Deputat: “Fransa separatizmə açıq dəstək verir”
Tarix: 30-12-2022 12:02 | Bölmə: Siyasət
Deputat: “Fransa separatizmə açıq dəstək verir”

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejim nümayəndəsinin təmtəraqla qarşılanması, Azərbaycan ekofəallarının Laçın yolunda etiraz aksiyası ilə bağlı Fransa Xarici İşlər Nazirliyinin qeyri-obyektiv bəyanatı Fransanın separatizmə açıq dəstək verdiyinin göstəricisidir”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədov deyib.

Onun sözlərinə görə, Fransa parlamentində təmsil olunan şəxslərin başqa bir ölkənin ərazi bütövlüyünə, müstəqilliyinə açıq hörmətsizlik ifadə edən mövqeyi ilk növbədə Fransa hökuməti tərəfindən qınanmalıdır:

“Təəssüf ki, biz Fransa hökumətinin adekvat reaksiyasını görmədik. Bu da Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək niyyətində olmadığını sübut edir. Əksinə, Fransa Cənubi Qafqazda gərginlik mühiti yaratmaq, regionda sülhün təmin olunması istiqamətində təşəbbüslərə mane olmaq üçün bütün alətlərdən istifadə etməyə çalışır”.

S. Məmmədov əlavə edib ki, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ölkəmizin mövqeyini çatdırmaq üçün Milli Assambleyada yeni formalaşmış dostluq qrupu ilə əlaqələri zəruri sayır və bu istiqamətdə müvafiq addımlar atacaq: “Çünki Fransa hökuməti və parlamentinin mövqeyi tamamilə qəbuledilməzdir. Görünür, Fransa beynəlxalq birliyin bölüşdüyü ümumbəşəri dəyərləri artıq qəbul etmir. Hesab edirəm ki, bu, münasibətlərdə dərin çatlar yaradır”.





Bölməyə aid digər xəbərlər