Fransanın separatçıları dəstəkləməsinə qarşı etirazlar artır - Bəyanat
Tarix: 24-11-2020 13:38 | Bölmə: Gündəm
Fransanın separatçıları dəstəkləməsinə qarşı etirazlar artır

“Fransanın işğalçı Ermənistanı, Dağlıq Qarabağdakı terrorçu və separatçı qrupları dəstəkələməsini, o cümlədən Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı məsələni müzakirəyə çıxarmasını qətiyyətlə pisləyirik. Fransanın dövlət qurumları Türkiyəyə qarşı da qondarma “erməni soyqırımı” ilə bağlı bu cür məntiqsiz və əsassız qərarlar qəbul edib. Biz Fransanın bu qərəzli hərəkətlərini işğalçıya, terrorçuya, həmçinin erməni yalanlarına dəstək kimi dəyərləndiririk”.

Reyting.az
xəbər verir ki, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) Fransa rəhbərliyinin anti-Azərbaycan siyasətinə yönəlmiş bəyanatında yer alıb.

QAT-ın bəyanatında deyilir:

“Fransa rəhbərliyinə xatırladırıq ki, bu ölkənin vaxtilə apardığı təcavüzkar müharibələr, Birinci və İkinci dünya müharibələrinin törədilməsindəki cinayətkar iştirakları, Əlcəzairdə və digər yerlərdə törətdikləri soyqırım və kütləvi qırğınlar hər kəsə məlumdur. Fransa müstəmləkəçiliyin ən eybəcər formalarını tətbiq edib, bir çox Afrika, Asiya xalqlarının qanını sorub. Fransa bu gün də müstəmləkə siyasətinin qalıqlarını aradan qaldırmayıb, Korsika, Yeni Kaledoniya, Mayotta kimi əraziləri müstəmləkə olaraq əsarətdə saxlayır. Bu ərazidə yaşayan əhalinin uzun illər davam edən mübarizəsini 1998-1999-cu illərdə yalançı vədlərlə dayandırdılar. Onları 15-16 ildən sonra azad edəcəklərini vəd etdilər. Həmin vaxt çoxdan bitib. Amma o məsələnin üzərinə qayıtmayıblar”.

QAT bəyan edir ki, bu gün Makron başda olmaqla Fransa rəhbərliyi Azərbaycana qarşı qərəzli mövqe tutmaqdansa, diqqəti öz daxili probleminə, əsarətdə saxladığı xalqlara yönəltsə daha yaxşı olar.

“Biz Fransadan Azərbaycana qarşı qərəzli, ədalətsiz, əsassız siyasətinə son qoymasını, Dağlıq Qarabağdakı terrorçuları, separatçıları, işğlaçı Ermənistanı dəstəkləməməsini tələb edirik. Fransa bu yanlış siyasətindən geri çəkilməsə, çox tezliklə peşiman olacaq, onun Azərbaycanla münasibətlərinə yenidən baxılacaq, burada səfirliklərinin də fəaliyyətinə ehtiyac qalmayacaqdır”,- deyə bəyanatda bildirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər