Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
Tarix: 10-09-2025 17:54 | Bölmə: Cəmiyyət
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib

Tərtər Rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri Tofiq Kərimov barəsindəki hökmdən protest verilib.

Məlumata görə, prokuror Tofiq Kərimova verilmiş ittihamların sanksiyası həddində cəza təyin edilməsini tələb edir.

Keçmiş məmur Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı külli miqdarda rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə yekun ittiham verilib. Bu maddələrin sanksiya həddində 12 ilə kimi həbs nəzərdə tutulub.

Gəncə Ağır Cinayətlər Məhkəməsi isə həmin ittihamları əsaslı hesab etməyib. T. Kərimova yalnız dələduzluq maddəsi ilə 2 il həbs cəzası təyin edilib. Həmin müddət də başa çatdığından o, məhkəmə zalından azadlığa buraxılıb.

Prokurorluq hazırda cəzadan narazıdır. İttiham tərəfi hesab edir ki, hökm kifayət qədər əsaslandırılmayıb, şəxsin islah olması üçün cəza təyin edilməyib. Bu səbəbdən Gəncə Apellyasiya Məhkəməsinə protest verilib.

Qeyd edək ki, daha əvvəl yayılmış rəsmi məlumata görə, Tofiq Kərimovun rayon ərazisində tikinti işlərinə icazə verilməsi müqabilində 33 min manat tələb etməsinə və bu məbləğin 25 min manatını almasına dair əsaslı şübhələr müəyyən edilib(qafqazinfo).

Reyting.az




Bölməyə aid digər xəbərlər
8-09-2025, 12:34 Sabah yağış yağacaq