00:05 / 28-11-2024
Myanmanın prezidenti həbs təhlükəsiylə üzləşib
23:27 / 27-11-2024
Zelenski NATO Baş katibi ilə müzakrə aparıb
22:45 / 27-11-2024
Tovuzda ağır qəza: 5 hərbçi həyatını itirib - (Yenilənib)
21:52 / 27-11-2024
"Avroviziya 2025"-lə bağlı problem həllini tapıb
21:24 / 27-11-2024
Daha bir tiktoker həbs edilib
20:58 / 27-11-2024
Səkkiz vəkil hakim təyin olunub
18:20 / 27-11-2024
Azərbaycanın 37 vətəndaşı Almaniyadan geri qaytarılıb
18:01 / 27-11-2024
Bələdiyyə seçkilərinin yekunları fevralın 26-dək elan ediləcək
17:50 / 27-11-2024
Nazirlikdə 24 milyonluq mənimsəmə: nələr açılır? - Məhkəmə prosesi
17:42 / 27-11-2024
Polşa prezidentinin Azərbaycanla sərhədə gəlməsi etirazla qarşılanır
17:31 / 27-11-2024
Azərbaycan ərazisində yenidən zəlzələ olub
17:23 / 27-11-2024
Bələdiyyə seçkiləri: namizədlərin qeydə alınması nə vaxt başlayacaq?
17:09 / 27-11-2024
Bələdiyyə seçkiləri: müşahidəçilərlə bağlı qərar verilib
16:42 / 27-11-2024
MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar işçi qrupu yaradılıb
16:39 / 27-11-2024
Bərdədə bank əməkdaşı həbs olunub
16:22 / 27-11-2024
Bələdiyyə seçkilərinin keçiriləcəyi tarix açıqlanıb
16:19 / 27-11-2024
Kuleba: “Ruslar Dnepr, Poltava və Zaporojyedə peyda olacaq”
16:05 / 27-11-2024
Canavar hücumları kəndin boşalmasına səbəb olub - Foto
15:51 / 27-11-2024
Ən çox axtarılan cinayətkar 21 ildən sonra saxlanılıb
15:44 / 27-11-2024
Bu sahələrdə işləyənlər vergidən azad olunur - Siyahı
15:42 / 27-11-2024
Müəllimlər İnstitutunun rektoru vəzifədən kənarlaşdırılıb
15:36 / 27-11-2024
Prezident Milli Konservatoriyaya rektor təyin edib - Sərəncam
15:05 / 27-11-2024
Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayır
15:01 / 27-11-2024
Növbəti iki gündə yağış yağacaq - Xəbərdarlıq
14:46 / 27-11-2024
Elm və Təhsil Nazirliyində 18 milyonluq iki şübhəli tender keçirilib
14:42 / 27-11-2024
Milli Məclisə yeni avtomobillər alınıb
14:33 / 27-11-2024
Bakıda beynəlxalq oyun festivalı keçiriləcək
14:31 / 27-11-2024
Üçüncü Kəlağayı Festivalı keçirilib
14:21 / 27-11-2024
Milli Məclis jurnalistlərlə bağlı qanunu qəbul edib
14:16 / 27-11-2024
Spikerlə daha bir deputat arasında gərginlik yaranıb
21:06 / 25-11-2024
Direktor və dəstəsi oğurluğa cəhd edərkən yaxalanıb - Fotolar
14:10 / 25-11-2024
Azərbaycanda yeni bələdiyyələr yaradılıb - Siyahı
22:10 / 25-11-2024
70 kq qızılla tutulan diplomat haqqında həbs qərarı verilib - (Yenilənib)
18:00 / 25-11-2024
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib
22:45 / 27-11-2024
Tovuzda ağır qəza: 5 hərbçi həyatını itirib - (Yenilənib)
08:28 / 25-11-2024
COP29 - Dünyanı sevindirən 13 gün: nəticələr və perspektivlər
13:56 / 27-11-2024
Partiya sədri, deputat qızı və ailənin digər üzvləri məhkəməyə verilib
12:23 / 26-11-2024
Vəzifəli şəxslər həbs olunub
11:14 / 26-11-2024
Tramp üç ölkəyə xəbərdarlıq edib
14:00 / 25-11-2024
Nazirlik Boradigah sakinlərinə müsbət cavab verib
22:45 / 25-11-2024
İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
Prezident Ordunun şəxsi heyətinin bir qrupu ilə görüşdə: "Heç kim bizi dayandıra bilməz" - Çıxışın tam mətni (Fotolar)
Tarix: 26-06-2021 17:46 | Bölmə: Gündəm
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb.
Reyting.az xəbər verir ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı görüşdə nitq söyləyb:
- Əziz hərbçilər.
Mən sizi və bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm. Xahiş edirəm ki, görüşümüzün əvvəlində Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əyləşin.
Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Dəfələrlə demişdim ki, bizim şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi.
İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir.
Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.
Biz bu günü yaxınlaşdırmaq üçün hazırlaşırdıq. Mən öz çıxışlarımda dəfələrlə demişdim ki, hər gün biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırdıq. Görəndə ki, dünyada beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozulur, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmur, işğalçı Ermənistan daha da azğınlaşır, bizim torpağımızdan çıxmaq istəmir, əlbəttə, biz daha ciddi hazırlaşmalı idik. Bu hazırlıq hərtərəfli olmalı idi. Bu hazırlıq işlərinə biz vahid konsepsiya çərçivəsində yaxınlaşırdıq və bunu müəyyən edirdik.
Əlbəttə ki, Birinci Qarabağ müharibəsi bizim üçün böyük faciə idi, milli faciə idi. Eyni zamanda, bu, böyük humanitar fəlakətə gətirib çıxardı. Çünki o vaxt Azərbaycan əhalisinin sayı səkkiz milyon idi, onlardan bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdur. Bizim iqtisadiyyatımız demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi. Bu böyük humanitar fəlakət, əlbəttə ki, ölkəmizi uçurum kənarına qoymuşdu.
Azərbaycan xalqı o ağır günlərdə müdriklik göstərərək Heydər Əliyevə üz tutdu, onu hakimiyyətə dəvət etdi. O, hakimiyyətə gələndən sonra Azərbaycanda işlər müsbət istiqamətdə getməyə başlamışdır. O cümlədən ordu quruculuğu sahəsində böyük islahatlar aparılmışdır. Nizami ordu quruculuğu məhz o illərdə başlamışdır.
Bir daha demək istəyirəm ki, bizim hazırlığımız hərtərəfli olmalı idi. Çünki biz, ilk növbədə, beynəlxalq müstəvidə uğur qazanmalı idik və buna nail olduq. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Mən bu barədə müharibədən əvvəl dəfələrlə öz fikirlərimi bildirirdim və vətəndaşlara bu fikri çatdırmağa çalışırdım ki, bu, münaqişənin həlli üçün əsas amillərdən biridir. Çünki biz sübut etməli idik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz sübut etməli idik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nə üçün sübut etməli idik? Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Əfsuslar olsun ki, ermənipərəst qüvvələr, Ermənistanın xaricdəki havadarları bu saxta reallığı gerçəyə çevirməyə çalışırdılar. Bizim isə imkanlarımız çox məhdud idi. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər. Bu, məsələnin beynəlxalq tərəfi idi.
Eyni zamanda, biz ikitərəfli formatda əlaqələrimizi gücləndirməli idik. Baxın, görün, son illər ərzində bizim dostlarımızın sayı nə qədər artıb. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Ermənistan demək olar ki, tamamilə təcrid edilmiş vəziyyətdə idi. Bəzi ermənipərəst xarici dairələrin çıxışlarını, bəyanatlarını mən indi kənara qoyuram. Amma bizim yorulmaz fəaliyyətimiz nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür var idi. O cümlədən ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Qardaş ölkələr - Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından bizə öz dəstəyini göstərirdi. Bu, əyani şəkildə onu göstərir ki, bizim nə qədər güclü beynəlxalq dəstəyimiz vardır. Ermənistanı kim dəstəklədi? Biz onu yaxşı bilirik və o ölkələrin adlarını bugünkü mərasimdə çəkmək yersizdir. Ancaq o bəyanatlar nəyi dəyişdi? Heç nəyi. Çünki biz ortalığa beynəlxalq hüquq qoymuşuq, ədalət qoymuşuq, güc qoymuşuq.
Mən dəfələrlə deyirdim ki, beynəlxalq hüquq normaları işləmir. Dəfələrlə deyirdim ki, böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Biz gördük ki, beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər və heç bir icra mexanizmi yoxdur. Əlbəttə ki, güc amili ön plana çıxmışdı. Müharibədən bir neçə il əvvəl mən bunu öz çıxışlarımda açıq deyirdim: biz güc toplamalıyıq və bu məsələ güc hesabına öz həllini tapacaq.
Bununla paralel olaraq biz iqtisadi güc toplamalı idik. Bizim hazırlıq işlərimizdə bu amil deyə bilərəm ki, aparıcı rol oynamışdır. Çünki açıq-aydın dərk edirdik ki, iqtisadi müstəqillik olmasa, biz istədiyimizə nail ola bilmərik. Çünki biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. Bizim vəsaitimiz yox idi, xəzinə boş idi, inflyasiya min faiz səviyyəsində idi, kütləvi işsizlik və səfalət hökm sürürdü, biz iqtisadi cəhətdən asılı vəziyyətdə idik. Ona görə iqtisadi müstəqillik əldə etmək Prezident kimi mənim başlıca vəzifələrimdən biri idi və biz bunu artıq neçə ildir ki, təmin etmişik. Bu gün heç kimdən asılı deyilik. Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir. Təkcə onu demək kifayətdir ki, bu gün inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulundan daha çoxdur. Amma Azərbaycanda xarici borc ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir. Bundan əlavə, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 6 dəfə üstələyir. Ona görə iqtisadi müstəqilliyi əldə etmək, özü də çətin geosiyasi vəziyyətdə və o qədər də böyük maliyyə resursumuz olmayan dövrdə əsl siyasi məharət və uzaqgörənlik tələb edirdi və biz buna nail olduq. Azərbaycan artıq neçə ildir ki, heç kimdən asılı deyil. Əksinə, Azərbaycan özü kömək göstərir, Azərbaycan donor ölkədir, pandemiya dövründə 30-dan çox ölkəyə kömək göstərib və bu ölkələr bizim dost ölkələrimizdir. Onlar da öz növbəsində bizi dəstəkləyirlər.
Onu da bildirməliyəm ki, müharibə dövründə bəzi ölkələr, BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Təhlükəsizlik Şurasında bizim əleyhimizə bəzi təşəbbüslər irəli sürmüşdülər və o təşəbbüslərin çox mənfi fəsadları ola bilərdi. Bu, bir daha Azərbaycana qarşı ədalətsizliyin növbəti təzahürü idi. Çünki biz öz torpağımızda vuruşurduq, öz ərazi bütövlüyümüzü bərpa edirdik. Bizim işimiz haqq işi idi. Buna baxmayaraq, ermənipərəst dairələr və ölkələr bizə qarşı tamamilə reallığı əks etdirməyən qətnamə qəbul etdirməyə çalışırdılar. Kim bizi müdafiə etdi? BMT Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv ölkələr. Onlar bizi müdafiə etdi və biz onlara minnətdarıq. Məhz onların səyi nəticəsində anti-Azərbaycan bəyanat qəbul edilmədi. Biz buna nəyin hesabına nail olmuşuq?! Əlbəttə ki, diplomatiya, siyasi əlaqələr və iqtisadi imkanlar hesabına. Biz son illər ərzində o qədər ölkəyə kömək göstərmişik və bu köməyi davam etdiririk. Əlbəttə, bu, həmin ölkələrin yaddaşında daim qalacaq. Bizə lazım olan anda biz bu dəstəyi görmüşük və bu, bizə kömək etdi. Ona görə beynəlxalq müstəvidə hazırlıqla bərabər, iqtisadi sahədə də hazırlıq gedirdi. Təbii ki, hərbi sahədə də çoxşaxəli hazırlıq gedirdi. Ordumuzun silah-sursatla təchiz edilməsi, - biz buna nail olduq, - həm də İkinci Qarabağ müharibəsi bizim imkanlarımızı bütün dünyaya göstərdi. Hətta bu gün mənə verilən məlumata görə, bəzi aparıcı Qərb mətbu orqanlarında, analitik dərgilərdə belə bir fikir ortalığa atılıb ki, hətta dünyanın aparıcı ölkəsi bizim qarşımızda olsaydı, onların da bizim qabağımızda heç bir şansı olmayacaqdı. Yəni, bu, onu göstərir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Mən bunu dəfələrlə deyirdim, hərbçilərlə görüşlər əsnasında, digər tədbirlərdə deyirdim, bu gün biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ona görə ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə apardığımız siyasətin tərkib hissəsi idi.
Bütün başqa sahələrdə hazırlıq gedirdi. Bizim texniki imkanlarımız böyük dərəcədə artmışdır və İkinci Qarabağ müharibəsində biz bunu bir daha nümayiş etdirdik. Nümayiş etdirdik ki, istənilən məsələ öz həllini tapa bilər. Biz bizdə mövcud olan texnikanı səfərbər etmişik və bu gün postmüharibə dövründə bu imkanlardan istifadə edirik.
Biz indi böyük quruculuq işlərinə start vermişik. Baxın, müharibədən cəmi 7 ay keçib, nə qədər böyük işlər görmüşük. Əgər bizdə bu hazırlıq olmasaydı, biz bunu edə bilməzdik. İndi nə qədər vəsaitin olursa-olsun, əgər sənin texniki imkanın yoxdursa, kadr potensialın yoxdursa, infrastruktur layihələri vaxtında icra edilməyibsə, bunların heç yüzdəbirini edə bilməzsən. Amma bu gün misli görünməmiş bərpa işləri aparılır. Nəyin hesabına? Məhz hazırlıq hesabına. Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və heç vaxt, çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır.
Bizim hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur. Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik. Biz “nəyi nə vaxt, necə etmək lazımdır bilirik” deyəndə, məhz bunu nəzərdə tuturduq.
Biz Ermənistana şans vermişdik və danışıqlarda iştirakımız, - mən bunu əvvəllər də demişəm, - bizim ən böyük güzəştimiz ola bilərdi. Ərazi bütövlüyü məsələlərində hər hansı bir güzəştdən söhbət gedə bilməzdi və bu mövqe bəllidir. Mən bunu Azərbaycan xalqına dəfələrlə çatdırmışdım ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik və bu mövqe xalq tərəfindən dəstəklənirdi. Çünki bunun başqa variantı ola bilməzdi. Danışıqlarda iştirakımız Ermənistana şans verirdi ki, bu məsələ qan tökülmədən öz həllini tapsın. Ancaq Ermənistan yəqin ki, bunu başqa cür yozurdu. Bəlkə də hesab edirdi ki, biz tərəddüd edirik. Bəlkə də hesab edirdi ki, biz öz ərazi bütövlüyümüzü bərpa etməyəcəyik. Bəlkə də hesab edirdi ki, biz bu vəziyyətlə barışa bilərik. Halbuki, mən dəfələrlə demişdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Ermənistanın danışıqlar prosesində sərgilədiyi riyakar mövqe deyə bilərəm ki, vasitəçiləri də artıq bezdirmişdi. Çünki Ermənistan və onun rəhbərliyi beynəlxalq vasitəçiləri də aldatmağa çalışırdı. Elə şərtlər qoyurdu ki, bəri başdan hər kəs bilirdi, bu şərtlər qəbuledilməzdir. Mən demişdim, heç vaxt imkan verə bilmərik ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb. Bunu indi bütün dünya bilir, tarixçilər bilir. Deyirdim ki, əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, bunu öz ərazisində yaratsın, Azərbaycanın ərazisində yox. Bu mövqe tarixi ədalətə əsaslanırdı, biz bunu bəyan edirdik və Ermənistana şans verirdik. Ancaq onlar bu şansdan istifadə etmədilər.
2016-cı ilin Aprel döyüşləri onlara vurulan ciddi zərbə idi. Düzdür, ondan sonra onlar bəyan etməyə çalışırdılar ki, guya Aprel döyüşlərində qalib gəldilər. Mən isə o vaxt sual verirdim ki, biz onların qazdıqları səngərlərdə oturmuşuq, biz onların tutduqları yüksəklikləri ələ keçirmişik. Necə ola bilər ki, onlar qalib gəldilər? Yəni, bu, növbəti yalanın təzahürü idi. Eyni zamanda, Aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri biabırcasına vəzifəsindən qovuldu. Bir çox generallar vəzifələrindən qovuldular. Əgər onlar qalib gəlmişdilərsə, nə üçün bu insanlar öz vəzifələrindən qovulmuşdular? Biz Aprel döyüşlərindən sonra “Böyük Qayıdış”ın ilk təzahürü olan Cocuq Mərcanlı kəndini bərpa etdik. Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edərkən və onu açarkən mən deyirdim ki, gün gələcək, biz Şuşada bax bu Gövhərağa məscidini bərpa edəcəyik.
Aprel döyüşləri Ermənistana dərs olmadı. Ondan iki il sonra Naxçıvan əməliyyatı nəticəsində biz böyük ərazini götürmüşdük və gücümüzü, peşəkarlığımızı bir daha göstərmişdik. O da dərs olmadı. Nəhayət, İkinci Qarabağ müharibəsi elə dərs oldu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, ədalətin təntənəsi idi. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar. Halbuki, müharibə dövründə mən dəfələrlə öz çıxışlarımda və müsahibələrimdə deyirdim ki, biz dayanmağa hazırıq. Mən Prezident kimi bəyan edirəm, Ermənistan rəhbəri şəxsən bizə tarix versin, nə vaxt bizim torpaqlarımızdan erməni hərbi birləşmələri çıxır, o tarixi bizə versin və biz müharibəni dayandırırıq. Ancaq Ermənistan tərəfi yenə də bu şansı itirdi. Müharibə nəticəsində Ermənistan ordusu məhv edilib. Mən bu rəqəmləri səsləndirmişdim, siz yaxşı bilirsiniz. Siz Ermənistan ordusunu məhv etmisiniz, Ermənistan ordusu yoxdur -336 tank məhv edilib, ya da ki, qənimət kimi götürülüb. Səkkiz S300 qurğusu məhv edilib, onların hava hücumuna qarşı digər qurğuları məhv edilib, artilleriya qurğuları. Yəni, Ermənistan ordusu yoxdur. Müharibə dövründə, - artıq bu da sirr deyil, - vasitəçilər Ermənistana xəbər göndərmişdilər ki, dayanmaq lazımdır, tarix verin Azərbaycana. Ancaq onlar bundan da imtina etdilər. Biz Şuşanı işğalçılardan azad edəndən sonra məcbur olub noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar.
Biz güclü iradə göstərdik, cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq. Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq.
Deyə bilərəm ki, İkinci Qarabağ müharibəsi qaçılmaz idi. Bunu hər kəs bilirdi. Azərbaycan ictimaiyyəti də bilirdi, beynəlxalq vasitəçilər də bilirdi, biz də bilirdik. Sadəcə olaraq, ümidlər var idi ki, Ermənistan rəhbərliyində heç olmasa özünüqoruma instinkti özünü büruzə versin və onlar öz xoşları ilə bizim torpaqlarımızdan çıxsınlar. Əgər bu olsaydı, müharibəyə ehtiyac qalmazdı. Biz müharibə istəmirdik və bu gün də istəmirik. Hesab edirəm ki, müharibə riskini sıfra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil. Biz istədiyimizə nail olmuşuq və bizim üçün indi yeni dövr - quruculuq dövrü, torpaqlarımızın bərpası dövrü başlanmışdır.
Ancaq bu, Ermənistan üçün dərs olmalıdır. Çünki onlar nəhayət başa düşməlidirlər ki, bizə qarşı olan bu düşmənçilik onlara çox baha başa gəldi. Onlar nə əldə etdilər? Heç nə. Baxın, görün, 30 il ərzində müstəqil dövlət qura bilmədilər. Bu gün Ermənistan müstəqil dövlət sayıla bilməz. Onun nəyi müstəqildir, əgər xarici dairələrdən tam asılıdırsa. Xarici hərbi yardımdan tam asılıdır. Xaricdən gələn siyasi sifarişlərdən tam asılıdır. Onların 30 il vaxtı var idi, nəyə görə müstəqil ölkə qura bilmədilər? İşğala görə. Bu işğal onları bu günə saldı. Bu düşmənçilik, Azərbaycan xalqına nifrət onları bu günə saldı və ədalət özünü göstərdi. Bəzən hər birimiz müxtəlif situasiyalarda fikirləşirik ki, ədalət yoxdur, ədalət niyə bərqərar olunmur? Sadəcə olaraq, dözümlü olmaq lazımdır. Düzgün vaxtı gözləmək lazımdır və məqsədə çatmaq üçün hər gün çalışmaq lazımdır. Hər gün biz bu günü yaxınlaşdırırdıq. Qarabağ məsələsi Prezident kimi hər gün mənim gündəliyimdə birinci məsələ idi. Hər gün. Hər gün fikirləşirdim ki, bu Qələbəni əldə etmək, torpaqlarımızı azad etmək üçün əlavə nə etmək lazımdır. Biz bunu nümayiş etdirdik.
İndi Ermənistandan asılıdır. Onların davranışı və regional məsələlərə yanaşması necə olacaq. Hər halda, biz Ermənistansız da bölgədə istədiyimizə nail ola bilmişik. Bütün kommunikasiyaları çəkmişik, enerji xətlərimizi çəkmişik, dəmir yollarını, bütün nəqliyyat layihələrini bizim digər qonşularımızla icra etmişik. Əgər Ermənistan bu prosesə qoşulmaq istəyirsə, hələ xahiş etməlidir öz qonşularından.
Bilməlidir ki, biz heç nəyi unutmamışıq. Biz bunu unuda bilmərik. Biz şəhidlərimizi unuda bilmərik, Xocalı qurbanlarını unuda bilmərik, dağılmış şəhərlərimizi unuda bilmərik. Dağılmış qəbirləri, təhqir edilmiş məscidləri biz necə unuda bilərik? Biz heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı bunu öz yaddaşında daim saxlamalıdır. Ermənistan rəhbərliyi, erməni siyasi-ictimai və dini xadimləri öz ideologiyasını, öz siyasətini əsassız iddialar üzərində qurmuşdular. İkinci Qarabağ müharibəsindən sonra bu gün onlar artıq düşmənçiliyi ölkə daxilində bir-birinə qarşı istiqamətləndirirlər. Baxın, Ermənistanın informasiya məkanında nə qədər çirkin proseslər gedir. Bir-birini nə qədər təhqir edirlər, hədələyirlər. Nəyə görə? Çünki onlar əsrlər boyu gənc nəsli düşmənçilik ruhunda böyütmüşdülər. Düşmənçilik, nifrət toxumları səpmişdilər və bu da onların iflasına gətirib çıxardı. Ona görə biz heç nəyi unutmayacağıq.
Ancaq biz artıq Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qanını aldıq və qisasımızı döyüş meydanında aldıq. Amma bununla bərabər, Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik.
Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi - öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir.
Əziz hərbçilər, bu gözəl bayram günündə sizinlə görüşmək mənim üçün çox xoşdur. Silahlı Qüvvələr Gününü biz Müzəffər Ordu kimi, qəhrəman xalq kimi qeyd edirik. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Bölməyə aid digər xəbərlər

Dünən, 10:14
Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydası dəyişib
26-11-2024, 18:02
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
26-11-2024, 17:53
Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları birgə təlimə qatılıblar
26-11-2024, 11:38
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar tanımır
26-11-2024, 11:03
Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi başlayıb
25-11-2024, 19:04
Nazirlər Kabineti Səhiyyə Nazirliyi barədə qərar verib
25-11-2024, 15:53
Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - Video
25-11-2024, 14:21
İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edib
25-11-2024, 12:51
Azərbaycan və İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə təlimi keçirilir - Fotolar
25-11-2024, 12:27
İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25-11-2024, 10:06
Meşə təsərrüfatına dəyən zərər və itkilərin ödənilməsi qaydası dəyişib
25-11-2024, 09:39
Prezident Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25-11-2024, 00:01
Bu gün Kəlbəcər Şəhəri Günüdür
23-11-2024, 17:57
Prezident Su Təchizatı Xidmətinin fəaliyyət sahəsini genişləndirib
23-11-2024, 16:11
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
23-11-2024, 16:02
Milli Müdafiə Universiteti ilə bağlı daha bir qərar imzalanıb
23-11-2024, 15:45
Nazirlər Kabineti daha bir qərar verib
23-11-2024, 14:31
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
22-11-2024, 16:50
İlham Əliyev: "ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib"
22-11-2024, 15:25
Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
22-11-2024, 11:54
“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
21-11-2024, 19:12
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
21-11-2024, 16:32
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
21-11-2024, 16:23
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
21-11-2024, 12:13
Kərim Vəliyev pakistanlı komandanla görüşüb
20-11-2024, 23:09
Prezident Ağdam şəhəri ilə bağlı paylaşım edib
20-11-2024, 18:07
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
20-11-2024, 17:44
Əli Əsədov iranlı nazirlə müzakirə aparıb
20-11-2024, 09:46
Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyektini ziyarət edib - Fotolar
20-11-2024, 09:26
COP29: çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılış olub
19-11-2024, 16:13
Azərbaycan və İran arasında hərbi əməkdaşlığa dair protokol imzalanıb
19-11-2024, 15:41
Azərbaycanın Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir - Fotolar
18-11-2024, 15:29
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
18-11-2024, 15:16
Prezident qanunu təsdiqləyib - Dəyişiklik
18-11-2024, 15:13
İlham Əliyev baş konsul təyin edib
18-11-2024, 14:43
COP29-da Həmsədrlər Koalisiyası yaradıla bilər
18-11-2024, 13:16
İlham Əliyev Surangel Uipps ilə görüşüb - Fotolar
18-11-2024, 12:30
İlham Əliyev Millətlər Birliyi Təşkilatının Baş katibi ilə görüşüb
18-11-2024, 11:00
İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
18-11-2024, 10:05
COP29: Xəzər dənizinin ekoloji vəziyyəti müzakirə olunub
17-11-2024, 18:04
İlham Əliyev federasiya prezidentlərini qəbul edib
17-11-2024, 09:24
"Barselona" klubunun prezidenti Zəfər parkını ziyarət edib
17-11-2024, 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
16-11-2024, 22:38
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlib - Fotolar