Qadın təşkilatını xarici agent elan ediblər
Tarix: 03-06-2024 12:09 | Bölmə: Dünya
Qadın təşkilatını xarici agent elan ediblər

Rusiya Ukraynada müharibəyə göndərilən əsgərlərin geri qaytarılması uğrunda mübarizə aparan qadınların “Put Domoy” (Evə yol) təşkilatını “xarici agent” kateqoriyasına aid edib.

Reyting.az
xəbər verir ki, Ədliyyə Nazirliyi qərara səbəb kimi hərəkatın “Rusiya və Rusiya ordusu haqqında mənfi imic yaratmaq cəhdini və qeyri-qanuni fəaliyyətə çağırışları” göstərib.

Xatırladaq ki, “Put Domoy” qadın təşkilatının tərkibində bu ilin əvvəlində Moskvanın Qızıl meydanında keçirilən etiraz aksiyalarına Ukraynaya döyüşə göndərilən əsgərlərin həyat yoldaşları və tərəfdarları qatılıb, ailə üzvlərinin geri qaytarılmasını tələb ediblər. Bu müddət ərzində təşkilat Rusiyanın bir çox şəhərlərində etiraz aksiyalarına çağırışlar edib. Qadınlar həftələrlə Kreml yaxınlığında toplaşaraq naməlum əsgərlərin məzarları üzərinə simvolik güllər qoyublar.

Qeyd edək ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı hücumlara başlamasından sonra müxaliflərə qarşı sərt mövqe tutan Moskva indiyədək qadınların hərəkətlərinə müdaxilə etməyib. Kremlin bu nümayişlərə dözərək qadınların həbsi ilə gərginliyin daha da artmasının qarşısını almağı hədəfləyib.

Təşkilatdan əlavə, sülh tərəfdarı siyasətçi Yekaterina Duntsova və müstəqil media orqanı “Sota” da “xarici agent” kateqoriyasına daxil edilib. Qeyd edək ki, müstəqil siyasətçi Duntsova mart ayında keçirilən prezident seçkilərində Putinə rəqib olub. Siyasətçi seçki kampaniyasına Ukrayna müharibəsinə son qoymaq gündəmini də daxil edib.

“Xarici agent” kimi təsnif edilən Duntsova bundan sonra dövlət vəzifələrinə namizəd ola bilməyəcək. Lakin siyasətçi cümə günü verdiyi açıqlamada deyib ki, siyasi partiya yaratmaq səylərindən geri çəkilməyəcək.

Rusiyada hələ də fəaliyyət göstərən məhdud sayda müstəqil media qurumlarından biri olan “Sota”ya qarşı qəbul edilən qərar Moskva tərəfindən Ukrayna müharibəsini tənqid etməklə əsaslandırılıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər