Sabiq icra başçısının işi hakimin icraatına verilib
Tarix: 07-12-2021 16:54 | Bölmə: Siyasət
Sabiq icra başçısının işi hakimin icraatına verilib

Məhbus Saleh Rüstəmovun azadlığa buraxılması üçün Bakının Nizami Rayon Məhkəməsinə müraciətə baxış hakim Nəriman Mehdiyevin icraatına verilib, proses hələ təyin edilməyib.

Məlumatı dekabrın 7-də vəkil Aqil Layıc yayıb.

Aqil Layıc və digər vəkil Bəhruz Bayramovun Bakının Nizami Rayon Məhkəməsinə dekabrın 6-da təqdim etdiyi müraciətdə Saleh Rüstəmovun böyrək çatışmazlığından və başqa xəstəliklərdən əziyyət çəkdiyi, aclıq aksiyası nəticəsində orqanizminin çox zəiflədiyi vurğulanır, səhhətinin nəzərə alınaraq həbsdən azad olunması istənir.

Xəstəliyə görə cəza çəkməkdən azad edilmək Cinayət Məcəlləsinin 78-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.

Dekabrın 7-də Saleh Rüstəmovla görüşən vəkil Bəhruz Bayramov “Turan”a deyib ki, məhbusda güclü baş gicəllənməsi yaranıb, onun görmə qabiliyyəti zəifləyib: “Həkimlər Saleh Rüstəmovun səhhətinin təhlükəli həddə çatdığını deyir. Dekabrın 8-də Saleh Rüstəmovun məcburi qidalandırılması barədə qərar verilə bilər. Aclıq aksiyası dövründə Saleh Rüstəmov 17 kiloqram arıqlayıb, onun çəkisi 69 kiloqramdan 52 kiloqrama düşüb”.

1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyası keçirir. Noyabrın 8-də o, Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Saleh Rüstəmov həbsdə qanunsuz saxlandığını bildirir, azadlığa buraxılmasını istəyir/Novator.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}