Təxminən yeddi-səkkiz il bundan öncə dəyərli yazıçımız Orxan Fikrətoğlu ilə müasir teatrımızın bugünkü vəziyyəti ilə bağlı fikir mübadiləsi edirdik. Söhbət əsnasında ravvin teatrı yaratmaqla bağlı ideyasının olduğunu bildirdi. Tamamilə fərqli estetikaya malik teatr konsepsiyasını özündə ehtiva edən belə bir teatrın yaranması kifayət qədər cəlbedici görünürdü. Təklif etdi ki, bu konsepsiyaya uyğun bir pyes yazsan, pis olmaz. Mən həvəsə gəlib “Xəlbir və ney” adlı bir pyes yazdım. Pyes tamaşaçı ilə aktyorlar arasındakı sərhədi aradan qaldıran, spontan və interaktiv xarakter daşıyan bir happeninq kimi düşünülmüşdü. Bu janr improvizasiya elementləri daşıyan canlı performansdır və heç də yeni hadisə deyil. Belə bir pyes növü hələ XX əsrin 1950-1960-cı illərində meydana çıxmışdı.
Pyesi bir neçə rejissor oxudu və mənə bildirdilər ki, Azərbaycanda belə bir pyesin qoyulması ənənəsi olmayıb. Gənc rejissor Mirsahib Ağayevlə də bu barədə xeyli söhbətlərimiz oldu. Mirsahib Ağayev dedi ki, yeni teatrlar yaranır, bu pyesi onlardan birinə təqdim edin.
Xalq artisti, mərhum rejissorumuz Vaqif Əsədov pyesi çox bəyənmişdi və mənə dedi ki, mütləq bu əsəri səhnəyə qoyacam. Əcəl aman vermədi...
Sonra mən həmin pyesi “Yeraltı külək” kitabıma daxil etdim. Pyesin mövzusunu açmıram, bircə onu deyə bilərəm ki, forma baxımından aralıq məkan (teatrla həyatın sərhədində) üzərində qurulub. Sufi-dərviş elementlərindən istifadə olunub. Mən öz aləmimdə teatra bir yenilik gətirmək cəhdində bulunmuşdum.
Postdramatizmlə bağlı tədqiqatlarıyla tanınan E.N.Şevçenkonun nəzəri konsepsiyası ilə tanış olanlar yəqin bilirlər; bu teatr nəzəriyyəçisi postdramatik teatrı müasir mədəniyyətin və kommunikasiya formalarının təsiri altında yaranmış yeni teatr modeli kimi dəyərləndirir. Bu modeldə tamaşa yalnız hadisəni nəql etmir, həm də məkan, bədən, səs və obraz vasitəsilə mənalar yaradır. Şevçenki “Postdramatizm” adlı əsərində yazır:
“Bəziləri postdramatizmi tamamilə happeninq kimi anlayır, digərləri həyata keçməsində aktyorlardan əlavə rəssam, şair və rəqqasların da iştirak etdiyi layihə kimi qəbul edir, üçüncülər isə mətn teatrı ilə postdramatik teatr arasında qəti bərabərlik işarəsi qoyurlar. Əslində isə postdramatik teatr özünə dramatik formanın ən müxtəlif dəyişikliklərini daxil edən geniş anlayışdır”.
Müəllif müasir və məşhur teatr nəzəriyyəçisi Q.T.Lemannın 1999-cu ildə nəşr edilmiş “Postdramatik teatr” kitabına istinad edir. Lemann yazır: “Postdramatik termini heç də abstrakt imtina, dram ənənələrindən prinspial uzaqlaşma mənasını vermir. “Post”, yəni “sonra” sözü dramın öz mövcudluğunu davam etdirdiyini göstərir. Amma yeni teatr konsepsiyası baxımından bu, artıq “normal” teatrın zəifləmiş, köhnəlmiş struktur elementlərinin mövcudluğudur”. (Məqalə Qismət Rüstəmovun tərcüməsində “Teatral” jurnalında dərc olunub. Maraqlananlar tapıb oxuya bilərlər)
Lakin XXI əsrin dramaturgiyası sanki tənəzzül dövrünü yaşayır və postdramatik paradiqmaya uyğun gəlmir. Köhnəlmiş formaların yenisi ilə əvəzlənməsi prosesi getmir. Stanislavskini, Meyerholdu, Brexti “ölməyə” qoymayan da proqress qatarının zamandan geri qalmasıdır. Bugünkü gənclik teatrda yaşadığı həyatın inikasını görmür. Müasir dövrün tələblərinə cavab verən pyeslər yox dərəcəsindədir. Elə buna görə teatrların yenə klassiklərə üz tutmaqdan başqa əlacı qalmır. Əlbəttə, klassika əbədidir, klassik əsərlərin səhnəyə gətirilməsi təqdirəlayiq haldır. “M Teatr”, Əsa Teatrı bu işi peşəkarlıqla görürlər və bu, həm də maarifçi missiya daşıyır. Ən azından, “Anna Karenina”nı, “Paris Notrdam kilsəsi”ni, “Dorian Qreyin portreti”ni oxumayan əksər tamaşaçı kütləsi bu tamaşalar vasitəsilə dünya ədəbiyyatının şah əsərləriylə tanış olurlar. Bu sətirlərin müəllifi də bir neçə klassik əsəri səhnələşdirib. Yeri gəlmişkən, hal-hazırda Akademik Milli Dram Teatrında Onore de Balzakın “Atılmış qadın” hekayəsinin səhnə variantı üzərində iş gedir. Bu əsəri də bəndəniz səhnələşdirib. Quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Bütün bunlar teatr üçün təkanverici qüvvədir. Olduqca gərəkli işdir, lakin bununla paralel olaraq yeni tendensiyalara da qapı açmaq zamanıdır. Zaman özü bunu tələb edir. Şevçenkonun sözləriylə desək, multimediya müasir teatrın əsas xüsusiyyətlərindəndir. Konflikt və xarakter, dramaturji hadisə, pafos illüziyasının dağılması müasir teatr praktikasında yeni istiqamətlərin konturlarını cızır. İctimai həyatın teatralizasiyası müasir incəsənətin konseptual xüsusiyyətinə çevrilir.
Gənc dramatuqlardan Cavid Zeynallı, Ülviyyə Heydərova, Pərviz Seyidli perspektiv vəd edirlər. Lakin teatrın forma və məzmun baxımından yenilənməsi üçün bu üç imza kifayət etmir. Zənnimcə, teatrlarımız müasir yazıçılarımızla ciddi əməkdaşlıq etməlidirlər və bu qarşılıqlı yaradıcı ünsiyyət hər iki tərəf üçün son dərəcə faydalı ola bilər. Teatrımızın müasir dramaturqlara ehtiyacı var və teatrın qan damarlarının məhz yeni əsərlər vasitəsilə yenilənməsi mümkündür.
Bir az bu məsələlər barədə də düşünməyə dəyər...