Kreml Ukrayna ərazilərinə əlavə qüvvə yerləşdirəcək
Tarix: 06-11-2025 14:19 | Bölmə: Siyasət
Kreml Ukrayna ərazilərinə əlavə qüvvə yerləşdirəcək

Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin Ukraynanın işğal olunmuş ərazilərinə yerləşdirilməsinə yol açan bir sıra qanunlar imzalayıb.

Reyting.az
-ın məlumatına görə, Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri bildiriblər ki, imzalanan qanunlardan biri ehtiyatda olan hərbçilərə Rusiya Federasiyasındakı kritik obyektlərin mühafizəsini təmin etmək məqsədilə xüsusi təlimlərdə iştirak etməyə icazə verir.

Kreml ehtiyatda olanların yalnız öz bölgələrindəki mühüm infrastruktur obyektlərini qorumaq üçün yerləşdiriləcəyinə dair bəyanatlar versə də, qanunda bu məhdudiyyətlər əksini tapmayıb.

Analitiklərin sözlərinə görə, Moskva Ukraynanın qismən işğal olunmuş dörd bölgəsini - Luqansk, Donetsk, Zaporojye və Xersonu - “Rusiyanın yeni əraziləri” hesab edir. Buna görə də, ehtiyatda olan hərbçilərin həmin ərazilərə göndərilməsi ehtimalı böyükdür.

Bundan əlavə, noyabrın 5-də Putin Rusiyaya silahlı müdaxilənin qarşısını almaq, dövlət sərhədində və ya Rusiya ərazisində baş verən silahlı təxribat zamanı, eləcə də “xüsusi hərbi əməliyyat” zonasında xidmət edən hərbi qulluqçulara müqaviləli əsgərlərə verilən aylıq ödənişlərin uzadılmasını nəzərdə tutan qanunu da imzalayıb.

Analitiklər xatırladıblar ki, Kreml uzun müddətdir sərhəd bölgələrində xidmət edən hərbçilər üçün güzəştlərin genişləndirilməsini müzakirə edir. Bunun əsas səbəbi Ukraynanın 2024-cü ildə Kursk vilayəti istiqamətində həyata keçirdiyi əməliyyat olub.

ISW-nin məlumatına görə, Kreml ehtiyatda olanlarla bağlı son hüquqi dəyişiklikləri sadəcə infrastrukturun qorunması planlarının tərkib hissəsi kimi təqdim etsə də, əslində bu dəyişikliklər onların Ukraynada yerləşdirilməsinə yönələn uzunmüddətli planların bir hissəsidir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər