Salome Zurabişviliyə Kissincer təqaüdü verilib
Tarix: 09-01-2025 21:33 | Bölmə: Dünya
Salome Zurabişviliyə Kissincer təqaüdü verilib

Gürcüstanın səlahiyyət müddəti başa çatan beşinci prezidenti Salome Zurabişvili mükafata layiq görülüb. Ona ABŞ-nın Arizona Dövlət Universitetində fəaliyyət göstərən Con Makkeyn adına İnstitutun dünya şöhrətli amerikalı siyasətçi və politoloq Henri Kissincerin adını daşıyan beynəlxalq təqaüd verilib.

Reyting.az
bildirir ki, bu barədə Arizona Universiteti məlumat yayıb.

İnstitut xatırladıb ki, Zurabişvili həm də Gürcüstanın ilk qadın xarici işlər naziri olub: “O, prezidentliyi dövründə həmişə Gürcüstanın Avropa İttifaqına, NATO-ya inteqrasiyasını qətiyyətlə müdafiə edib, demokratik islahatları dəstəkləyib, eyni zamanda Kremlin surətini çıxaran "xarici agentlər" qanununa Gürcüstanda veto qoyub".

Məlumata görə, Makkeyn İnstitutunun əməkdaşı kimi Zurabişvili öz geniş diplomatik və liderlik xüsusiyyətindən, eləcə də sınanmış siyasi təcrübəsindən istifadə etməklə ölkəsində yeni seçkilərə, demokratik inkişafa təkan verəcək.

İnstitutdan bildiriblər ki, onlar Gürcüstan prezidenti olan siyasətçi və dövlət xadimi kimi Salome Zurabişvilinin öz ölkəsində yenə də bu çətin, şərəfli yolda böyük işlərə imza atacağını gözləyirlər. Arizona Universitetinin və Kissincer təqaüdünü təqdim edən təşkilat üzvlərinin fikrincə, S. Zurabişvili "Gürcüstanı demokratik yola qaytarmaq üçün aparıcı səylərini" davam etdirə biləcək.

Zurabişvili isə Kissincer təqaüdünü almaqdan şərəf duyduğunu deyib. Onun fikrincə, "avtokratiyalar və demokratiyalar arasında mübarizə" dövründə "cəbhədə vuruşan" demokratik xadimləri dəstəkləmək lazımdır.

Xatırladaq ki, S. Zurabişvili 2018-ci ildə Gürcüstan Respublikasında keçirilmiş sonuncu seçkilərdə prezident seçilmişdi. Onun hakimiyyəti dövründə islahatlara start verilib və Konstitusiyaya düzəlişlər edilib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
6-01-2025, 09:49 Keçmiş baş nazir ölüb