(hekayə)
Xədicə arvad haldan düşmüşdü. Son zamanlar ayaqları sözünə baxmırdı. Özünü çox yorğun və əzgin hiss edirdi. Bir iş görmək istəyəndə ona başlar, amma yarımçıq qoyardı. Yəqin yorğunluqdan idi. Yeməkdən də qalmışdı. Divana uzanıb gözlərini tavana zilləyir, dağı Arana, Aranı dağa aparırdı. Belə hallarda kim ondan nə isə sorusaydı, cavab verməzdi. Onlara qarşı acıqlı olduğundan yox, sadəcə, öz aləminə qapıldığından.
Bir-iki gün idi ki, Xədicə arvad tirrənmişdi. Divandan durmaq bilmirdi. Çayını, xörəyini də yatağına gətirirdilər. Azca yemək yeyir, yarım stəkan çay içir, yenidən uzanırdı.
Həsən anasının bu halından çox pəjmurdə idi. O, stulu divana yaxın çəkib əyləşdi. Xədicə arvad dünyası ilə əlləşirdi. Həsən anasının əlini əlinə aldı:
- Can, ana, nədir səni narahat edən? Heç özündə-sözündə deyilsən? Bir yerin ağrıyır?
Cavabında anası dedi:
- Yox, ay oğul, heç yerim ağrımır?
Həsən təkrar soruşdu:
- Bəs nə olub sənə? Bəlkə həkim çağırım?
Gözləri yol çəkən ana etiraz etdi:
- Yox, ay bala, həkimlik iş yoxdur.
Həsən:
- Bəs nə olub? - deyə o, anasının alnından öpdü.
Xədicə arvad ağır-ağır söz başladı:
- Rəhmətlik atanı, Müslümü yuxuda görmüşəm. Məni yanına çağırırdı. Dedi çox darıxıram. Səbri-qərarım kəsilib. Neçə ildir səndən ayrı düşmüşəm. Sən də oralarda tək qalmısan? Qulaq yoldaşın, evdə tay-tuşun yox ki lazım gələndə dərdləşəsən. Uşaqları evləndirmiş, qızları köçürmüsən. Sən orda, mən də burda təkəm. Darıxıram. Gəlsəydin, günümüz xoş keçərdi, bir-birimizə həyan durardıq.
Həsən dilxor idi. Anası elə dediyini deyir, ipə-sapa yatmırdı:
- Ay ana, nə danışırsan? O dünyaya getmək nədir? Özün demişkən, heç bir yerin ağrımır. Hələ bundan belə ən azı 10 il yaşayacaqsan. Bir də tək niyə olursan? Biz yanındayıq. Mənim ailəmlə qalırsan? Kimin hünəri var sənin xətrinə dəysin. Hər şənbə-bazar günü qızların da, oğlun da, nəvələr də sənə baş çəkməyə gəlirlər.
Xədicə arvad əlini yuxarı qaldırıb Allahına şükür elədi:
- Allah hamınızın canını sağ eləsin. Hamınızdan razıyam. Heç kim xətrimə dəymir. Hələ üstəlik nazımla oynayırlar. Qayğıma qalırsınız. Amma, ay oğul, məni başa düş, getməliyəm, atan o dünyada darıxır, tək qalıb.
Həsən anasını dilə tutmağa çalışdı:
- Tək niyə olur, ay ana, orada nə qədər qohum-əqrəbamız var. Dayılarım, xala-bibi, əmim...
Xədicə arvadın gözləri yol çəkdi:
- Nə bilmək olar, ay oğul, bəlkə araları dəyib, ona görə məni çağırır...
- Bax, ana, yenə sənə deyirəm: bu fikirləri başından elə, dur ayağa, gəz, həyətə düş. İstəyirsən aparım səni gəzdirim. Dənizə aparım...
- Bu yaşda dəniz mənim harama yaraşır?
Həsən:
- Bax, ana, dedim ha. Getmək söhbətini qurtar, - dedi və çıxdı.
***
İşdə Əhməd müəllim Həsənə müraciətlə:
- Ay Həsən, - dedi, - son vaxtlar, özünü nə isə qəribə aparırsan. Kefin yoxdur, qanı qara gəzirsən. Heç elə bil əvvəli deyib-gülən Həsən deyilsən. Dərdini de, bilək. Evdə-eşikdə bir hadisə baş verməyib? Nə problemin var?
Həsənə elə gəlirdi ki, onun halından kiminsə xəbəri yoxdur. Demə, ona da göz qoyanlar var. Əhməd müəllim onu istəyən şəxs idi. Odur ki, özünü ələ alıb dedi:
- Yox, ay Əhməd müəllim. Evdə hər şey qaydasındadır. Anam...
Əhməd müəllim onun sözünü kəsdi:
- Anana nə isə olub? Xəstə deyil ki?
Əhməd cib dəsmalını çıxarıb boyun-boğazının tərini sildi:
- Xəstəliyi yoxdur, amma özünü xəstələndirib.
- Bu nə sözüdür, ay Həsən?
Həsən olub-keçənləri Əhməd müəllimə danışdı. Əhməd müəllim qaşlarını çatdı. Az sonra:
- Stulunu yaxın çək, əyləş.
- Gör nə deyirəm...
Əhməd müəllimin dediklərindən razı qalan Həsən başını tərpətdi, yəni “düz deyirsiniz!”
***
Xədicə arvad yenə divanda uzanmışdı. Həsən divanın kənarında əyləşib anası ilə salamlaşdı, sonra hal-əhval tutdu və söz başladı:
- Hə, ana. Bundan belə hər şey qaydasında olacaq. Sən də ayağa qalxıb bizimlə bir süfrədə oturacaq, nəvələrini, qohum-əqrəbanı görməyə gedəcək, toyda, yasda iştirak edəcəksən.
Xədicə arvad key-key onun üzünə baxdı:
- Bəxtəvərlikdən danışırsan, ay oğul. Deyirəm: mən ölüb öz günümə qalmışam, sən isə mənimlə zarafatlaşırsan. Bilirsən, ay bala, mən bu dünyadan köçümü çəkməyə hazırlaşıram.
- Səni getməyə kimdir qoyan?
Xədicə arvad başını buladı: “Bu nə danışır? Bundan soruşan var ki, gedim, getməyim. Rəhmətlik çağırır.
- Ay ana, axşam yuxu görmüşəm. Rəhmətlik atan yuxuma girmişdi. Kefi də saz idi. Dedim, ay ata, o nə sözdür anama demisən. Sap-sağlam anam yatağa düşüb. Onun indi o dünyaya gedən vaxtıdır?! Bilirsən nə dedi? Dedi: doğrudur, o gün anana nə isə elə bir söz demişdim, amma sonra fikrimi dəyişdim.
Xədicə arvad yerində dikəldi.
- Ana, atam daha sonra bilirsən nə dedi? Dedi ki, sənə çatdırım. O dünyada hazırda təmir işlərinə başlayıblar. Oralarda hələ abırlı bir yer yoxdur. Dedi ki, sənə çatdırım ki, bir yaxşı yer tapan kimi Xədicəyə xəbər verəcəyəm. Hələlik öz işlərində olsun. kimi onu çağıracam.
Xədicə arvad durub oturdu:
- Lap belə dedi?
- Hə, ana, atam belə dedi. Özümdən çıxarmıram ki. Bir də bilirsən nələri söylədi?
- Nələri?
- Dedi ki, bizim ailənin işlər başından aşır. Anan yanıma gəlsə, həmin işlərin öhdəsindən necə gələcəksiniz?
Nəvələri məktəbə kim aparıb-gəturəcək, bazarlığı kim edəcək? Hamınız iş adamısınız. Zakir təzə evlənib. Bu-gün sabah uşaqları olacaq. Gənc ailədir. Uşağa kim baxacaq? Gəlinə kim kömək edəcək? Anan heç bunları fikirləşib? De ona, məndən xəbər gözləsin. Hələ gəlməsin.
Xədicə arvad divandan düşüb qapıya sarı getdi.
- Ana, hara?
- Qonşuya süd, qatıq, qaymaq tapşırmışdım, gedib götürüm.
- Hə, ana, qaymaq, qatıq çox qalıb turşuyar, vaxtında onları götürmək lazımdır.
Xədicə arvad getdi. Həsən bığaltı güldü.
Bakı şəhəri, 16 may 2026-cı il