Rusiyaya qarşı sanksiya tətbiqinə başlayırlar
Tarix: 22-02-2022 10:14 | Bölmə: Siyasət
Rusiyaya qarşı sanksiya tətbiqinə başlayırlar

Luqansk və Donetsk “xalq respublikaları”nı tanıdığı üçün Rusiyaya qarşı sanksiyalar zərfi hazırlanıb. Reyting.az xəbər verir ki, sanksiya zərfini Böyük Britaniya hökuməti hazırlayıb.

“Ukranews” Britaniyanın Baş naziri Boris Consonun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, sanksiyalar fevralın 22-də tətbiq olunacaq.

Bildirilir ki, Baş nazir B. Conson bununla bağlı Ukrayna prezidenti V. Zelenskini məlumatlandırıb.

Qeyd edək ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbass bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbass ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Diqqətə çatdırırıq ki, Azərbaycan da daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbassı Ukraynanın ərazisi olaraq tanıyır.




Bölməyə aid digər xəbərlər