İlham Əliyev OPEC-in baş katibini qəbul edib
Tarix: 16-03-2019 14:56 | Bölmə: Gündəm
İlham Əliyev OPEC-in baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonu qəbul edib.

Reyting.az
xəbər verir ki, dövlətimizin başçısı Məhəmməd Barkindoya dəvəti qəbul etdiyinə və “OPEC plus” ölkələrinin iclasında iştirakına görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Bakının dünyada neftin vətəni olduğunu vurğulayaraq, tədbirin paytaxtımızda keçirilməsinin rəmzi xarakter daşıdığını deyib. Dövlətimizin başçısı Azərbaycan tərəfinin bu tədbirin Bakıda keçirilməsi ilə bağlı təklifinin şəxsən Məhəmməd Barkindo və təşkilatın üzv dövlətləri tərəfindən qəbul edilməsini yüksək qiymətləndirib. Prezident İlham Əliyev “OPEC plus”un yeni bir format olduğunu nəzərə alaraq, bu formatda ilk tədbirlərdən birinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd edib və bunu Azərbaycana olan dostluq və etimadın göstəricisi kimi dəyərləndirib. Dövlətimizin başçısı “OPEC plus” ölkələrinin iclasının uğurla keçəcəyinə, bunun da öz növbəsində neftin qiymətinin sabitləşdirilməsi işinə xidmət edəcəyinə və bu qiymətin neftin istehsalçıları, istehlakçıları, şirkətlər və ölkələr üçün məqbul olacağına əminliyini ifadə edib.

OPEC-in baş katibi Məhəmməd Barkindo, ilk növbədə, dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, hələ 1846-cı ildə dünyada ilk dəfə sənaye üsulu ilə neftin Bakıda hasil olunduğunu vurğulayaraq, tədbir iştirakçılarının Azərbaycana gəlişini bir ziyarət kimi dəyərləndirib. Məhəmməd Barkindo qeyd edib ki, Prezident İlham Əliyev “OPEC plus” formatında iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edən ilk dövlət başçısıdır. O, Prezident İlham Əliyev tərəfindən bu təşəbbüsün üç il bundan əvvəl Davosda irəli sürüldüyünü məmnunluqla xatırladıb. Azərbaycan Prezidentinin bu təşəbbüsünün artıq reallığa çevrildiyini qeyd edən Məhəmməd Barkindo bu işdə Prezident İlham Əliyevin baxışlarını və liderliyini yüksək qiymətləndirib. O, ümumiyyətlə, “OPEC plus” formatında əməkdaşlığın başlandığı ilk gündən Azərbaycanın bu proseslərdə fəal iştirak etdiyini vurğulayıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bir neçə il bundan əvvəl Davosda “OPEC plus” əməkdaşlıq formatı ilə bağlı təşəbbüsünü xatırlayaraq, həmin vaxtdan bu günə kimi həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Söhbət zamanı Azərbaycan ilə OPEC arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, Cənub Qaz Dəhlizinin müvəffəqiyyətlə reallaşmaqda olduğu bildirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}