Hərbi ekspert: “Putinin missiyası əsasən Kiyevi götürməkdir”
Tarix: 24-02-2022 13:35 | Bölmə: Siyasət
Hərbi ekspert: “Putinin missiyası əsasən Kiyevi götürməkdir”

“Müharibəyə başlamaq daha çox mental psixoloji amildir. Rusiyaya bir dövlət kimi müharibə lazım deyildi. Kreml və Putinə isə hansısa baxımdan müharibə lazımdır. Düşünürlər ki, prezident Putinin hansısa tarixi missiyası var və bunu həyata keçirməlidir. Bax, bu səbəblərdən Rusiya Ukraynaya hücum edib, işğal uğrunda savaşır”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücum etmək əmrinin səbəblərindən danışarkən deyib.

Ekspert vurğulayıb ki, Kreml və Putinin missiyası Ukraynanı, əsasən də Kiyevi götürməkdir. Onun sözlərinə görə, Kiyev rus dünyasının və mədəniyyətinin mərkəzi sayılır: “Rus-slavyan svilizasiyası Kiyevdən başlayır. Putin hesab edir ki, Kiyevi düşmənlərdən azad etməlidir. Bu, bir qədər də Hitlerin “Alman dünyasını bərpa etmək” ideyasına oxşayır. Putin hesab edir ki, Kiyevə daxil olmaqla orada yaşayanları, ümumiyyətlə slavyan xalqlarını azad edir”.

A. İsazadə qeyd edib ki, artıq Rusiya ordusu Ukraynaya daxil olub, amma nə qədər dərinliklərə gedə biləcəyini indidən demək çətindir: “Hesab edirəm ki, hətta Kiyevə belə daxil ola bilərlər. Ukraynaya daxil olmaq, işğal etmək çətin deyil, saxlamaq çətindir. Unutmayaq ki, qat-qat zəif Əfqanıstana qat-qat güclü Sovet ordusu daxil olmuşdu, hətta paytaxtı da ələ keçirmişdi, yolları nəzarətə almışdı. Sonu nə oldu?”.

A. İsazadənin fikrincə, Rusiya Ukraynanın dərinliklərinə doğru nə qədər irəliləsə də, bir o qədər də ordu saxlamalı, hərbi qarnizonlar yaratmalı, yerli əhali ilə mübarizə aparmalıdır: “II Dünya müharibəsi qurtarandan sonra Ukrayna millətçiləri 1950-ci illərə qədər meşələrdə müqavimət göstərib. Yəni nəzarət etmək baxımından ərazi böyükdür. Ukraynada işğalçı rejimi saxlamaq çox çətindir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər