Ali Məhkəmə müxalifət liderinin 15 il həbs cəzasını qüvvədə saxlayıb
Tarix: 20-06-2023 18:42 | Bölmə: Dünya
Ali Məhkəmə müxalifət liderinin 15 il həbs cəzasını qüvvədə saxlayıb
Svetlana Tixanovskaya

İyunun 20-də Belarusun Ali Məhkəməsi qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilmiş Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın şikayətinə baxıb və aşağı instansiya məhkəmələrinin hökmünü qüvvədə saxlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, bu il martın əvvəlində Minsk Şəhər Məhkəməsi Tixanovskaya 15 il həbs cəzası (qiyabi olaraq) verib.

Keçmiş mədəniyyət naziri Pavel Latuşko qiyabi olaraq 18 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə digər üç təqsirləndirilən şəxsə - Mariya Moroz, Olqa Kovalkova və Sergey Dilevskiyə 12 il həbs cəzası verilib.

Qeyd edək ki, Lukaşenko rejimi Tixanovskaya və onun tərəfdarlarını "dövlət hakimiyyətini qeyri-konstitusion yolla ələ keçirmək üçün sui-qəsddə; ekstremist birləşmə yaratmaqda və belə bir birləşməyə rəhbərlik etməkdə; açıq şəkildə dövlət hakimiyyətini ələ keçirməyə çağırmaqda və Belarusun milli təhlükəsizliyinə zərər vuran digər hərəkətlər etməkdə" ittiham edib.

Svetlana Tixanovskaya 2020-ci ildə Belarusda keçiriləcək prezident seçkilərində seçki kampaniyası zamanı saxlanılan və 2021-ci ilin dekabrında 18 il müddətinə azadlıqdan məhrum edilən əri Sergeyin yerinə namizədliyini irəli sürmüşdü.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib