21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Baş Prokurorun müavini həbs edilən yaralı qazi ilə bağlı protesti verib
Tarix: 13-02-2021 14:36 | Bölmə: Gündəm
Baş Prokurorun müavini həbs edilən yaralı qazi ilə bağlı protesti verib

Həbs edilən qazi ilə bağlı Baş Prokurorun müavini protesti verib.

 Baş Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə səhifələrində Vətən Müharibəsində döyüşərkən yaralanan qazi Aydın Ağazadənin məhkəmə iclas zalında həbs edilməsi ilə bağlı məlumatlar yayılıb:

"Müəyyən edilib ki, Cəlilabad rayon məhkəməsinin 2 fevral 2021-ci il tarixli hökmü ilə Aydın Ağazadə Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddələri daşıma), 177.2.1 (oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilərək 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyinin tapşırığı əsasında öyrənilərkən təqsirləndirilən şəxs Aydın Ağazadəyə elan edilmiş ittihamın məhkəmə istintaqı zamanı tam təsdiq edildiyi müəyyən edilmişdir.

Bununla belə, təqsirləndirilən şəxs Aydın Ağazadənin Vətən uğrunda gedən döyüşlərdə iştirakı, göstərdiyi şücaətə görə dövlət təltiflərinə layiq görülməsi yüngülləşdirici hal kimi nəzərə alınmaqla, A.Ağazadənin cəzasının yüngülləşdirilməsi məqsədilə Baş Prokurorun müavini tərəfindən 12 fevral 2021-ci il tarixdə apelyasiya protesti verilmişdir.

İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir".

Xatırladaq ki, həbs edilən qazinin anası oğlunun könüllü döyüşlərə getdiyini, 3 medal alaraq yaralı dönməsinə baxmayaraq, hakimin onun iclasa çağıraraq, elə həmin günü barəsində həbs qərarı verməsindən şikayətlənib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər