Aşıq Ələsgərin heykəlini 307 minə hazırlayan şirkətin 12 milyon borcu yaranıb
Tarix: 24-02-2025 16:55 | Bölmə: Mədəniyyət
Aşıq Ələsgərin heykəlini 307 minə hazırlayan şirkətin 12 milyon borcu yaranıb

Hər il dövlət qurumlarının milyonlarla manat dəyərində tender müsabiqələrində qalib olan “Vest-LTD” QSC-nin (VÖEN- 2100393871) dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.

Reyting.az
Yeniavaz.com-a istinadla xəbər verir ki, sonuncu dəfə təxminən bir ay əvvəl Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən keçirilən 37,2 milyon manatlıq tenderin qalibi olan “Vest-LTD” QSC-nin dövlət büdcəsinə 11 milyon 914 min 650 manat 84 qəpik vergi borcu yaranıb.

Qeyd edək ki, “Vest-LTD” QSC 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, m. 46” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur.

Onu da bildirək ki, dövlət büdcəsindən milyonlarla manat vəsait alan bu şirkətin nəinki veb saytı, adi sosial şəbəkə hesabları belə yoxdur. “Vest-LTD” QSC-nin adı sonuncu dəfə mətbuatda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı zamanı gündəmə gəlib.

Abidənin açılışından sonra Aşıq Ələsgərin heykəli sosial şəbəkələrdə və mətbuatda geniş müzakirələrə səbəb olub.

Aşıq Ələsgərin abidəsinin el sənətkarına layiq olduğunu bildirənlərlə yanaşı, heykəl barədə tənqidi fikir səsləndirənlər də olub.
Bildirilib ki, Aşıq Ələsgərin abidəsinin hazırlanması üçün Mədəniyyət Nazirliyi “Vest-LTD” QSC-yə 307 min manat vəsait ayırıb.




Bölməyə aid digər xəbərlər