Ay Yerə ən minimal məsafədə yaxınlaşacaq
Tarix: 31-10-2025 12:53 | Bölmə: Cəmiyyət
Ay Yerə ən minimal məsafədə yaxınlaşacaq

Noyabrın 5-i axşam saatlarında Ay Yerə ən minimal məsafədə yaxınlaşacaq və xüsusilə parlaq görünəcək. Bu, 2025-ci ilin ən yaxın superay hadisəsi olacaq.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu Perm Politex Universitetinin astronomiya üzrə eksperti Yevgeni Burmistrov deyib.

Superay - nadir hadisədir; bu zaman Dolunay Ayın Yerə ən yaxın nöqtəsində olması ilə üst-üstə düşür. Həmin gün Ay Yer planetindən cəmi 356,9 min kilometr məsafədə olacaq - bu da adi vəziyyətdən təxminən 50 min kilometr daha yaxındır.

“Maksimum işıqlanma və yaxınlaşmanın birləşməsi ölçü və parlaqlığın vizual artımı effektini yaradır. Əgər yaxınlaşma Ayın başqa fazasında baş versəydi, biz bunu demək olar ki, hiss etməzdik,” - deyə Y. Burmistrov izah edib.

Mütəxəssisin sözlərinə görə, Ayın diski adi Dolunaydan 8 faiz daha böyük və 16 faiz daha parlaq görünəcək. Lakin üfüqdə “böyük Ay” effekti optik illüziyadır: insan beyni göy cismini binalar və ağaclarla müqayisə etdikdə onu qeyri-ixtiyari olaraq daha iri qəbul edir.

Superay zamanı Ay tamamilə dairəvi görünsə də, əslində o, qütbləri yaxınlığında bir qədər yastıdır - təxminən dörd kilometr fərqlə. Bu xüsusiyyəti Yerdən görmək mümkün deyil, çünki biz hər zaman Ayın yalnız bir tərəfini müşahidə edirik.

Astronom əlavə edib ki, superay zamanı Ay və Günəşin cazibə qüvvələri üst-üstə düşür və dəniz səviyyəsində xüsusilə güclü dalğalanmalar yaradır. Bundan başqa, parlaq Ay diskinin yaxınlığında Pleyadlar (Yeddi bacı) ulduz toplusunu da görmək mümkün olacaq. 6 noyabr gecəsi Ay həmin ulduz toplusundan bir dərəcədən də az məsafədən keçəcək.

Superayın zirvə anı 5 noyabr saat 16:00-da (Moskva vaxtı ilə) gözlənilsə də, hadisəni 4 noyabr axşamından 6 noyabra qədər müşahidə etmək mümkün olacaq.

Müşahidə üçün sadə bir durbin belə kifayətdir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
27-10-2025, 15:19 Sel olacaq - Xəbərdarlıq