16:39 / 28-11-2024
Sabah qar yağacaq
Daşkəsəndə yenidən təbii fəlakət olub, əhali ciddi ziyanla üzləşib, FHN problemə biganə yanaşır
Tarix: 24-06-2022 23:58 | Bölmə: Cəmiyyət
Daşkəsəndə yenidən təbii fəlakət olub, əhali ciddi ziyanla üzləşib, FHN problemə biganə yanaşır

Daşkəsən rayon ərazisinə yağan intensiv dolu və leysan yağışları nəticəsində çay yataqlarında sel suları kəskin artıb. İyunun 24-də saat 20 radələrindən Alaxançallı kəndi ilə rayon mərkəzi arasında yeganə əlaqə yaradan suötürücü keçid tamamilə dağılıb.

Bu barədə Reyting.az-a Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Fövqəladə Hallar Komissiyasının sədr müavini Elmar Əliyev – Vüqarlı məlumat verib.

Xatırladaq ki, iyunun 10-da baş vermiş eyni xarakterli təbii fəlakət Alaxançallı kəndinə ciddi ziyan vurmaqla kəndin 3 ədəd körpüsünü aparıb, yollarını yararsız vəziyyətə salıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması çərçivəsində tez bir zamanda kəndlə əlaqəni bərpa etmək məqsədilə çay yatağında iridiametrli dəmir borulardan bir ədəd suötürücü keçid quraşdırılıb. Sel sularının həmin suötürücünü yenidən aparması Alaxançallı kəndi ilə rayon mərkəzi arasında əlaqəni yenidən kəsib.

Məlumatda bildirilir ki, intensiv dolu və sel suları rayonun Çanaxçı, Qaraqullar, Almalı, Suqovuşan və bir sıra yaşayış məntəqələrində şəxsi təsərrüfatlara, yol infrastrukturuna, fərdi yaşayış evlərinin dam ötrüklərinə yenidən ciddi ziyan vurub. Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəfələrlə məlumat verilsə də, nazirlik problemlə maraqlanmır.

Hazırda rayon ərazisində intensiv leysan yağışları ilə müşayiət olunan qeyri-sabit hava şəraiti davam edir.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər