Məhkəmədə mübahisə: “Rabitə işi”ndə sensasiyalı faktlar üzə çıxır – Proses
Tarix: 09-12-2016 14:14 | Bölmə: Cəmiyyət

Məhkəmədə mübahisə: “Rabitə işi”ndə sensasiyalı faktlar üzə çıxır 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən - "Aztelekom” İstehsalat Birliyinin keçmiş baş direktoru Məhəmməd Məmmədov ifadə verib.

O bildirib ki, MDB-də ilk dəfə optikləşdirmə Azərbaycanda həyata keçirilib: "Azərbaycanda elə bölgə yoxdur ki, orada rabitə olmasın. Bütün bunlar burada oturanların xidmətidir. Nəsə səhv olub və biz buradayıq. İstintaqa verdiyim ifadəni təsdiq edirəm".

Daha sonra onun istintaqa verdiyi ifadə elan edilib.

İfadədə bildirilib ki, 2004-cü ildən "Aztelekom” İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib:

"2015-ci ildə "Aztelekom” İstehsalat Birliyinin bazasında "Aztelekom” MMC təsis edildi. Cəmiyyət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur qurumu olduğundan MMC-nin fəaliyyətinə nazirliyin rəhbərliyi, yəni nazir Əli Abbasov, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadə, Aparat rəhbəri Vidadi Zeynalov nəzarət edirdi.

"Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov nazirliyin nomenklaturası olduğundan o, birbaşa Vidadi Zeynalovla hesablaşırdı. Baş mühasibin işəqəbulu, işdən azad olunması, məzuniyyət və ezamiyyə əmrləri birbaşa nazirlik tərəfindən verilirdi.

Vidadi Zeynalov Oqtay Rüstəmova göstəriş vermişdi ki, aylıq pul toplayıb ona təqdim etsin. Oqtay Rüstəmov Vidadi Zeynalova 2009-2013-cü illərdə hər ay 500 min manat, 2014-2015-ci illərdə isə aylıq 200 min manat verirdi. Qeyd edilən vəsaitlər Oqtay Rüstəmov tərəfindən nağd olaraq toplanıb, həmin proseslərə müdaxilə etmək, qarşısını almaq səlahiyyətlərim yox idi. Sadəcə olaraq, cəmiyyətin baş direktoru kimi gedən proseslərdən məlumatım olurdu".

Sabiq baş direktor ifadəsində bildirib ki, RYTN-nə tabe olan struktur qurumlardan beynəlxalq trafik mübadiləsini təşkil edən "Azintelekom” MMC olub:

"Beynəlxalq telefon danışıqlarının mübadiləsi "Azintelekom” MMC ilə "Aztelekom” MMC-nin arasında bağlanmış qarşılıqlı hesablaşma müqaviləsi əsasında həyata keçirilib. Müqavilənin şərtlərinə görə xarici dövlətlərdən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən "Aztelekom” MMC-nin abunəçilərinə daxil olan telefon zənglərinə görə "Azintelekom” MMC "Aztelekom” MMC-yə, "Aztelekom” MMC-nin telefon abunəçilərindən xarici dövlətlərə edilən zənglərə görə isə "Aztelekom” MMC "Azintelekom” MMC-yə ödənişləri həyata keçirib. Beynəlxaq danışıq trafikinə görə xidmət göstərdiyi üçün "Azintelekom” MMC-dən "Aztelekom” MMC-nin hesabına aylıq 1.000.000-2.000.000 manat arası vəsait köçürülüb. "Azintelekom” MMC-nin hesabından köçürülən vəsait birbaşa vəya dolayı yolla Vidadi Zeynalova ödənilib. Vidadi Zeynalov baş mühasib Oqtay Rüstəmova göstəriş verdiyi üçün "Azintelekom” MMC-dən daxil olan vəsait onun dediyi müəssisələrə köçürülüb. Podratçı təşkilatların hesabına köçürülmüş vəsaitlərin müəyyən hissəsi, vəsaitlərin əsas hissəsi isə "Optik Rabitə Montaj”, "Optik Rabitə Tikinti və Quraşdırma”, "Rabitəçi İstirahət Bazası”, "Qafqaz-S İnşaat” və"Komplas” MMC-lərin hesablarına köçürülməklə, müxtəlif müqavilələr əsasında nağdılaşdırılaraq Oqtay Rüstəmovun vasitəsi ilə Vidadi Zeynalova verilib. Bütün ödənişlər bank hesabları vasitəsi ilə köçürülürdü. "Aztelekom” MMC-nin bank hesabı "Kapitalbank” ASC-nin Rabitə filialında olub. "Aztelekom” MMC kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyinə olan digər struktur qurumlarının rəhbərlərinin Aparat rəhbəri Vidadi Zeynalova aylıq vəsait vermələrini eşidirdim, həmin ödənişlərin məbləğini bilmirdim".

O, vəkillərin suallarına cavab olaraq, bildirib ki, tikinti-quraşdırma işləri nazirliyin göstərişi ilə həyata keçirilib və pullar da nazirliyin göstərişi ilə xərclənib.


İclasda məlum olub ki, Məhəmməd Məmmədov işlədiyi dövrdə külli miqdarda kredit götürüb. M.Məmmədov bunu təsdiq edərək kreditin yeni layihələrə xərcləndiyini deyib. Bildirib ki, krediti götürəndə nazirlik ona zəmanət məktubu verib.

İclasda V.Zeynalovun vəkili Ceyhun Yusifovla M.Məmmədovun vəkili Şahin Rəfiyev arasında mübahisə baş verib.

Hakim onlara xəbərdarlıq edib.

V.Zeynalovun vəkili M.Məmmədovdan konkret ad çəkməyi tələb edib: "Vidadi Zeynalov nazir olmayıb. İctimaiyyəti çaşdırmaq lazım deyil".

M.Məmmədov isə V.Zeynalovun adını çəkmədiyini deyib: "Orada Vidadi yox, başqası olsaydı, onun adı çəkiləcəkdi".

Daha sonra təqsirləndirilən şəxslərdən Oqtay Rüstəmov ifadə verib.

Bildirib ki, "Aztelekom” MMC-də baş mühasib işləyib. O bildirib ki, V.Zeynalovla heç bir əlaqəsi olmayıb, ona pul verməyib: "Mən ayda 1600 manatdan çox əmək haqqı almışam. "Aztelekom"da hər zaman yoxlamalar olub və heç bir qanun pozuntusu aşkarlanmayıb. Mən mühasib olmuşam, heç bir dövlət əmlakı öhdəmdə olmayıb. İşlərin artırılması, qiymətlərin şişirdilməsi mənim səlahiyyətimdə olmayıb. Mən ilk dəfə ifadə verəndə şokda idim. İlk dəfə idi müstəntiq qarşısında oturmuşdum. İnanmırdım ki, kimisə tutarlar. Orada mən deməmişəm ki, Vidadi Zeynalova pul vermişəm".

Daha sonra onun istintaqa verdiyi ifadə elan edilib.

Həmin ifadəsində O.Rüstəmov V.Zeynalova ayda 200 min manat pul verdiyini deyib: "İşimi itirmək istəmirdim. Ona görə də Vidadi Zeynalovun dediklərini etmişəm".

O, həmin ifadəni təsdiqləməyib.

Proses günün ikinci yarısında davam edəcək(APA).

Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti”, "Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B.Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom” MMC, "AzİnTelekom” MMC, "Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər