Trampın bəyanatı liberallara qələbə qazandırıb
Tarix: 29-04-2025 17:22 | Bölmə: Dünya
Trampın bəyanatı liberallara qələbə qazandırıb

Kanadada keçirilən növbədənkənar parlament seçkilərində baş nazir Mark Karninin rəhbərlik etdiyi Liberal Partiyası qalib gəlib.

Reyting.az
xəbər verir ki, bu qələbə Kanadanı 51-ci dövlət etmək istəyini dəfələrlə bəyan edən və tarif müharibəsi aparan ABŞ prezidenti Donald Trampın aqressiv siyasətinə cavab olaraq kanadalıların konsolidasiyası nəticəsində mümkün olub.

Səsvermə başa çatdıqdan sonra liberalların parlamentdəki 343 yerin əksəriyyətini qazanacağı proqnozlaşdırılsa da, onların mütləq səs çoxluğunu qazana biləcəkləri, yoxsa hökumət qurmaq üçün bir və ya bir neçə kiçik partiya ilə birləşməli olub-olmayacaqları hələlik bəlli deyil.

“Prezident Tramp çalışır ki, Amerika Kanadaya sahib çıxsın. Amma bu, heç vaxt baş verməyəcək. Biz Kanada üçün ən yaxşı sövdələşməni əldə etmək üçün bütün gücümüzlə mübarizə aparacağıq”, - Karni qələbə nitqində deyib.

Əlavə olunur ki, əvvəllər Liberal Partiyasının uduzacağı proqnozlaşdırılsa da, Trampın bəyanatları kanadalıları qəzəbləndirib və millətçiliyin artmasına səbəb olub. Bu isə liberallara seçkilərin gedişatını dəyişməyə və ardıcıl dördüncü müddətə qalib gəlməyə kömək edib.

“Biz Amerika xəyanətinin şokunu dəf etdik, lakin dərsləri heç vaxt unutmamalıyıq... Amerika bizim torpağımızı, suyumuzu, resurslarımızı istəyir”,- yerli media Karnidən sitat gətirir. O, ABŞ-a qarşı daha sərt mövqe tutacağına söz verib və Kanadanın ABŞ-dan asılılığını azaltmaq üçün milyardlar xərcləməli olacağını bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər