, öz mənəvi dəstəyini, xeyir-duasını əsirgəməyib.
Bu gün 70 yaşını qeyd edən Əliqismət müəllimin qürurlanmağa, sevinməyə haqqı var. Hər zaman işinə, sənətinə məsuliyyətlə yanaşan, ailəsinə-övladlarına, nəvələrinə, tabeliyindəki insanlara, tələbələrinə diqqət və qayğı göstərən, xeyirxahlığını əsirgəməyən Əliqismət Lalayev mənalı ömür sürüb.
İstedadlı, bacarıqlı, müdrik insana bu gün incəsənət aləmində hörmətlə yanaşır, təcrübəsindən yararlanırlar. Həqiqətən də Əliqismət müəllimin keçdiyi ömür yoluna, sənətdə və pedaqoji sahədə əldə etdiyi uğurlara nəzər salmağa və öyrənməyə dəyər.
Şanlı yubileyiniz mübarək, səhnənin sirdaşı!
