14:33 / 27-11-2024
Bakıda beynəlxalq oyun festivalı keçiriləcək
14:31 / 27-11-2024
Üçüncü Kəlağayı Festivalı keçirilib
14:21 / 27-11-2024
Milli Məclis jurnalistlərlə bağlı qanunu qəbul edib
14:16 / 27-11-2024
Spikerlə daha bir deputat arasında gərginlik yaranıb
14:12 / 27-11-2024
Məşhur aktyorun daha bir ideyası reallaşıb
13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
13:56 / 27-11-2024
Partiya sədri, deputat qızı və ailənin digər üzvləri məhkəməyə verilib
13:25 / 27-11-2024
Donald Tramp Kim Çen Inla görüşmək istəyir
13:14 / 27-11-2024
Yunanıstan “S-300”-ləri Ermənistana göndərir
13:02 / 27-11-2024
Yaşayış minimumu və ehtiyac meyarı müəyyənləşib
12:41 / 27-11-2024
DSMF-nin 2025-ci il üçün büdcə layihəsi qəbul olunub
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
12:24 / 27-11-2024
Ravvinin qətli: Türkiyə kəşfiyyatı 3 şübhəlini BƏƏ-yə təhvil verib
12:12 / 27-11-2024
Evlərini kirayəyə verənlər nə qədər vergi ödəyəcək? - Açıqlama
11:50 / 27-11-2024
Spiker deputatlara hirslənib: "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür"
11:48 / 27-11-2024
“AzNar” QSC cərimələnib
11:37 / 27-11-2024
Hakim partiya prezidentliyə namizədini açıqlayıb
11:13 / 27-11-2024
"Qurtuluş 93”ün rəhbərinə 12 il 8 ay həbs cəzası kəsilib
11:13 / 27-11-2024
Arıqlama dərmanları ölüm riskini azaldır
10:46 / 27-11-2024
Zümrüd Yağmur axtarışa verilib
10:42 / 27-11-2024
Naxçıvanda daha bir federasiya fəaliyyətini dayandırıb
10:30 / 27-11-2024
Çin Donald Trampı xəbərdar edib
10:19 / 27-11-2024
Britaniyadakı ABŞ bazaları üzərində naməlum PUA-lar uçur
10:14 / 27-11-2024
Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydası dəyişib
10:00 / 27-11-2024
QMİ sədri BMT-nin ali nümayəndəsi ilə görüşüb - Fotolar
09:46 / 27-11-2024
Rusiya Ukrayna ərazisindən Avropaya qaz nəqlini dayandıracaq
09:15 / 27-11-2024
Bakıda 21 yaşlı qız dəm qazından boğulub
08:59 / 27-11-2024
Sabirabaddakı yol qəzasında 3 nəfər həyatını itirib - (Yenilənib) - Fotolar
08:53 / 27-11-2024
Pilotsuz təyyarələr Kiyevə hücum edib
21:06 / 25-11-2024
Direktor və dəstəsi oğurluğa cəhd edərkən yaxalanıb - Fotolar
14:10 / 25-11-2024
Azərbaycanda yeni bələdiyyələr yaradılıb - Siyahı
18:00 / 25-11-2024
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib
22:10 / 25-11-2024
70 kq qızılla tutulan diplomat haqqında həbs qərarı verilib - (Yenilənib)
08:28 / 25-11-2024
COP29 - Dünyanı sevindirən 13 gün: nəticələr və perspektivlər
12:23 / 26-11-2024
Vəzifəli şəxslər həbs olunub
11:14 / 26-11-2024
Tramp üç ölkəyə xəbərdarlıq edib
15:30 / 22-11-2024
Nüvə müharibəsi ssenarisi - Təhlükədən qorunmaq üçün bunker sifariş edənlərin sayı artır
14:00 / 25-11-2024
Nazirlik Boradigah sakinlərinə müsbət cavab verib
00:05 / 23-11-2024
Sumqayıt-75: keçmişə baxış və inkişaf impulsları
22:45 / 25-11-2024
İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
Prezident qurultayda: “Bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq" - Tam mətn
Tarix: 05-03-2021 17:12 | Bölmə: Gündəm
Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib.
Reyting.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib.
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
Dövlət Himni səslənib.
Prezident İlham Əliyev: Hörmətli Yeni Azərbaycan Partiyasının üzvləri, ilk növbədə, xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.
Prezident İlham Əliyev: Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sonra dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda giriş nitqi söyləyib:
- Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik.
Mən son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq.
Ötən son 3 il ərzində prezident və parlament seçkiləri keçirilmişdir. Prezident və parlament seçkilərinin ölkəmizin müasir həyatında xüsusi yeri vardır. Xüsusilə nəzərə alsaq ki, prezident və parlament seçkilərində ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bizim təşəbbüslərimizin, islahatlarımızın böyük rolu vardır.
Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra olunur və biz ardıcıllıqla öz hədəflərimizə çatırıq. Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq.
Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır. Bu, istər-istəməz həmin ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir. Ona görə son vaxtlar bizim siyasətimizlə bağlı dünyada gedən düzgün təhlillər və bizim fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.
Biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik.
Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Burada, əlbəttə ki, onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Çünki mən bunu dəfələrlə demişəm və partiya üzvləri bunu yaxşı bilir, gənc nəsil də bilməlidir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində 1982-ci ildə isə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı və insanlar o dövrü xatırlayırlar. Bir də ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır.
Digər önəmli amil Heydər Əliyevin Naxçıvan dövrü ilə bağlıdır. Çünki o vaxt Naxçıvan həm Ermənistanın hücumlarına məruz qalırdı, eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Faktiki olaraq blokada şəraitində yaşayan respublika işıqsız, qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı. Ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər. Halbuki Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Heydər Əliyev və onun ətrafında birləşmiş insanlar Naxçıvanı qoruya bildilər, düşməni yerinə oturtdular və orada sərhəddə gedən şiddətli döyüşlərdə qalib gəldilər.
Eyni zamanda, müstəqilliklə bağlı Ulu Öndərin birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi. O vaxt Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzə-təzə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Belə olan vəziyyətdə hansı vətənpərvər insan müstəqilliyin əleyhinə səs verə bilər? Yəni, tam saxtalaşdırılmışdır. Ancaq Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi. Eyni zamanda, o vaxt Bakıda sovet Azərbaycanının bayrağı altında oturan rəhbərlik sanki o keçmişdən elə ikiəlli yapışmışdı ki, onu buraxmaq istəmirdi. Ancaq Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi bayraq kimi təsis edildi və Sovet İttifaqının dağılmasına hələ çox vaxt var idi.
Yəni, bütün bu faktorlar, bütün bu amillər Heydər Əliyevin xalq qarşısında olan hörmətini daha da artırmışdır.
Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt, yenə də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur. O günləri, o ayları təsəvvür etmək üçün, bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir. Faktiki olaraq onun əksidir, ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bax, bu, idi o vaxt gənc müstəqil Azərbaycanın mənzərəsi. Belə olan vəziyyətdə ölkə necə inkişaf edə bilərdi?! Bizim torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı qovulmuşdu, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı və gələcək üçün, bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas yox idi. Kim bu vəziyyəti dəyişdirəcəkdi? O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə gəlmiş təsadüfi adamlar eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlarla, elə bil ki, əkiz qardaşdırlar. Təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari, daha hansı epitet qaldı. İstənilən mənfi epitet bunlara yaraşır. Bax, bunlar idi o vaxt Azərbaycanı idarə edənlər.
Belə insanlara xalq tərəfindən inam ola bilərdimi? Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə part-nomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdür, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı. Bütün vəzifələrə rüşvət müqabilində insanlar təyin edilirdi, təsadüfi insanlar, küçədən keçənlər. Baxın, indi mən bunu dəfələrlə demişəm, kim idarə edirdi Azərbaycanı, hansı əxlaq, hansı bilik sahibləri.
Eynən 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş adamlar kimi, onlar da ölkəni dağıdırdılar və nəticə etibarı ilə bizi gətirib uçurum kənarına qoydular. Azərbaycan xalqı buna dözə bilərdimi? Əlbəttə ki, yox. Məhz bu idi Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurəti.
O vaxt cəsarət və milli düşüncə göstərmiş, baxmayaraq ki, repressiyalara məruz qalmış vətənpərvər insanlar – məşhur “91-lər” Ulu Öndərə müraciət ediblər. Bu, böyük cəsarət tələb edirdi. Çünki o vaxt qanun yox idi. Kim nə istəyirdi, onu edirdi. Hüquq-mühafizə orqanları insanları əsassız həbs edirdilər, döyürdülər, canlı efirdə döyürdülər, söyürdülər. Tamamilə anarxiya, xaos, özbaşınalıq hökm sürürdü. Kimi istəyirdilər öldürürdülər, şikəst edirdilər, həbs edirdilər. Bax, bu idi o vaxt mövcud olan mənzərə. Senzuranı tətbiq etmişdir, guya ki, demokratik Xalq Cəbhəsi. Senzura o vaxt onlar tərəfindən tətbiq edilmişdir. O vaxt onlara qarşı bir söz deyəni tutub əzirdilər, döyürdülər, öldürürdülər. Nə üçün bəs Yeni Azərbaycan Partiyasının təsis qurultayı Naxçıvanda keçirildi? Bakıda imkan vermədilər. Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər bu qurultay Bakıda keçirilsə bunların hakimiyyətinə son qoyulacaq. Çünki onlara xalq tərəfindən olan nifrət artıq bütün həddini keçmişdi.
Mən bu gün bir daha o vaxt bu milli maraqları hər şeydən üstün tutan “91-lər”i qeyd etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının veteranlar şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular.
Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı.
Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Halbuki 1991-ci ilin 18 oktyabrını biz Müstəqillik Günü kimi qeyd edirik. Ancaq hər kəs bilməlidir ki, o, bizdən asılı olan proseslər deyildi. Azərbaycan hətta gecikmişdi. Artıq bir çox keçmiş müttəfiq respublikalar öz müstəqilliyini elan etmişdilər. Sovet İttifaqı demək olar ki, dağılırdı. Artıq parçalanma prosesləri gedirdi. Nəyi gözləyirdilər 18 oktyabra qədər? Ondan əvvəl müstəqilliyi elan etmək olmazdımı? Əlbəttə, olardı. Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?
Əlbəttə ki, o dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalanmış olarıq. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.
Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur. Dövlətçiliyin əsasları qoyulmuşdur. 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. Nə üçün Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdir? Onların bir il vaxtı var idi. Nə üçün? Çünki onların da əli Azərbaycan xalqının qanına batmışdır. Onlar da 20 Yanvar faciəsini ört-basdır etmək istəyirdilər. Yalnız Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Konstitusiya yalnız Heydər Əliyevin dövründə qəbul edildi. Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura məhz onun göstərişi ilə onun tərəfindən ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Biz beynəlxalq təcriddən çıxdıq. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başlamışdır. Böyük investisiyalar cəlb edildi ölkəmizə. Ordu quruculuğuna start verildi. Bizim nizami ordumuz yox idi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün də ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər.
Təbii ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür. Çünki bu da təbiidir. Çünki hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.
Deyə bilərəm ki, 2003-2020-ci illər, əgər indi tarixə bu prizmadan yanaşsaq, bir hazırlıq dövrü idi. Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik. Nə qədər mənə qarşı təzyiqlər oldu buna görə. Nə qədər məni ittiham etdilər böyük ölkələrin nümayəndələri ki, İlham Əliyev sülh istəmir, müharibə istəyir, kimisə hədələyir. Müharibə mümkün deyil. Nə qədər siz də eşitmişiniz, Azərbaycan xalqı da eşidib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Ta adam qalmamışdı bunu deməsin. Mən buna razılıq verdimmi? Xeyr. Nə qədər məni, necə deyərlər, inandırmağa çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Mən buna razılıq verməmişdim. Ondan sonra məni ittiham etməyə başlamışdılar ki, əgər Prezident buna razılıq vermirsə, deməli müharibəyə hazırlaşır. Deyirdim, bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Demişdim ki, əgər məsələ həll olunmasa müharibə yolu ilə bunu həll edəcəyik. Açıq demişdim, bunu mən gizlətmirdim. Bu hazırlıq dövrü idi. İlk növbədə biz mənəvi cəhətdən hazır olmalı idik. Bütün başqa amillərlə bərabər, bax, bu amil həlledici rol oynamışdır. Müharibənin ilk günündən mənəvi üstünlük bizdə idi. Təkcə ona görə yox ki, biz haqlı idik, onlar nahaq. Erməni rəsmi təbliğatı erməni xalqının beynini elə zəhərləyib ki, onların bəlkə bir çoxları hesab edirdilər onlar haqlıdır ki, bizim torpaqlarımızı zəbt edirlər. Mən demişdim, onları müalicə etdirmək lazımdır. Onlar xəstələniblər, koronavirusdan da betər bir virus hopub bunların canına. O millətçi və irqçi, azərbaycanafob, islamafob erməni siyasətçiləri, bax, buna gətirib çıxardılar. Təkcə ona görə yox ki, biz haqlı idik. Biz mənəvi üstünlüyü ona görə əldə etdik ki, bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması.
Mən demək olar ki, bütün çıxışlarımda, beynəlxalq müstəvidə bütün tədbirlərdə bu məsələni dilə gətirirdim, münaqişəni dilə gətirirdim. Bilirdim ki, gənc nəslin tərbiyə edilməsində bu amil həlledici olacaq. Amma, baxın, görün, bizi nəyə sürükləyirdilər bəzi qeyri-hökumət təşkilatları, bəzi guya sülhsevər dairələr ki, gəlin, bax indi vətəndaş cəmiyyətinin nümayəndələri, digər nümayəndələr bir-biri ilə görüşsünlər, əməkdaşlıq olsun, Ermənistanla Azərbaycan əməkdaşlıq etsin. Mən bu sözləri ən böyük kürsülərdən, bir çox ikitərəfli görüşlərdə çox eşitmişdim ki, siz əməkdaşlıq etməlisiniz, əməkdaşlıq etsəniz, siz Qarabağda yaşayanları inandıra bilsəniz, Ermənistan əgər görsə ki, Azərbaycan xoşniyyət göstərir, onda məsələ həll olunacaq. Başımızı aldatmaq istəyirdilər.
Mən isə deyirdim ki, əməkdaşlıq ancaq o təqdirdə ola bilər ki, düşmən torpaqlarımızdan çıxsın. Bax, yenə də sözümə sadiqəm. İndi düşmən özü çıxmayıb biz onu rədd eləmişik, qovmuşuq, eyni zamanda, əməkdaşlığa hazırıq. Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri artıq neçə dəfə artıq görüşüblər. Nə barədə danışırlar? Əməkdaşlıq barəsində. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq. Amma o vaxt Ermənistanla əməkdaşlıq etmək bizim işimizə gələrdimi? Əlbəttə ki, yox. Nə qədər deyirdilər ki, qoy, vətəndaş cəmiyyətinin nümayəndələri gəlsinlər, görüşsünlər. Bir müddət belə görüşlər var idi. Amma biz gördük ki, burada əsas mahiyyət kənarda qalır. Sanki müharibə olmayıb. Xocalı soyqırımı olmayıb. Bizim qaçqınlarımız, köçkünlərimiz sanki öz torpaqlarından ermənilər tərəfindən qovulmayıb. Binalarımız, məscidlərimiz dağıdılmayıb. Biz bunu necə unuda bilərik? Nə qədər çalışdılar bizi inandırsınlar ki, neft kəmərlərimiz Ermənistan ərazisindən keçsin. Mən buna rədd cavabı verəndə ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maliyyələşməsini bir il yubatdılar. O vaxt biz kreditlərə möhtac idik. Aparıcı beynəlxalq maliyyə qurumları bir il kredit vermədilər ki, bizi məcbur etsinlər buna. Dedim ki, vermirlər, necə deyərlər, cəhənnəmə verməsinlər, özümüz vəsait taparıq.
Bax bu reallığı biz yaratmışıq və yenə də deyirəm, mənəvi hazırlıq həlledici rol oynamışdır. Gənc nəsil yetişdi, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Mən demişəm ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
Ondan sonra hansı hazırlıq işləri aparılmalı idi? Əlbəttə, iqtisadi hazırlıq. İqtisadi hazırlıq olmadan heç nəyi etmək mümkün deyil. Ermənistandan fərqli olaraq, Azərbaycana heç kim kömək etmirdi. Biz hər şeyi öz hesabımıza əldə etmişik. Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq, yalvarmamışıq, heç kimdən yardım istəməmişik. Ona görə iqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərt idi. Buna da nail olduq. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik - istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından. Yəni, biz istənilən meyar üzrə qabaqcıl yerlərdəyik və bu sahədə şəffaflığı təmin etdik. Mənə dünən məlumat verildi ki, çox mötəbər təşkilat tərəfindən dünyanın 60-dan artıq suveren fondlarının təhlili aparılıb və Azərbaycan Dövlət Neft Fondu bütün parametrlər, bütün meyarlar üzrə beşinci yerdədir. Mən demişəm bu siyahı dərc edilsin, hər kəs görsün ki, hansı ölkələrin suveren neft fondları, yaxud da ki, ehtiyat fondları orada göstərilir. Görün biz kimləri qabaqlamışıq? Davos İqtisadi Forumunun hesabatına baxın, biz iqtisadi inkişaf baxımından, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq. Kimsə bizə kömək edib? Yox. Bunu borca girib etmişik? Yox. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 18-19 faizini təşkil edir. Bir də ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5-6 dəfə çoxdur. Biz istəsək sabah, birisi gün, bir aydan sonra bütün xarici borcumuzu ödəyə bilərik. Yəni, bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq, əraziləri işğal olunmuş ölkə kimi qazanmışıq, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanmışıq. Bu, Vətən müharibəsi üçün iqtisadi sahədə, siyasi sahədə, daxili sabitlik sahəsində hazırlıq idi.
Baxın, indi Azərbaycana xaricdən nə qədər investisiyalar qoyulur. Bunun əsas amili daxili sabitlikdir. “Doing Business” proqramında, biz yaxşı yerlərdəyik. İndi bizim yerimizi də artırıblar və qabaqcıl ölkələr sırasındayıq. Ermənistana bir manat qoyan var? Yox. Adam gərək dəli olsun oraya pul qoysun. Heç xaricdə yaşayan ermənilər də pul qoymurlar. Nə üçün? Çünki hərc-mərclik var, aləm qarışıb, sabitlik yoxdur, lider yoxdur, etibar edə biləcəyi bir şəxs yoxdur ki, investor gəlsin desin, bəli, mən inanıram bu dövlətə, bu dövlət başçısına, mən vəsait qoyuram. Biz bu il təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiyaları bərpa olunan enerji növlərinə gətirmişik. Artıq bir müqavilə bağlanıb, bir müqavilə də bu ay, ya gələn ay bağlanacaq. Onlar özləri bunu təklif etmişdilər. Yeddi aparıcı şirkət bu layihələr uğrunda mübarizə aparırdı. Onlardan ikisi bizə ən sərf edən təkliflər irəli sürdü. Onlar 440 meqavat gücündə günəş və külək elektrik stansiyalarını öz vəsaiti hesabına inşa edəcək. Azərbaycanlılar həm inşaat dövründə orada işləyəcək, həm də istismar dövründə və bizə nə qədər xeyir gətirəcək. Azad edilmiş torpaqlara indi nə qədər təkliflər var? Biz indi onları cəmləşdiririk. Biz gərək onların arasında ən yaxşılarını seçək. İndi vəziyyət elə deyil ki, biz gedib kiminsə qapısını döyək, yaxud da, hansısa bankdan kredit istəyək. Mən, ümumiyyətlə, hökumətə xarici kreditləri götürməyi qadağan etmişəm. Biz ancaq yüksək texnoloji layihələrə kredit götürməliyik ki, oraya texnologiyalar gətiririk. Yoxsa yol çəkirik, asfalt bizim, bitum bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik? Yaxud da ki, buna oxşar layihələr. Bu proses davam etdirilir.
Ona görə daxili sabitlik əsas amildir. Azərbaycanda bu, var. Amma baxın görün, bizim bölgəmizdə bir çox yerlərdə bu varmı? Xeyr. Baxın görün, hansı proseslər gedir, hansı ixtilaflar cərəyan edir. Xaricdən gələnlər gəlirlər bəzilərini barışdırmağa. Bəs onda ölkədaxili proseslər nəyə lazımdır, əgər kimsə xaricdən gəlir kimisə barışdırmağa? Yaxud da ki, baxın Ermənistana, indi xaricdən yardım olmasa, birdəfəlik batacaq, birdəfəlik! Heç ümid yeri də yoxdur. İnkişaf üçün heç bir əsas yoxdur. Daxili sabitlik üçün heç bir əsas yoxdur. Bunlar heç dövlət çevrilişi də edə bilmirlər. Gah bunu ediblər, gah etməyiblər, heç özləri də bilmirlər. İndi ordu hakimiyyətə tabe olmur. Prezident deyir ki, mən siyasətlə məşğul olmuram, məni bu işlərə qatmayın, qoyun sakit oturum. Belə də biabırçılıq olar? Baş nazir, mən onun haqqında daha bir şey demək istəmirəm. Ona görə başqa yerlərə də baxın, mən postsovet məkanını deyirəm, başqa yerlərə. Ona görə daxili sabitlik olmalı idi. Nəyin hesabına? Siyasət hesabına, xalq-iqtidar birliyi hesabına. Zor gücü hesabına yox. Buna da biz nail olduq. Eyni zamanda, bu sahədə sosial təminat, sosial ədalət məsələləri önəmli rol oynamışdır.
Biz hazırlıq dövründə əlbəttə ki, beynəlxalq vəziyyəti də öz xeyrimizə çevirməli idik. Çünki 1990-cı illərdə bilmirəm nədənsə, yəqin ki, bu da 1990-cı illərin əvvəlindən Xalq Cəbhəsi-Müsavat dövründən gələn bir fəsaddır, çünki onlar bir il ərzində demək olar ki, bütün ölkələrlə münasibətləri yerə vurdular. Bəzi ölkələrə qarşı iddialar irəli sürdülər, bizi bəzi qonşularımızla düşmən etdilər. Onlar idi günahkar, bunu biz açıq bilirik, onlar idi günahkar. Özlərini necə deyərlər, əlaltı kimi aparmaqla hesab edirdilər ki, özləri üçün bir sığınacaq yeri tapa bilərlər. Ona görə biz bu yaranmış stereotipləri dağıtmalı idik. Nə üçün hesab olunmalıdır ki, hansısa ölkə Ermənistanla yaxın münasibətlərdədir, Azərbaycanla yox. Nə üçün? Dedim ki, baxaq görək nədir bunun əsasında, bir fundamental məsələ var, bir fundamental ixtilaf var? Yoxdur. Sadəcə olaraq, ambisiyalar, səriştəsizlik, ağılsızlıq və xaricdən idarə olunma. O siqnalları xaricdən alırdılar ki, bu ölkə ilə yaxınlaşma, bu ölkə ilə yaxınlaşmaq olmaz, bu ölkədən uzaq dur. Beləliklə, yaşadığımız bölgədə Xalq Cəbhəsi-Müsavat cütlüyü bizi təcrid etdi. Biz təcrid edilmiş vəziyyətdə idik, Ermənistan yox. Amma biz nəyə gətirib çıxartdıq? İndi Ermənistan təcrid edilmiş vəziyyətdədir, biz isə bütün qonşularla çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurduq və bu da bir hazırlıq idi. Mən bunu açıq demək istəyirəm, əgər bu sahədə hazırlıq işləri aparılmasaydı, İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi. Ermənistan isə özünü təcrid etdi. Yəni, biz onları regional layihələrdən, neft-qaz layihələrindən təcrid etdik, onların iqtisadiyyatını çökdürdük və bunu qürur hissi ilə deyə bilərik, bunu hər bir müstəqil iqtisadi ekspert deyə bilər ki, bunun əsas amili bizik, Ermənistanı qeyri-müəyyən, qeyri-sabit və gələcəyi olmayan ölkə kimi təqdim etdik. İqtisadi çətinliklər artdıqca oradan köç daha da geniş vüsət almışdır. Demoqrafik problemlər yarandı və bu, özlüyündə iqtisadi bazarın daralmasına gətirib çıxardı. İqtisadi bazar dar olanda heç kim investisiya qoymayacaq. Orada nəyə investisiya qoyacaq, əgər orada adam yoxdursa, pul yoxdursa? Sən bu investisiyanın gərək sonra pulunu çıxarasan, gərək bazar olsun investisiyaların pulunu çıxarmaq üçün. Bizdə isə əksinə. İnvestisiyalar böyük axınla gəlirdi, əhali artırdı, 10 milyona çatmışıq və baxın sovet dövründə bizim əhalimiz 7 milyon idi, Ermənistan əhalisi 3,5 milyon. İndi Ermənistan əhalisi 1,8, bizim əhalimiz isə 10 milyondur.
Beynəlxalq məsələlərə gəldikdə, bir daha demək istəyirəm ki, biz köklü surətdə bölgəmizdə vəziyyəti dəyişdirə bildik. Mən xarici siyasətlə bağlı çıxışlarımda demişdim ki, prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Amma bununla bərabər, biz bütün başqa ölkələrlə də münasibətlər qurduq. Bu gün bir ölkə yoxdur ki, bizim o ölkə ilə hansısa problemimiz olsun. Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Mən indi heç kimin haqqında danışmaq istəmirəm, amma bunu deməliyəm. “Şərq tərəfdaşlığı” ölkələrindən hansı bir ölkə Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb? Yox. Onlar assosiasiya sazişi imzalayıblar, o sazişə də mən baxmışam. O, faktiki olaraq saziş deyil, o, təlimat kitabçasıdır, bilirsiniz, təlimat kitabçası. O ölkələrə təlimat verilir, bunu belə etməlisən, bunu elə etməlisən. Mən isə ondan imtina etdim. Dedim ki, bizə belə təlimat lazım deyil. Biz özümüz bilirik nə etmək lazımdır. Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb. Əlbəttə ki, pandemiya və müharibə bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək. Ona görə biz bu sahədə də uğurlar əldə etdik. Ona görə bizim digər ölkələrlə xarici siyasətimiz çoxşaxəlidir.
Beynəlxalq təşkilatlarda nə qədər fəal iş apardıq. Bəziləri hesab edirdi ki, bu işlər əbəsdir. Yox, elə deyil. Biz İkinci Qarabağ müharibəsi üçün hüquqi bazanı daha da möhkəmləndirməli idik. 2005-ci ilə qədər bizim üçün əsas hüquqi baza ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələri idi. Əlbəttə ki, bunlar çox önəmli qətnamələrdir, amma onlar icra edilmirdi, biz onları icra etdik. Amma 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası uzun müzakirələrdən sonra apardığımız iş nəticəsində bizi qane edən qətnamə qəbul etdi. Əlbəttə, Avropa Şurası Parlament Assambleyası Qarabağ məsələsini həll edən qurum deyil, ancaq onun qətnaməsi hüquqi baza idi. O biri təşkilatlar da buna baxıb, artıq gördülər ki, bəli, orada əgər bu, qəbul olunubsa, deməli, başqa yerlərdə də qəbul oluna bilər. BMT Baş Assambleyası buna oxşar qərar, qətnamələr qəbul etmişdir. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri. Bu, hüquqi bazadır. Bunun nəticəsində biz Avropa İttifaqı ilə bir neçə il bundan əvvəl imzaladığımız “Tərəfdaşlıq prioritetləri” sənədinə, yəni, paraflanmış sənədə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına hörmət prinsipi əks etdirən müddəa saldıra bilmişik. Mən Avropa Komissiyası ilə 2004-cü ildən bu məsələni daim müzakirə edirəm. Ona deyirəm ki, necə olar bilər, siz Gürcüstanın, Moldovanın ərazi bütövlüyünü dəstəkləyirsiniz, bunu ikitərəfli sənədlərdə, hansısa bəyanatlarda əks etdirirsiniz, bizə gəldikdə, deyirsiniz ki, sülh yolu ilə həll olunsun. Bu, ədalətsizlikdir. Bu, nə qədər davam edə bilər? Mən Avropa Komissiyasının prezidentlərinin bir neçəsi ilə işləmişəm və hər dəfə bunu demişəm və nəhayət, buna nail olduq. Bu, nədir? Bu, hüquqi bazadır. Müharibə başlayanda kim deyə bilərdi ki, Azərbaycan haqsızdır? Biz öz torpağımızdayıq. Mən bəyanatlar vermişdim ki, bizim Ermənistan ərazisi ilə işimiz yoxdur, Ermənistan sərhədini biz keçməyəcəyik və keçmədik. Ona görə bax bu hüquqi baza lazım idi. Ondan sonra Qoşulmama Hərəkatına üzv olduq. Bəzi dırnaqarası siyasətçilər ağızlarını büzdülər ki, nahaq. Qoşulmama Hərəkatı üzvlərinin sayına görə ikinci təsisatdır. Bizə qarşı müharibə dövründə BMT Təhlükəsizlik Şurasında çirkin kampaniya aparılan zaman qətnamə hazırlanırdı. Kim onu pozdu? Qoşulmama Hərəkatına üzv ölkələr, onlar bizi müdafiə etdilər. Bizim bu təşkilata rəhbərlik etməyimiz formal rəhbərlik deyil. Biz bu təşkilat üzvlərini müdafiə edirik, biz onlara kömək göstəririk, biz COVID-lə bağlı onlara yardım etmişik, biz heç kimdən çəkinmədən onların haqq səsini müdafiə edirik. Onlar da bizi müdafiə etdilər. Beləliklə, bu qətnamə qəbul edilmədi. O, qəbul edilsəydi də bizi dayandırmazdı. Heç nə və heç kim bizi dayandıra bilməzdi. Mən demişdim, ancaq Ermənistan baş naziri özü gərək bizə erməni qoşunlarının çıxarılmasının tarixini versin, ondan sonra biz dayanırıq. Amma bizə başağrısı gətirə bilərdi. Ona görə biz indi orada da etibarlı tərəfdaş kimi fəaliyyət göstəririk. BMT-nin xüsusi sessiyasını biz çağırdıq. Buna da müqavimət var idi və mən bu barədə indi deyə bilərəm, qoy insanlar da bilsinlər. Biz COVID-lə bağlı Qoşulmama Hərəkatının Zirvə görüşünü, Türk Şurasının Zirvə görüşünü keçirdik və BMT xüsusi sessiyasının keçirilməsi haqqında müraciət etdik. Amma bir neçə ay razılaşmalar gedirdi, dəqiqləşmələr gedirdi. Nəhayət, keçən ilin dekabrında bunu da keçirdik. Bu da beynəlxalq müstəvidə hazırlıq idi.
Əlbəttə ki, ordu quruculuğu hazırlığı da əsas məsələlərdən biri idi və bizim şanlı Qələbəmiz hər şeyi özü deyir. Bu haqda çox danışmaq istəməzdim. Bir daha demək istəyirəm ki, bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi – 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlər boyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq qələbə və mütləq qələbə olmamışdır.
İndi biz yeni dövrə qədəm qoyuruq. Bu dövrlə bağlı mən bundan sonra da öz fikirlərimi bildirəcəyəm. Çünki konseptual nöqteyi-nəzərdən bütün baxışlar yerindədir. Hər şeyi açıq-aydın görürük. Amma, əlbəttə ki, həyat və xüsusilə Qarabağın bərpası ilə bağlı məsələlər bizim planlarımıza müxtəlif korrektələr edəcək. Bu da təbiidir. Ancaq konseptual nöqteyi-nəzərdən gələcəklə bağlı bəzi fikirlərimi bölüşmək istərdim.
Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar arasında, - bir siyasi, özünü siyasi qurum adlandıran antimilli şuranı əgər biz istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub. Bunu mən tam əminliklə deyə bilərəm və heç bir kənar müdaxilə olmadan. Çünki mənim yadımdadır, 90-cı illərdə, hətta indi mənim dövrümdə də bəziləri xaricdən gəlirdilər ki, burada siyasi dialoqu bunlar bizim üçün təşkil etsinlər. Bu, bizim üçün təhqir idi. Siz kimsiniz, gedin öz işinizlə məşğul olun. Sizin ölkənizdə indi siyasi dialoqa daha böyük ehtiyac var nəinki Azərbaycanda. Bir-birini indi didirlər, necə deyərlər, başqa məsələnin mövzusudur. Ancaq biz buna nail olduq. Qısa müddət ərzində yenə də sadəcə olaraq baxdıq ki, hansı fundamental ziddiyyətlər var. Harada biz, necə deyərlər, bir-birimizlə razılığa gələ bilmirik. Belə qərara gəldik ki, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir, necə deyərlər, fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna necə deyərlər fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur. Antimilli ünsürlərlə əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar. Onların emissarları xarici paytaxtlarda oturublar. Oradan pul alırlar bura göndərirlər, camaatı çaşdırmaq üçün, onlar bizim şanlı Qələbəmizə kölgə salmaq istəyirlər. Onlar Paşinyanı bizə nümunə gətirirdilər, onu təmiz adam adlandırırdılar, onu demokrat adlandırırdılar. Deyirdilər ki, kaş ki, Azərbaycanda da belə bir lider olaydı. Həmin bu demokrat bütün müxalifəti həbs etdirdi. Əgər 27-si sentyabrda müharibə başlamasaydı o, onları heç buraxmazdı. Əsas müxalifət partiyasının liderini müharibədən bir neçə gün əvvəl həbs etdi. Cinayət işləri. İndi özünü orada bir müxalifət lideri adlandıran bir adam var, o da keçmişdən qalan naftalindən çıxarıblar onu, onu da indi çağırıblar, ona da ölkədən çıxmağa qadağa qoyublar. Budurmu demokratiya? İndi Qərb buna göz yumur o öz yerində. Qərb artıq bu demokratiya məsələləri ilə bağlı özünü tam ifşa edib. Yəni, artıq heç bir ikinci fikir ola bilməz. Ona göz yumur, o təbiidir. Amma bizim bu dırnaqarası “demokratlar” indi niyə susurlar? İndi niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır. Gəlsin desin. Öz zibilini yalasın. Adam qalmayıb Ermənistanda ki, onu lağa qoymasın. Hansısa adlar veriblər indi özləri bilərlər. Bunu bizə nümunə gətirirdilər. Nə üçün? Çünki oradan, mərkəzdən, onların mərkəzindən təlimat almışdılar. Məqsəd nə idi? Məqsəd Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, çirkin uydurmalar, iftiralar, yalançı məqalələr yazdırmaq - hamısı bizim gözümüzün qabağındadır. Biz bunları unutmamışıq. Bizi əsas vəzifəmizdən çəkindirmək ki, başımız qarışsın, başımız qarışsın daxili çəkişmələrə, başımız qarışsın bax bu əsassız ittihamları yalanlamağa, əsas vəzifədən bizi çəkindirsin ki, işğal edilmiş torpaqlar əbədi ermənilərin əlində olsun. Bu idi məqsəd. Bu gün antimilli şurada cəmləşən milli satqınlar da bu məqsədi güdür. Bizim şanlı ordumuzun Qələbəsinə kölgə salmaq istəyənlər də bu məqsədi güdür. Onlar kimi iyrənc bəlkə də Azərbaycan tarixində insanlar olmayıb. Amma bütün digər siyasi qurumlarla biz əməkdaşlıq edirik və edəcəyik.
İqtisadi sahəyə gəldikdə, burada da yeni dövr artıq göz qabağındadır. Bu, şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisarlara son dövrüdür. Artıq bunu biz dəfələrlə nümayiş etdirmişik. Bu ilin iki ayının nəticələri bir daha onu göstərir. Bu ilin iki ayında bizim gəlirlərimiz proqnozdan əlavə haradasa 200, ya 300 milyon, 300 milyon artım olub. Bunun böyük hissəsi vergi orqanlarının hesabınadır. Bir hissəsi də gömrük orqanlarının hesabınadır. Nəyin hesabına? Vergitutma bazası genişlənir, kölgədən biznes çıxır. Sahibkarlara düzgün istiqamət verilir. Davranış qaydaları müəyyəndir. Bunu camaat da görür, sahibkarlar da görür. Beləliklə, hətta böhranlı pandemiya dövründə biz indi maliyyə baxımdan çox özümüzü rahat hiss edirik, büdcənin icrası ilə heç bir problem görmürük. Əksinə biz böyük bərpa işlərini başlamışıq Qarabağda. Bütün bunlar vəsait tələb edir. Ona görə iqtisadi sahədə əsas məsələ budur. Özəl sahibkarlığın inkişafı, o cümlədən azad edilmiş torpaqlarda bütün işlərin planlı şəkildə aparılması, investisiyalar üçün imtiyazların müəyyən edilməsi bu təlimat da verilib. Əminəm ki, xarici investorlar azad edilmiş torpaqlara böyük həvəslə gələcəklər.
Xarici siyasətlə bağlı kursumuz dəyişməz olaraq qalır. Müharibə dövründə və müharibədən sonrakı dövr bir də onu göstərdi ki, bu çox düzgün kurs idi. Müharibə dövründə bəzi ölkələr bizə qarşı müəyyən iradlar irəli sürdülər. Amma mənim cavabım da nə oldu. Azərbaycan xalqı bunu bildi. Artıq bu iradlar da yoxdur. Arıq bu əsassız ittihamlar da aradan qaldırılıb. Hətta müharibə dövründə hesab edirəm ki, ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır. Yəni ki, onlar tərəfindən belə bir təklif irəli sürüldü, biz də bunu qəbul etdik. Biz indi anlayırıq ki, bəzi daxili səbəblər ola bilər. Bəzi indi yalan məlumatlar ola bilərdi. Hər halda biz maraqlı deyilik ki, bu məsələni uzadaq. Mən demişəm hətta Ermənistanla biz bu səhifəni bağlamalıyıq, vəssalam, qurtardı getdi. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Heç vaxt şəhidlərimizin qəhrəmanlığını unutmayacağıq. Amma biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldıq. Düşməndən qisasımızı aldıq döyüş meydanında. Xalqımızın böyüklüyünü bir daha göstərmək üçün hesab edirəm ki, əldə edilmiş qələbə tam bizi qane edir. Biz bundan sonra belə yaşamalıyıq. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qisasımızı aldıq, düşməni cəzalandırdıq. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra bu məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq.
Ona görə xarici siyasətlə bağlı biz əməkdaşlığa hazırıq. Biz çox ölkələr indi bərpa işlərində Qarabağda maraq göstərirlər. Onları da biz dəvət etmişik. Xarici siyasət dəyişməz olaraq qalacaq. Bu gün Azərbaycan nəinki siyasi müstəvidə özünü təsdiqlədi. Qoşulmama Hərəkatının məsuliyyətli sədri kimi özünü göstərdi, eyni zamanda, öz haqlarını özü müdafiə edə bilən ölkə kimi özünü göstərdi. Döyüş meydanında da, siyasi meydanda da qələbə qazandıq. Müharibədən sonra nə qədər çalışsa Ermənistan öz istəyinə nail ola bilmədi. İndi bəzi ölkələrin bələdiyyələri hansısa isə qərar qəbul edirlər. Bunlar ümumiyyətlə əhəmiyyətli deyil. Onların heç adı heç bir siyahıda yoxdur. O bizi maraqlandırmır. Hətta bəzi parlamentlərin qərarları qəbul edilir. Ancaq nəyi biz görürük? Bizim də təbii ki, haqlı iradlarımız var. O ölkələrin rəsmi şəxsləri ya xarici işlər nazirləri, ya digər nazirlər deyirlər ki, bunu etməyin. Bu deməli qəbul edilməzdir. Yəni heç bir ölkə ilə. Bir ölkə mənə məlumat verildi. Lüksemburq. Onun xarici işlər naziri hansısa bir qəbul edilməz ifadə işlətdi. Özü də mən başa düşmürəm. Lüksemburqun bizə nə daxili var. Lüksemburq ümumiyyətlə bu bölgədən uzaq olan bir ölkədir. Dünya miqyasında o qədər də böyük yumşaq desək siyasi çəkiyə malik olan ölkə deyil ki, onun xarici işlər naziri bizə irad tutsun. Ondan başqa belə bir qəbuledilməz ifadələr olmamışdır. Ona görə müharibədən sonrakı dövr də bizim xarici siyasimizin uğurlu olmasını bir daha göstərir.
Əlbəttə ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir. Amma, eyni zamanda, təcrübədir. Ali Baş Komandan bütün işlərə rəhbərlik edən şəxs kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də hardadır. Onları biz hətta müharibə dövründə o zəif yerləri düzəltdik. Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq, olmalıdır. Göstərişlər verildi ki, daha müasir ordu yaradaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz yəqin ki, elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.
Mən bu gün bax bu qarşıda duran bəzi vəzifələrlə öz fikirlərimi həm partiya üzvləri ilə, həm Azərbaycan xalqı ilə bölüşməklə əlbəttə ki, bütün siyasi qüvvələri, bütün ictimaiyyəti geniş diskussiyaya çağırıram. Buna ehtiyac var. Çünki bir də demək istəyirəm ki, biz yeni dövrə qədəm qoyduq. Tamamilə yeni geosiyasi vəziyyətdir və bölgədə və ölkəmizdə. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daima biz qələbə qazanaq. Daima Azərbaycan bayrağı yüksəklərdə olsun.
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:14
Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydası dəyişib
Dünən, 18:02
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
25-11-2024, 19:04
Nazirlər Kabineti Səhiyyə Nazirliyi barədə qərar verib
25-11-2024, 15:53
Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - Video
25-11-2024, 14:21
İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edib
25-11-2024, 12:51
Azərbaycan və İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə təlimi keçirilir - Fotolar
25-11-2024, 12:27
İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25-11-2024, 10:06
Meşə təsərrüfatına dəyən zərər və itkilərin ödənilməsi qaydası dəyişib
25-11-2024, 09:39
Prezident Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25-11-2024, 00:01
Bu gün Kəlbəcər Şəhəri Günüdür
23-11-2024, 17:57
Prezident Su Təchizatı Xidmətinin fəaliyyət sahəsini genişləndirib
23-11-2024, 16:11
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
23-11-2024, 16:02
Milli Müdafiə Universiteti ilə bağlı daha bir qərar imzalanıb
23-11-2024, 15:45
Nazirlər Kabineti daha bir qərar verib
23-11-2024, 14:31
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
22-11-2024, 16:50
İlham Əliyev: "ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib"
22-11-2024, 15:25
Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
22-11-2024, 11:54
“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
21-11-2024, 19:12
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
21-11-2024, 16:32
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
21-11-2024, 16:23
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
21-11-2024, 12:13
Kərim Vəliyev pakistanlı komandanla görüşüb
20-11-2024, 23:09
Prezident Ağdam şəhəri ilə bağlı paylaşım edib
20-11-2024, 18:07
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
20-11-2024, 17:44
Əli Əsədov iranlı nazirlə müzakirə aparıb
20-11-2024, 09:46
Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyektini ziyarət edib - Fotolar
20-11-2024, 09:26
COP29: çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılış olub
19-11-2024, 16:13
Azərbaycan və İran arasında hərbi əməkdaşlığa dair protokol imzalanıb
19-11-2024, 15:41
Azərbaycanın Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir - Fotolar
18-11-2024, 15:29
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
18-11-2024, 15:16
Prezident qanunu təsdiqləyib - Dəyişiklik
18-11-2024, 15:13
İlham Əliyev baş konsul təyin edib
18-11-2024, 14:43
COP29-da Həmsədrlər Koalisiyası yaradıla bilər
18-11-2024, 13:16
İlham Əliyev Surangel Uipps ilə görüşüb - Fotolar
18-11-2024, 12:30
İlham Əliyev Millətlər Birliyi Təşkilatının Baş katibi ilə görüşüb
18-11-2024, 11:00
İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
18-11-2024, 10:05
COP29: Xəzər dənizinin ekoloji vəziyyəti müzakirə olunub
17-11-2024, 18:04
İlham Əliyev federasiya prezidentlərini qəbul edib
17-11-2024, 09:24
"Barselona" klubunun prezidenti Zəfər parkını ziyarət edib
17-11-2024, 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
16-11-2024, 22:38
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlib - Fotolar
16-11-2024, 14:25
Kosmik agentlik rəhbərlərinin Bakı bəyannaməsi qəbul edilib