Mehriban Əliyeva Beynəlxalq İnformatika Olimpiadasının nümayəndələrinə məktub göndərdi
Tarix: 05-08-2019 16:56 | Bölmə: Gündəm
Mehriban Əliyeva Beynəlxalq İnformatika Olimpiadasının nümayəndələrinə məktub göndərdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 31-ci Beynəlxalq İnformatika Olimpiadasının nümayəndələrinə məktub ünvanlayıb.

Reyting.az
xəbər verir ki, olimpiadanın rəsmi açılış mərasimində məktubu tədbir iştirakçılarının diqqətinə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva çatdırıb.

Məktubun mətnində deyilir:

"Əziz və hörmətli olimpiada iştirakçıları!

Sizi, dünyanın müxtəlif guşələrindən Bakıya toplaşmış 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza uğurlar arzu edirəm.

Ümidvaram ki, olimpiada informatika sahəsinin yeni istedadlarının üzə çıxarılması, gənclərin informatikaya maraqlarının daha da güclənməsi və təmsilçi ölkələrin sıralarının genişlənməsi işinə öz töhfəsini verəcək. Biliklərə əsaslanan cəmiyyətin formalaşdığı və rəqəmsal bacarıqların son dərəcə zəruri olduğu indiki dövrdə informasiya kommunikasiya texnologiyaları elmi potensialın vacib göstəricilərdən birinə çevrilib.

İnformasiya iqtisadiyyatda, elmdə və cəmiyyət həyatında böyük əhəmiyyətə malikdir. Dünya informasiya şəbəkəsinin yaradılması isə kompüter biliklərinin rolunu xeyli artırıb. 31-ci Beynəlxalq İnformatika Olimpiadası bu baxımdan qarşısınızda yeni üfüqlər açır. Kompüter elmləri üzrə ən mötəbər müsabiqələr arasında özünəməxsus yer tutan bu bilik yarışı arzularınızın gerçəkləşməsi və həyat yolunuzun müəyyənləşməsinə ciddi təsir göstərəcək.

Hazırki olimpiadanın Azərbaycanda təşkili təsadüfi deyil. Belə ki, informasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan ölkəmizdə məktəblər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadır. Məktəblilərimiz beynəlxalq olimpiadalarda öz müvəffəqqiyyətlərinin davamlı inkişafına nail olaraq son illər ərzində ümumilikdə 160 medal qazanıb.

Bu olimpiada günlərində siz eyni zamanda Azərbaycanın keçmişi, bu günü və zəngin tarixi, mədəni dəyərləri ilə yaxından tanış olmaq, eləcə də yeni dostlar tapmaq imkanı əldə edəcəksiz. Olimpiadanın uzun illər hər birinizin yaddaşında xoş xatirə kimi qalacağına əminəm. İnanıram ki, sizə bəslənən ümidləri gələcək fəaliyyətinizdə layiqincə doğruldacaqsınız".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}