19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
Ekspert: Narkotiklərlə mübarizənin arxasında nefti ələ keçirmək niyyəti gizlənir
Tarix: 07-11-2025 14:34 | Bölmə: Slayd
Ekspert: Narkotiklərlə mübarizənin arxasında nefti ələ keçirmək niyyəti gizlənir

“Müşahidə edilən hadisələr göstərir ki, Amerika Venesuelanı ələ keçirmək istəyir. Sadəcə, indi söhbət onun necə ələ keçiriləcəyindən gedir. ABŞ-ın son addımları deməyə əsas verir ki, Venesuelaya qarşı hərbi əməliyyatlar keçirilə bilər. ABŞ prezidenti Donald Tramp belə bir əməliyyatı istisna etmir və deyir ki, hər şey vəziyyətdən asılıdır”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.

A. İsazadə bildirib ki, ABŞ Müdafiə Nazirliyi ən böyük təyyarədaşıyan gəmilərindən birini Venesuela istiqamətinə göndərir:

“Bu gəminin harasa göndərilməsi böyük xərc deməkdir. Düşünürəm ki, amerikalılar boş yerə böyük vəsait xərcləməzlər. Bəzi mənbələr hətta Venesuela əməliyyatına dair ssenarilər də təqdim edirlər. Bu baxımdan əməliyyat gözləniləndir və daha çox yerli situasiyadan asılı olacaq”.

Ekspertin fikrincə, əsas məsələ neftdir:

“Venesuela neftlə zəngin ölkədir, sadəcə, indi onun neftindən özü faydalana bilmir. Əvvəla, Venesuela sosialist ölkəsinə bənzəyir, həm də sanksiyalar altındadır. Müasir avadanlıqlar demək olar ki, yoxdur. Ehtimal edirəm ki, ABŞ Venesuelanı ələ keçirsə və ya prezident Maduro hakimiyyətdən getsə, qısa müddətdən sonra Venesuela nefti dünya bazarına çıxarıla bilər. Sözsüz ki, bu, həm də neftin qiymətinə təsir edən faktor olardı. İndi Venesuelanın gündəmə gəlməsinin əsas səbəbi də onun neftlə zəngin olmasıdır”.

A. İsazadə qeyd edib ki, Amerika dünyaya “Venesuelanı neftinə görə hədəfə alıram”,- deyə bilməz. Onun sözlərinə görə, indi ABŞ əsas niyyətini gizlətmək üçün narkotik daşıyan gəmilər məsələsini gündəmə gətirir və Venesuelanı bu məsələdə “vurmağa” çalışır:

“Cavabında Venesuela elan edir ki, narkotik daşımaq kimi məsələlərdə iştirak etmir, ona məxsus gəmilər bu cür fəaliyyətlə məşğul olmur və s. Amma ona inanan yoxdur. Qısası, ABŞ-ın narkotiklərlə mübarizəsinin arxasında ölkə neftini ələ keçirmək niyyəti gizlənir. Bu məsələdə digər mövzulara istinad etməsi isə sadəcə bəhanədir”.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər