(hekayə)
Zeynal İstirahət evinə gələndə necə sevinmişdisə, burada qanı bir o qədər qaralmış, bərk dilxor olmuşdu. Gündüzlər gəzib-dolanır, kefindən qalmır, yeyib-içir, axşamlar da hamısı burnundan gəlirdi.
Nə baş verirdi?
Zeynal ayıq-sayıq yatan idi. Bir balaca səs oldumu - oyanırdı. İşin tərsliyindən otaq yoldaşı Bəşir narahat adam idi, bərk xoruldayırdı. Zeynal da nə billlah edirdisə, yuxulaya bilmirdi. Bəşirin xorultusu otağı başına götürürdü. Zeynal arada yerindən qalxır, Bəşiri oyadaraq: “Dur, təzədən yat”,- deyirdisə də, xeyri olmurdu. Zalım oğlu “hə” deyirdisə də, başını atıb dərhal yuxulayır və başlayırdı xoruldamağa. Xorultudan yer-göy lərzəyə gəlirdi.
Zeynal da səhəri diri gözlə açırdı. Yuxusuzluq onu üzüb əldən salmışdı. Arada gəlib gündüzlər bir-iki saat gözünün acısını alırdı.
Bir gün belə, iki gün belə. Axırda resepşinə yaxınlaşıb dərdini açdı. Xahiş etdi ki, onun yerini dəyişsin. O da gülüb:
- Belə işdən ötrü tez-tez yanıma gəlirlər. İnanın ki imkan yoxdur, - dedi. - Hər halda çalışaram bir əncam qılım.
Bir-iki gün də ötdü. Resepşindən də bir xəbər çıxmadı. Beş gün keçmişdi ki, xoruldayan qonşu bir teleqram aldı və dərhal da yır-yığış eləməyə başladı. Az sonra da yola düşdü. Məlum oldu ki, onun arvadı rəhmətə gedib.
Həmin axşam Zeynal özünü dünyanın xoşbəxti hesab edirdi. Ətrafdan xorultu səsi gəlmirdi. Elə sakitlik idi ki! Seynal “Amma nə oldu!”,- deyə öz-özünə düşünüb bığaltı güldü. Gözlərini yumub dərhal yuxuya getdi.
Sən demə, teleqramı otaq qonşusuna Zeynal vurubmuş.