20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Strateji yol xəritəsi vətəndaş cəmiyyəti ilə müzakirəyə çıxarılıb - Fotolar
Tarix: 10-04-2017 16:49 | Bölmə: İqtisadiyyat

 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzndə (İİTKM) "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" mövzusunda konfrans keçirilib.

Tədbirin keçirilməsində məqsəd "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorlar üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin icrasında və strateji yol xəritələri ilə müəyyənləşən inkişaf hədəflərinə çatılması istiqamətində həyata keçirilən tədbirlərdə vətəndaş cəmiyyətinin daha yaxından iştirakını təmin etməkdir.

Reyting.az-a verilən məlumata görə, tədbirdə çıxışı zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı deyib ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin monitorinqi, qiymətləndirilməsi mandatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib: "Strateji yol xəritələrinin kommunikasiyası vacib ictimai əhəmiyyət daşıyır. Buna görə də qərara gəldik ki, Açıq Hökumət platforması ilə müzakirələr aparaq. Bu, bizim ilk birgə tədbirimizdir. Düşünürəm ki, bundan sonra artıq bizim konkret sahələr üzrə, eyni zamanda regionları əhatə edən müzakirələrimiz olacaq.”

Daha sonra Açıq Hökumət platformasının koordinatoru Əliməmməd Nuriyevə söz verilib. O bilidirib ki, İİTKM ilə birlikdə vətəndaş cəmiyyətinin strateji yol xəritələri ilə müəyyənləşən inkişaf hədəflərinə çatılması üçün həyata keçirilən tədbirlərdə daha yaxından iştirakı məsələlərinin müzakirəsi məqsədilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur: "Strateji yol xəritələri - Milli iqtisadiyyat perspektivi" mövzusunda dəyirmi masanın keçirilməsi ilk birgə tədbirdir. Bu hökumət-vətəndaş cəmiyyəti əməkdaşlığının bariz nümunəsi olmaqla çox mühüm təşəbbüsdür. Bu, səyləri birləşdirməyə, strateji yol xəritələri ilə nəzərdə tutulan islahatlar üçün ictimai etimad mühiti yaradılmasına əhəmiyyətli töhfə verməyə imkan yaradacaq. Düşünürəm ki, Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində əks olunan hədəflərə nail olmaq bütün cəmiyyətimiz üçün əsas məqsəd olmalıdır. Cəmiyyətimiz bu hədəflərə çatmaq üçün səfərbər olmalı və bu əsas ideyaya çevrilməlidir.”

Müzakirələr zamanı millət vəkili Vüsal Hüseynov isə əlavə edib ki, İİTKM ilə Açıq Hökumət vətəndaş cəmiyyəti dialoq platfoması arasında əməkdaşlıq möhkəmlənməlidir. Bu platforma təkcə şəffaflığın təmin edilməsi deyil, eyni zamanda əməkdaşlıq deməkdir: "Strateji yol xəritəsinin hazırlanması zamanı da vətəndaş cəmiyyətinin rəyinə böyük önəm verilib. Nəticədə isə ortaya çox təkmil bir sənəd çıxıb. Bundan sonra da müzakirələr davam etdiriləcək. Bu görüş yeni əməkdaşlıq modelinin qurulması üçün başlanğıcdır. Çünki bu sənəd çərçivəsində islahat prosesinə dəstək vacibdir və bu dəstək hərtərəfli olmalıdır.”

İqtisad Universitetinin rektoru Ədalət Muradov Strateji yol xəritəsində nəzərdə tutulduğu kimi institutların inkişafını vacib hesab edib: "Yüksək dəyərli insan kapitalının artırılması da məhz, insitutların, universitetlərin sayəsində edilməlidir. Elə bir kadr hazırlığı edilməli, elə bir kadr yetişdirilməlidir ki, onun işə qəbul olunmamaq ehtimalı olmasın”.

AMEA-nın İqtisadiyyat Universitetinin direktoru Nazim İmanov isə bildirib ki, xarici ticarəti liberallaşdırmaq ilə daxili bazarın qorunması müəyyən olunmalıdır. Bu istiqamətdə AMEA-nın İqtisadiyyat İnstitutu da tədqiqatlar aparır.

Sahibkarlıq və bazar iqtisadiyyatına yardım fondunun rəhbəri Sabit Bağırov Strateji yol xəritəsində də yer aldığı kimi müzakirələr üçün işçi qrupları, nəzarət komissiyaları yaradılmalı olduğunu nəzərə çatdırıb.

İqtisadçı Vüqar Bayramov isə deyib ki, ölkədə pul dövriyyəsinin optimallaşdırılması lazımdır:

"Düşünürəm ki, pul dövriyyəsinin məhdudlaşdırılmasından pul dövriyyəsinin optimallaşdırılmasına keçmək lazımdır. Optimal pul dövriyyəsi təkcə manatın məzənnəsi ilə deyil, investisiyalarla da tənzimlənməlidir. Məhdudlaşdırmalar həmçinin investisiyaları da məhdudlaşdırır. Həmçinin, volatillik tənzimlənməlidir. Biznes üçün volatilliyin qısa olması önəmlidir. Bununla yanaşı məzənnə stabilləşməlidir. Bu, biznes mühitinə müsbət təsir göstərə bilər".

Müzakirələr zamanı Vətəndaş cəmiyyətinin üzvləri Osmaz Gündüz, Umud Mirzəyev və başqaları, eləcə də Dünya Bankının, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.






Strateji yol xəritəsi vətəndaş cəmiyyəti ilə müzakirəyə çıxarılıb





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər