Prokurorluq 7 il əvvəlki qətl hadisəsi ilə bağlı məlumat yayıb
Tarix: 13-04-2022 14:59 | Bölmə: Cəmiyyət
Prokurorluq 7 il əvvəlki qətl hadisəsi ilə bağlı məlumat yayıb

Baş Prokurorluq 7 il əvvəl Masallı rayonunda baş vermiş qətl hadisəsi barədə məlumat yayıb.

Reyting.az
-ın məlumatına görə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir cinayətin üstü açılıb.

Belə ki, 05 iyul 2015-ci il tarixdə Masallı rayon sakini Səidə Cəfərovanın evdən çıxaraq bir daha geri qayıtmaması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, onun tapılması mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Lakin sonradan Səidə Cəfərovanın öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyi üçün, 08 fevral 2022-ci il tarixdə iş üzrə icraatın dayandırılması haqqında qərar rayon prokurorluğu tərəfindən ləğv edilməklə iş üzrə icraat təzələnib.

Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Masallı rayonu, Təklə kənd sakini Əfrail Məmmədov qeyd edilən tarixdə əmisi qızı Səidə Cəfərovanı idarə etdiyi avtomobil ilə Təklə kənd ərazisində yerləşən əkin sahəsinə apararaq orada şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla onun boğaz nahiyəsinə bir dəfə qəsdən vurmaqla onu öldürüb. Bundan sonra Ə. Məmmədov S. Cəfərovanın meyitini çayın kənarındakı qamışlıq ərazidə gizlədib, təxminən 25-30 gün sonra meyiti gizlətdiyi yerə gedərək sümüklərin göründüyünü görüb cinayətini gizlətmək məqsədi ilə balta ilə meyitin baş hissəsini ayıraraq torpaq sahəsinə basdırıb, digər sümükləri isə təxminən 500-600 metr kənarda tullantılar olan ərazidə üzərinə benzin tökməklə tam yandırıb.

Ə. Məmmədov iş üzrə dindirilərkən törətdiyi əməli etiraf edib. Meyitin basdırıldığı yerə baxış keçirilib, aşkar edilmiş insan sümük fraqmetlərinə bənzər qalıqlar müvafiq qaydada qablaşdırılaraq götürülüb.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Əfrail Məmmədova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər