Putinlə Makron Qarabağla bağlı müzakirə aparıblar
Tarix: 16-11-2020 17:40 | Bölmə: Gündəm
Putinlə Makron Qarabağla bağlı müzakirə aparıblar

Rusiya prezidenti Vladimir Putin və onun fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin verdiyi xəbərə görə, telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı müzakirə olunub.

V. Putin Rusiya tərəfindən qan tökülməsini dayandıran və yeni qurbanların olmasına imkan verməyən fəal vasitəçi səylər, eləcə də təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlılarının yerləşdirilməsi barədə E. Makrona məlumat verib.

Qeyd olunub ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bəyanatı icra olunur və regionda vəziyyət ümumilikdə sabitdir.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xətti ilə işin koordinasiyasına hazırlıqlarını bildirən liderlər qaçqınların daimi yaşayış yerlərinə qayıtması və əhalinin normal həyat şəraitinin təmin olunması, infrastrukturun bərpa olunması, xristian məbədləri və monastrlarının qorunub saxlanılması da daxil olmaqla, təxirəsalınmaz humanitar məsələlərin vacibliyinə diqqəti yönəldiblər.

V. Putin Dağlıq Qarabağda qurumlararası Humanitar Yardım Mərkəzinin yaradıldığını bildirib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər