Advert
Advert

Susan barmaqlar, susmayan havalar

Tarix :
author

Kənan Hacı

Sosial şəbəkələrdə ustad klarnet ifaçısı, ifaçılıq sənətində öz dəst-xəttini yaratmış Vaqif Mirzəyevin bir söhbəti rastıma çıxdı. Şəmsi İmanovdan danışırdı. O Şəmsi İmanovdan ki, öz ifaları ilə yaddaşlarda silinməz iz qoyub. Vaqif Mirzəyev deyir ki, Şəmsi İmanov kimi klarnet ifaçısı olmayıb, olmayacaq. Bir də yer üzünə elə sənətkar gəlməyəcək. 

Xəyal məni uşaqlıq illərinə aparıb çıxartdı. Bakı kəndlərində mağar toyları olardı, bu toylar sübh açılına qədər çəkərdi. O toyların səsi-sədası uzun müddət qulaqlardan çəkilməz, yaddaşlardan silinməzdi. Şəmsi İmanov o məclislərin yaraşığı idi, onun klarnetinin səsi yeri-göyü lərzəyə gətirərdi. Klarnet sanki bülbül kimi cəh-cəh vururdu. Nağılçılar sözü, ruzigarın gözü belə sədalar eşitməmişdi. 

Şəmsi klarnetin dərvişi idi. Klarnet onun ilk və son məhəbbəti idi. Klarnet onun üçün səmaya bir nərdivan idi; barmaqlarıyla qalxırdı o nərdivanı. O, klarnetin Səttar Bəhlulzadəsi idi...

Bir gün barmaqları ondan üz döndərdi. O, daha klarnetə nəfəs verə bilmədi. Əziz-girami dostundan - klarnetdən ayrı düşmək onu damla-damla əridirdi. Bu məhrumiyyət dabandaşı kimi sinirlərinə sürtünüb rahatlığını əlindən alırdı, həyatı onun gözündə cəhənnəm əzabına çevirirdi. Vaxt gələcəkdi, bu amansız hökmlə barışacaqdı, taleyə verdiyi bütün sualların ağzını birdəfəlik möhürləyəcəkdi... O, diri ikən özünü klarnetin səsində dəfn eləmişdi...

Atamı ilk və son dəfə Şəmsinin “Vağzalı”sına qulaq asanda ağlayan görmüşəm. “Klarneti bir də heç kim bu cür dilləndirə bilməyəcək”. Atamın dilindən qopan bu təəssüf nidası hələ də qulaqlarımdan çəkilməyib. Atam bu səsi qucaqlayıb ağlayırdı. Çox sonralar bildim ki, kişi həmin gün Şəmsi İmanovun ölüm xəbərini alıbmış. Bu məşum xəbəri ona əvəzolunmaz nağara ifaçısı Gülağa Quliyev çatdırmışdı. O üzüntülü yay gecəsi atam maqnitofonun düyməsini dəfələrlə geri fırladıb o möcüzəli avazları dinlədi. Klarnet doğrudan da bülbül kimi cəh-cəh vururdu. Sanki külək də bu səsdən məst olub çöldə qıvrıla-qıvrıla qalmışdı. Nəvalanan ərköyün səs Şəmsinin barmaqlarında muma dönmüşdü. O gün uşaq yaddaşımda belə qalıb. 

Şəmsi İmanov

Atam Bakı toylarında Şəmsinin ifasını çox dinləmişdi, onunla yaxın ünsiyyəti vardı. Əmim Məzahirin toyunu Şəmsi idarə eləmişdi. Həmin toy Şəmsinin misilsiz ifaları ilə müzəyyən olmuşdu. “Sən bir görəydin Şəmsi o toyda nə oyunlar çıxarırdı. Klarnet yerlə-göylə əlləşirdi”. Bu heyranlıq dolu sözlər də atamın xatirə mücrüsündəndir. 

Ömrünün son illərində Şəmsi İmanovun barmaqları yoruldu, o ağırlığa, o ağrılara tab gətirmədi. O səs göyərçin kmi uçub səmanın ənginliyində qeybə çəkildi. O səsin yeri hələ də boşdur, kimsə o boşluğu doldurmağa qadir və qabil deyil. 

Mən onu sonuncu dəfə Yuxarı Dağlıq məhəlləsində gördüm. Dostlarla yolumuz o səmtə düşmüşdü, dedilər bu gələn Şəmsi İmanovdur. İnanmadım. Bizə doğru gələn Şəmsi İmanovun kölgəsi idi. Barmaqları musiqinin şəhidi olmuş sənət fədaisinin... İçimdən bir haray qopdu: Heyhat! O, bir də klarnetə can bəxş edə bilməyəcək. Kədər heykəlinə dönən barmaqlarını hamıdan gizlətməyə çalışırdı. Xalqın səs xəzinəsinə incilər bəxş etmiş o barmaqlardan əsər-əlamət qalmamışdı...
   
Amma uzun illər möcüzələr yaratdı o barmaqlar... İndi mən o havaları dinlədikcə sehrkar barmaqların açıldığını, yenə də möcüzələr yaratmaqda davam etdiyini görürəm. O, Şəms kimi musiqinin üfüqlərində yenidən doğulur... Barmaqlarından süzülən ecazkar havalar həmişə olduğu kimi, qəlbləri isidir, ehtizaza gətirir...
  
Bu yazını Şəmsi İmanovun ifalarının müşayiəti altında yazdım... Gördüm ki, Ustad səsi əlində təsbeh kimi fırladır!.. Söz də gərək o Səsə layiq ola! Ruhuna salam olsun, klarnetin Şəmsi!