Almaniya əfqanların deportasiyasına başlayır
Tarix: 06-06-2024 18:02 | Bölmə: Dünya
Almaniya əfqanların deportasiyasına başlayır

Ötən həftə Almaniyada bir polis məmuru əfqan əsilli şəxs tərəfindən öldürüldükdən sonra immiqrasiya ilə bağlı daha sərt mövqe tutmaq üçün təzyiqlər artıb. Normal şəraitdə Almaniya sığınacaq axtaranları həyatlarının təhlükə altında olacağı ölkələrə göndərmir. 2021-ci ildə “Taliban” hakimiyyətə gəldikdən sonra Almaniya Əfqanıstana deportasiyanı dayandırıb. Ancaq populist sağ partiyaların gündən-günə güclərini artırdığı bir vaxtda immiqrasiya siyasəti hakimiyyətdə olan hökumətlərə təzyiq göstərir. İctimai rəydən aydın olur ki, ifrat sağçı partiyalar Avropa seçkilərində güclü performans göstərəcəklər.

Reyting.az
-ın xəbərinə görə, Almaniyanın daxili işlər naziri Nensi Fayzer deportasiya məsələsini aylardır intensiv şəkildə araşdırdığını və ən qısa zamanda qərar verməyi planlaşdırdığını bildirib.

“Mənə aydındır ki, Almaniyanın təhlükəsizliyinə potensial təhdid yaradan insanlar tez bir zamanda ölkədən çıxarılmalıdır”,- nazir deyib. Onun fikrincə, Almaniyanın təhlükəsizlik maraqları müharibədən əziyyət çəkənlərin maraqlarından üstündür. Nazir hökumətin artıq digər ölkələrə deportasiyanı sürətləndirməyə çalışdığını bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Mannheim şəhərində İslam əleyhinə keçirilən tədbirdə əslən Əfqanıstandan olan 25 yaşlı gəncin bıçaqla hücumu nəticəsində 6 nəfər ağır yaralanıb. Bir polis əməkdaşı aldığı xəsarətlərdən dünyasını dəyişib. Son bir neçə gündə sağ populist “Almaniya üçün Alternativ” (AfD) bu hücumdan istifadə edərək bildirib ki, bu hadisə onun siyasətlərinin haqlı olduğunu göstərir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər