İrana casusluqda şübhəli bilinən altı nəfər saxlanılıb
Tarix: 28-01-2026 18:26 | Bölmə: Dünya

İrana casusluqda şübhəli bilinən altı nəfər saxlanılıb

Türkiyə kəşfiyyat və təhlükəsizlik qüvvələri ölkədə fəaliyyət göstərən İran casus şəbəkəsini zərərsizləşdirib. Beş əyalətdə koordinasiyalı reydlər zamanı altı nəfər saxlanılıb.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı "Daily Sabah" qəzeti yayıb.

Bildirilir ki, Milli Kəşfiyyat Təşkilatı (MİT) və polis bölmələrinin birgə əməliyyatı ilə həssas hərbi və təhlükəsizlik məlumatları toplamaqda və Türkiyənin cənubundakı İncirlik Hava Bazasının kəşfiyyatı da daxil olmaqla potensial hücum planları hazırlamaqda ittiham olunan bir qrupu hədəf alıb.

Müstəntiqlərin sözlərinə görə, şəbəkəyə "Hacı" ləqəbi ilə tanınan Nəcəf Rostami və "Doktor" ləqəbli Mehdi Yeke Dehqan kimi tanınan İran kəşfiyyat zabitləri rəhbərlik edirmiş.

Hakimiyyət orqanlarının məlumatına görə, Rostami Van əyalətinin sakini Alikan Koçaya Adanadakı İncirlik Hava Bazasını fotoşəkilini çəkmək üçün şəxsləri cəlb etməyi tapşırıb.

İstintaq həmçinin müəyyən edib ki, Ankarada yaşayan İran vətəndaşı Aşkan Cəlali "Bulaq Robotics" və "Arete Industries" şirkətləri vasitəsilə Türkiyədən Kiprə silahlı dronlar daşımağı planlaşdırır. İddialara görə, Cəlali və Koç 2025-ci ilin avqust və sentyabr aylarında İranda ixtisaslaşmış dron təlimində iştirak ediblər.

İstanbulda keçirilən reydlər zamanı polis müdafiə sənayesi sahibləri Erhan Ergelen və Taner Ozanı, eləcə də tekstil sahibkarları Cemal Beyaz, Remzi Beyaz, Koç və Cəlali saxlayıb.

Altı şübhəlinin hamısı sonradan İstanbul məhkəməsi tərəfindən "siyasi və ya hərbi casusluq üçün məxfi dövlət məlumatlarını əldə etmək" ittihamı ilə həbs edilib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər