20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Dövrü nəşrlərin elektron bazası yaradılır - Fotolar
Tarix: 20-06-2023 17:04 | Bölmə: Mədəniyyət
Dövrü nəşrlərin elektron bazası yaradılır

Azərbaycan Yazıçılar Birliyində birliyin sədri, Xalq yazıçısı Anarın Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Aslan Cəfərov, Elmi işlər üzrə direktor müavini Günay Həsənova və İnformasiya və media ilə iş şöbəsinin müdiri Səadət Şəfiyeva ilə görüşü təşkil olunub. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin sədrinin baş müşaviri Rauf Aslanov, sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan və “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs iştirak ediblər.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüşdə müasir dövrdə kitabxanaların qarşısında duran vəzifələr, kitab və mütaliə mövzusuna innovativ yanaşma, kitabxanalarda elektron xidmətlərin göstərilməsi, elektron kataloq və kitabxana sistemlərinin təkmilləşdirilməsi, elektron dövrü mətbuat nəşrlərinin bazalarının yaradılmasının əhəmiyyəti müzakirə edilib.

Görüşdə Respublika Gənclər Kitabxanasının əsas fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, hazırladığı elektron məlumat bazaları haqqında məlumat verilib. Kitabxana əməkdaşlarının Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə elektron məlumat bazası yaratdıqları diqqətə çatdırılıb.

Görüşdə “Kitabxana elektron resursların saxlayıcısı və qoruyucusu kimi” layihəsi çərçivəsində Respublika Gənclər Kitabxanasının “Ədəbiyyat” qəzeti və “Ulduz” jurnalı ilə 2022-2023-cü illəri əhatə edən nömrələrinin rəqəmsal nüsxələrinin kitabxananın fonduna verilməsinə dair müqavilə imzalanıb. Dövrü mətbuat nəşrlərinin rəqəmsal nüsxələrinin heç bir ixtisara və dəyişikliyə yol verilmədən kitabxananın rəsmi saytında mühafizə olunmasının çox əhəmiyyətli olduğu və bu vasitə ilə internet istifadəçilərinin istənilən an istədikləri məqaləni və ya qəzetin hansısa nüsxəsini rahatlıqla əldə edə biləcəkləri vurğulanıb.

Görüşün sonunda xatirə şəkli çəkilib.






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər