Nazir müavini: "Qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq ərazimizdən çıxarılmalıdır"
Tarix: 11-03-2022 19:38 | Bölmə: Siyasət
Nazir müavini: "Qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq ərazimizdən çıxarılmalıdır"

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov son günlər Rusiya sülməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdən qanunsuz erməni silahlı birləşmələrinin atəşkəsi pozmasına münasibət bildirib.

Reyting.az 
xəbər verir ki, o, jurnalistlərə açıqlamasında sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilərin yaşadığını və onların gələcəkdə Azərbaycana inteqrasiyasının qarşıda duran əsas məsələlərdən biri olduğunu bildirib: "Biz hesab edirik ki, onlar Azərbaycan vətəndaşlarıdırlar”.

Nazir müavini deyib ki, münaqişə başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub: "Atəşkəsin pozulması halları olur. Amma təbii ki, bütün bunlar sülhün möhkəmlənməsinə xidmət etmir və düşünürəm ki, bu hallar aradan qaldırılmalıdır. Tam əminəm ki, sülhməramlılar da öz vəzifələrini, öhdəliklərini tam başa düşürlər. Qanunsuz erməni hərbi birləşmələri birmənalı olaraq çıxarılmalıdır və bu istiqamətdə proseslər gedəcək. Təbii ki, sülhə mane olan bütün neqativ hallar aradan qaldırılmalıdır. Atəşkəsin pozulması yolverilməzdir. Çünki atəşkəsin pozulması ilk növbədə üçtərəfli razılaşmalara yönəlmiş addımlardır və bu hallara son qoyulmalıdır".

Nazir müavini bildirib ki, Ermənistanla heç bir qeyd-şərt olmadan sərhədlərin delimitasiyası prosesinə başlamağa hazırıq: "Azərbaycan hökumətinin bununla bağlı mövqeyi məlumdur. Buna paralel olaraq iki ölkə arasında münasibətlərin bərpası və digər sahələrdə əlaqələr qurula bilər. 3+3 formatı bölgədə sabitliyin bərpası üçün işə düşüb. Azərbaycan tərəfi buna öz töhfəsini verir və verməkdədir. Təbii ki, bütün bunlar Ermənistan hakimiyyətinin siyasi iradəsindən asılıdır. Siyasi iradə göstərsələr, biz münaqişə tarixinin səhifəsini bağlamağa hazırıq. Gələcəkdə sülh müqaviləsinin bağlanması da bundan asılıdır. Erməni xalqı da sülh istəyir. Lakin bunun həyata keçirilməsi üçün dediyim kimi, siyasi iradə olmalıdır

Kommunikasiyaların açılması, üçtərəfli bəyanatların tam və davamlı şəkildə yerinə yetirilməsinin tərəfdarıyıq. Əgər bunlar baş vermirsə, münasibətlərin normallaşmasında ləngimələr olacaq. Naxçıvana avtomobil və dəmir yolunun açılması istiqamətində işlər görülməlidir".




Bölməyə aid digər xəbərlər