Oruc Zalov: "Bu il uşaqlara qarşı cinayət törədən 266 şəxs məsuliyyətə cəlb olunub"
Tarix: 21-11-2019 13:45 | Bölmə: Cəmiyyət
Oruc Zalov: "Bu il uşaqlara qarşı cinayət törədən 266 şəxs məsuliyyətə cəlb olunub"

"Bu ilin 9 ayında uşaqlara qarşı zorakılıqla bağlı törədilən cinayətlərin ümumi sayı 159 olub. Uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb edilib".

Bunu Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, müxtəlif qanunsuz əməllərə məruz qalmasının qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanların və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə təkcə bu ilin 9 ayı ərzində 1200-dək reyd və yoxlama keçirilib: "Hüquqi maarifləndirmə mövzusunda müxtəlif səpkidə 1000-dən artıq görüş, yığıncaq baş tutub. Görülən işlər nəticəsində 9 ay ərzində ölkədə uşaqlara qarşı törədilmiş cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 fakt, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayətlərin sayı isə ötən illə müqayisədə 38 fakt az olub".

Nazir müavininin sözlərinə görə, uşaq və gənclərin radikal dini təsirlərdən qorunması, qeyri-insani rəftara məruz qalmasını, qanunsuz fəaliyyət göstərən icmalara cəlb olunmasının qarşısının alınması daha da genişləndirilib: "Erkən nikahlar da kifayət qədər aktual problemdir. Aidiyyəti dövlət qurumları, ictimaiyyətin və beynəlxalq təşkilatların tövsiyəsi nəzərə alınmaqla Daxili İşlər Nazirliyi tərəfindən xüsusi göstərişlər hazırlanıb, yerli orqanlara göndərilib və icrası daim nəzarətdədir. İnsan hüquq və azadlıqlarının pozulması ilə müşahidə olunan erkən nikahların qarşısının alınması məqsədilə əhali arasında, həmçinin orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə hüquqi maarifləndirmə tədbirlərlərinə xüsusi önəm verilir. Zorakılığa qarşı potensial qüvvələr hesab olunan, küçələrdə müxtəlif əmək növləri ilə məşğul olan, eləcə də avaralıq və dilənçilik edən uşaqlar, onları buna vadar edənlər reydlər zamanı aşkar olunur".

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər