Nazir Ermənistanın sərhəddəki təxribatlarının məqsədini açıqlayıb
Tarix: 13-03-2022 00:53 | Bölmə: Siyasət
Nazir Ermənistanın sərhəddəki təxribatlarının məqsədini açıqlayıb

“Ermənistan tərəfindən vaxtaşırı təxribatlar törədilir. Bu, Ermənistan-Azərbaycan sərhədində baş verir. Biz həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində də bunun şahidi oluruq”.

Mia.az xəbər verir ki, bu fikirləri “Haber Global”a müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, müşahidələr bunun iki əsas səbəbini göstərir: "Sərhəddəki təxribatlar Ermənistan tərəfindən bu məsələyə daha çox diqqət yönəltmək məqsədi daşıyır və delimitasiya məsələsində Ermənistan tərəfinin irəli sürmək istədiyi ilkin şərtləri əsaslandırmaq üçün istifadə edilir. Çünki Azərbaycanın delimitasiya prosesi ilə bağlı mövqeyi bəllidir. Biz Ermənistan-Azərbaycan işçi qrupunun yaradılmasına və delimitasiya prosesinə razılığımızı bildirmişik. Təbii ki, beynəlxalq hüquq normaları, beynəlxalq səviyyədə tanınmış sərhədlər anlamına gəlmək şərtilə. Ermənistan tərəfi isə burada bəlli ilkin şərtlər irəli sürməyə çalışdı. Onların ilki şərtlərinin detallarına varmayacam. Ancaq hesab edirəm ki, onlar qəbul edilməzdir. Ermənistan bu məsələdə ciddi şəkildə irəliləyişə nail olmaq istəyirsə, konstruktiv, beynəlxalq hüquqa əsaslanan mövqe tutmalıdır”.(Report)

Ceyhun Bayramov əlavə edib ki, sülhməramlıların müvəqqəti olduğu Azərbaycan ərazisində Ermənistan hərbçiləri tərəfindən törədilən təxribatların əsas səbəbi birmənalı şəkildə üçtərəfli Bəyanatın şərtlərinin Ermənistan tərəfindən pozulmasıdır: "Çünki 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin orada yerləşdirilməsi ilə paralel olaraq Ermənistan hərbçiləri həmin ərazidən tam çıxarılmalı idi. Biz görürük ki, onlar tam çıxarılmayıb. Əlavə olaraq bizim hərbçilərimiz vaxtaşırı erməni hərbçilər tərəfindən bəlli mühəndis istehkam işlərinin aparılmasını müşahidə edirlər. Yəni onlar öz mövqelərini yaxşılaşdırmaq istəyirlər. Təbii, hər kəs başa düşür ki, Azərbaycan ərazisində bunu etmək qəbuledilməzdir və bu barədə onlara dəfələrlə xəbərdarlıq olunub. Buna cavab olaraq onlar tərəfindən təxribatlar törədilir. Belə olan təqdirdə təbii ki, Azərbaycan Silahlı Qüvvələri buna adekvat cavab verirlər və verəcəklər”.




Bölməyə aid digər xəbərlər