Putin qoşunların Kiyevdən çəkilməsinin səbəbini açıqlayıb
Tarix: 29-07-2023 14:37 | Bölmə: Dünya
Putin qoşunların Kiyevdən çəkilməsinin səbəbini açıqlayıb

Ukraynaya genişmiqyaslı müdaxilə fonunda prezident Vladimir Putin bildirib ki, Rusiya Federasiyası “istənilən mübahisələrin sülh yolu ilə həllinə” çalışır və guya buna görə 2022-ci ildə - müharibənin başlanğıcında Rusiya qoşunları Kiyevdən geri çəkilib.

Reyting.az
xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin rəsmi saytının məlumatına görə, prezident Putin belə bir bəyanatla Afrika ölkələrinin liderləri ilə Ukraynada müharibənin sülh yolu ilə həllinə həsr olunmuş görüşdə çıxış edib.

“Əslində, bu müqavilənin layihəsi razılaşdırıldı, lakin qoşunlarımız Kiyevdən çıxarıldıqdan sonra - yekun müqavilənin bağlanması məqsədilə şərait yaratmaq üçün bizdən bunu tələb etdilər - Kiyev hakimiyyəti əvvəlki bütün razılaşmalardan imtina etdi”, - Putin deyib.

Rusiya lideri razılaşmaların təfərrüatlarını açıqlaya bilməyəcəyini, bunun “düzgün olmayacağını” da sözlərinə əlavə edib.

Rusiya rəhbəri həmçinin qeyd edib ki, Ukraynada müharibə “Qərb tərəfindən başlayıb”. Putin deyib ki, Qərb Ukraynanı NATO-ya cəlb etməyə başlayıb, Ukraynanın neytral statusu isə Rusiya üçün fundamental əhəmiyyət kəsb edir.

Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı qanlı müharibəyə başlayıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, işğalçılar üç günə Kiyevi ələ keçirəcəklər. Kiyevə doğru irəliləyən Rusiya qoşunları bir neçə gündən sonra Xreşçatıkda parad təşkil etmək ümidi ilə özləri ilə tam geyim formaları daşıyırdı. Ancaq Ukrayna ordusu rus qoşunlarını paytaxtın girəcəyindən qovdu.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər