Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib
Tarix: 24-06-2021 13:52 | Bölmə: Gündəm
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Reyting.az
xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, eləcə də Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

Azad edilmiş torpaqlarda mina və partlamamış hərbi sursatların təmizlənməsi istiqamətində görülən işlərin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə məsələləri üzrə İşçi Qrupunda işğaldan azad edilmiş ərazilərdə təmizləmə fəaliyyəti üzrə hesabatlar dinlənilib, hesabatlarda əksini tapmış məsələlər müzakirə olunub.

Müəyyənləşdirilən prioritetlərə əsasən infrastruktur, nəqliyyat, həmçinin əkin sahələrinin minalardan təmizlənməsi işləri barədə məlumatlar verilib.

İşçi Qrupun iclasında minatəmizləmə fəaliyyətinin əsas meyarlarından biri olan mina və partlamamış sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində fəaliyyət, mina qurbanları riskinin qarşısının alınması məqsədilə qeyri-hökumət təşkilatlarının maarifləndirmə işlərinin aparılmasına cəlb edilməsi və bu sahəyə dair Maarifləndirmə və Təlim proqramı hazırlanmaqla “Train-the-trainer” proqramının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Eləcə də, dövlət strukturlarının bu sahədə fəaliyyətinin media vasitəsilə ictimaiyyətə çatdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün kütləvi xəbərdaredici və maarifləndirici təbliğatın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər