Ukraynaya təhlükəsizlik zəmanəti verməyin əsas şərti müəyyən edilib
Tarix: 28-01-2026 12:19 | Bölmə: Slayd

Ukraynaya təhlükəsizlik zəmanəti verməyin əsas şərti müəyyən edilib

Kiyev ABŞ-dan təhlükəsizlik zəmanətləri almaq və dörd illik tammiqyaslı müharibəyə son qoymaq üçün Rusiya ilə sülh müqaviləsi imzalamalıdır.

Reyting.az “Reuters” agentliyinə istinadla bildirir ki, bu, ABŞ-nın müəyyən etdiyi əsas şərtdir və bununla bağlı Ukrayna tərəfinə məlumat verilib.

Qeyd olunur ki, ABŞ Ukraynaya sülh müqaviləsinə nəyin daxil edilməli olduğunu diktə etmir.

Vaşinqtondakı mənbə agentliyə deyib ki, ABŞ-nın Ukraynanı ərazi güzəştlərinə məcbur etməyə çalışması ilə bağlı təkliflər verməsi yanlış məlumatdır.

Məlumata görə, Rusiya və Ukraynadan olan danışıqçılar fevral ayının 1-də Əbu-Dabidə, ehtimal ki, ABŞ rəsmilərinin iştirakı ilə yenidən görüşməlidirlər. Ötən həftəsonu keçirilən danışıqlardan sonra ABŞ səfirləri Stiv Uitkoff və Cared Kuşner tezliklə razılaşma əldə edilə biləcəyinə dair nikbinlik ifadə ediblər.

Onu da qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski bu yaxınlarda bildirib ki, təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ sənədi "100 faiz hazırdır" və Kiyev hazırda onun imzalanması üçün vaxtı və yeri gözləyir.

E. KAMAL





Bölməyə aid digər xəbərlər