Zelenski söz verib: "Rusiyanın son raket hücumu cavabsız qalmayacaq"
Tarix: 20-08-2023 09:48 | Bölmə: Dünya
Zelenski söz verib: "Rusiyanın son raket hücumu cavabsız qalmayacaq"

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Çernihiv şəhərinə raket hücumunun cavabsız qalmayacağına söz verib.

Bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində deyib.

“Əminəm: bizim döyüşçülərimiz bu terror aktına görə Rusiyaya cavab verəcəklər. Tutarlı cavab”, - o vurğulayıb.

Ukrayna lideri əlavə edib ki, müxtəlif liderlər, dövlət nümayəndələri və beynəlxalq təşkilatlar Rusiyanın Çernihivə zərbəsini pisləyiblər. O həmçinin Ukraynaya başsağlığı verənlərə təşəkkürünü bildirib(Report).

Xatırladaq ki, Çernihivə raket hücumu avqustun 19-da yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 12:30-da) Alma Spası bayramında həyata keçirilib. Raket buraxıldıqdan sonra şəhərdə hava hücumu barədə həyəcan siqnalı işə salınıb. Sərhədə yaxın olduğu üçün Rusiya ballistik raketlərinin Çernihivə çatması cəmi bir dəqiqə çəkir.

Hadisə nəticəsində 7 nəfər ölüb, 140-dan çox insan yaralanıb. Ölənlərin arasında 6 yaşlı qız da var. O, aldığı yaralardan xəstəxanada keçinib. Həlak olan uşağın anasının durumu isə ağırdır. Ölən və yaralananların bir çoxu ictimai nəqliyyat dayanacağında gözləyənlər olub.

Faciə ilə əlaqədar avqustun 19-dan 21-dək şəhərdə matəm elan olunub.

BMT, həmçinin ABŞ və Fransa Rusiyanın bu hücumunu pisləyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər