Qalmaqallı prokuror işdən çıxarılıb
Ən böyük şirin su ehtiyatı hansı ölkələrdədir? - Siyahı
İlon Mask çip istehsalı zavodu tikəcək
Rəsmi Bakı Moskvanın izahatını gözləyir
Ölkələrin əsas enerji mənbələrinin yeni xəritəsi hazırlanıb
Tramp: "İranda rejim dəyişib, bizimlə razılaşmaq istəyirlər"
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Putin azərbaycanlı alimi təltif edib
Bakıda 70 yaşlı kişi öldürülüb
DYP sürücülərə xəbərdarlıq edib
Koxalski “Qarabağ”dan gedir?
Tarix: 23-03-2026 13:56 | Bölmə: Xəbərlər

Xatirə Xatun
şair-publisist
Elə insanlar var ki, onlar dünyaya sanki bir missiya ilə gəlirlər: boz həqiqətləri süni rənglərlə bəzəmək yox, o bozluğun içindəki gizli insanı tapıb çıxarmaq üçün. Azərbaycan ədəbiyyatının canlı klassiki, oxucuların "Yağlıvəndli Şekspir"i Seyran Səxavət məhz belə bir qələm sahibidir. Bu il onun ömür karvanı 80-ci dayanacağa çatır, amma onun sözü hələ də ilk günkü kimi təravətli, kəsərli və səmimidir.
“Yağlıvənddən dünyaya açılan pəncərə” - Seyran Səxavətin yaradıcılığını məncə belə də adlandırmaq olar. Çünki onun əsərləri məhz ordan - Füzulinin Yağlıvənd kəndindən boylanır. Lakin o, heç vaxt lokal bir yazıçı olmadı; o, kənd adamının taleyini, dərdini və sevincini elə bir dillə yazdı ki, bu obrazlar bəşəri miqyas qazandı. Onun əsərlərində torpağın, təzə kəsilmiş otun, istisi əl yandıran təndir çörəyinin qoxusu və ən əsası, Qarabağ torpağının müqəddəs nəfəsi var. O, 80 illik ömrünün hər ilini sözün saflığına qurban verib, hər cümləsində bir az da özünü əridib.
Əksər uğurlu qələm sahibləri kimi Seyran Səxavətin də öz üslubu var və mənə görə bu gülüşün altındakı göz yaşı taktikasıdır. Seyran müəllimin qələmi bənzərsizdir. O, oxucunu güldürə-güldürə uçurumun kənarına gətirir və birdən-birə həyatın ən ağır, ən sərt həqiqətlərini göstərir. Bu, sadəcə yumor deyil, bu, həm də qədərin ironik təbəssümüdür.
Seyran Səxavət "Daş evlər" romanı ilə o, bizə daşdan yox, ruhdan ev tikməyin çətinliyini öyrətdi, "Nekroloq"da dirilərin içindəki ölü tərəfləri, cəmiyyətin mənəvi aşınmasını ustalıqla ifşa etdi, "Qapı" pyesi ilə isə illərlə bağlanmayan, intizar dolu qapıların ağrısını səhnələşdirdi.
Seyran Səxavətin ən şox sevdiyim nəsr əsəri “Qapıların o üzündə qalan dünya"dır. Bu əsərlə tanışlığım yeniyetməliklə ilk gənclik illərimin görüşdüyü zamana təsadüf edir. Və mən hələ o yonulmamış uşaq ağlımla Firanın bir qadın kimi ağrısını, ana olmaq, ailə olmaq arzusunu hiss edirdim, anlayırdım. Kənddən gələn Gülalının uşaq saflığına, dürüstlüyünə inanırdım. Hər ikisinə yalan satan, əslində olmadığı adam kimi davranan Fatikdən isə zəhləm gedirdi. Onun ifşa olunmağını elə istəyirdim ki...
Seyran Səxavət Azərbaycan dilinin ən böyük zərgərlərindən biridir. O, dili rəsmiləşdirmir, onu xalqın ağzından götürüb, süzgəcdən keçirib yenidən xalqa qaytarır. Onun cümlələrindəki cazibə oxucunu yormur, əksinə, onu düşündürür. Və beləcə o, həm dilin, həm də və ruhun keşikçisinə çevrilir. Seyran Səxavət sözə münsibətdə həmişə səxavətli olub və heç vaxt həqiqəti gizlətməyib, pafosa qaçmayıb, oxucuya yuxarıdan aşağı baxmayıb.
Maraqlı aforizmləri var Seyran Səxavətin, bəlkə də yığsan elə bir kitab qədər olar. Həm də məna etibarı ilə hərəsi bir roman çəkisindədir. "Cümlə qurmaq dövlət qurmaq qədər çətindir" deyir Seyran Səxavət. Və ya “Hamımız sözün belindən gəlmişik” deyib bütün söz adamlarını bir Söz Atanın övladları kimi təqdim edir.
Hamı onu nasir və dramaturq kimi tanısa da, Seyran Səxavətin ruhu həm də poetik misralarla yoğrulub. Onun şeirləri də nəsri kimidir – bəzək-düzəkdən uzaq, amma hədəfi vuran. 80 illik ömür yoluna nəzər salanda onun bu misraları sanki bir tale hesabatı kimi səslənir:
Yüz yol dəniz kimi ləpələndim mən,
Yüz yol öz içimdə təpələndim mən.
Dünyanın üstünə səpələndim mən,
Dünya yığılmadı, mən yığılmadım...
Bu misralar onun sarsılmaz iradəsinin, həyatın çətinlikləri qarşısında əyilməyən qürurunun poetik möhrüdür. 80 il ərzində dünya çox dəyişib, amma Seyran Səxavət öz "söz adamı" kimliyindən bir addım da geri çəkilməyib.

Seyran Səxavət
Mən onu mənəviyyatımızın canlı ensiklopediyasi hesab edirəm. Onda bu mövzuda hər suala cavab taparsan və cavab da səni qane edər. Çünki Seyran Səxavət sual qarşısında nə şablon cavablara qaçır, nə də nala-mıxa vurur. Bəzən eşitmək istəmədiyini də deyə bilər, amma bu riyasız və bəzək-düzəksiz bir reallıqdır, qəbul etməkdən başqa çarən qalmır. Onunla söhbət bir zövqdür, bir dərsdir, ibrətlik bir kitab oxumağa bərabərdir. Əlinizə düşsə, buraxmayın bu fürsəti. Mənə bu xoşbəxtlik onunla eyni istirahət mərkəzində qarşılaşanda nəsib olub. Hər gün səhər yeməyi zamanı ömür dastanının bir vərəqini açar və bizi onunla tanış edərdi Yağlıvəndli Şekspir. Və qürur duyuram ki, Seyran Səxavətin məhz o payız yazdığı bir neçə hekayənin redaktə və korrektəsini mən etmişəm. Yazılarını əllə, həm də kiril əlifbası ilə yazdığından onların Azərbaycan əlifbası ilə kompyüterə köçürülməsi lazım idi. Mən bunu məmnuniyyətlə boynuma götürdüm. Və yaza-yaza arada ona bu və ya digər ifadəni, sözü daha uyğun variantla əvəz etməyi də təklif edirdim. Öncə inanmadı, sonra isə bütün redaktə və korrektəni də mənim öhdəmə buraxdı. Sonda mənə bu kömək üçün çox minnətdarlıq etdi, amma sanıram mənim onun üçün zövqlə, ürəklə etdiyim bu xidmət o qısa müddətdə ondan öyrəndiklərimin yanında bir şey deyildi.
Onunla ünsiyyətdə olan hər kəs bilir ki, Seyran Səxavət rəsmiyyəti sevmir. O, xalqın içində, çayxanalarda, sadə insanların arasında özünü daha rahat hiss edir. Onun fəlsəfəsi sadədir: "İnsan gərək öz içindəki uşağı öldürməyə qoymasın." 80 yaşında belə, onun gözlərindəki o qığılcım, o uşaq səmimiyyəti sönməyib.
Seyran Səxavətin ömür kitabının ən ağrılı və ən şirin fəsli Qarabağdır. Bir dəfə köçkünlük dövründə müsahibələrinin birində demişdi: "Mənim üçün dünya iki hissədən ibarətdir: Yağlıvənd və dünyanın qalan hissəsi." O, illərlə Bakının səs-küylü küçələrində gəzsə də, ruhu həmişə o kəndin dolanbac yollarında, cığırlarında idi. Deyirlər ki, yazıçı işğal illərində evinin açarlarını bir an belə yanından ayırmayıbmış. Bu, sadəcə bir metal parçasına olan bağlılıq deyil, bu, qayıdışa olan sarsılmaz imanın simvolu idi. 80 illik yubileyində taleyin ona ən böyük hədiyyəsi həmin açarların yenidən doğma qapını açması oldu. Bu gün o, artıq köçkün yazıçı deyil, qalib bir xalqın fəxr etdiyi ustad sənətkardır. 80 Yaşın Zirvəsində doğma torpağına, yurduna qayıdışın sevincini yaşayır bu qocaman çınar...Bu çinarın kökləri Qarabağın bağrında, budaqları isə müasir ədəbiyyatımızın uca zirvələrindədir. Uzun illər köçkünlük ağrısını içində daşıyan, amma ruhən heç vaxt sarsılmayan yazıçı üçün bu yubiley həm də bir zəfər bayramıdır. Azad olunmuş Füzulidə, doğma kəndinin havasını udan Seyran Səxavət bu gün daha gəncdir, daha ilhamlıdır.
O, müsahibələrində də, kitablarında da eynidir – sözü birbaşa deyən, saxtakarlığa dözümü olmayan bir ziyalı.Onun vətənpərvərliyi şüarçılıq yox, torpağın hər qarışına olan ağrılı bir sevgidir. Ən sadə hadisəni elə bir fəlsəfi qatla təqdim edir ki, oxucu özünü həmin hadisənin bir parçası hiss edir."Mən yazanda sözləri kağıza yox, sanki öz canıma köçürürəm. Əgər yazdığım mənim canımı ağrıtmırsa, deməli, oxucunun da ruhuna toxunmayacaq."
Seyran Səxavət Azərbaycan ədəbiyyatının vicdan səsidir. O, bizə öyrətdi ki, ən böyük əsər yazıçının öz ömrüdür. Və o, bu 80 ili elə yaşadı ki, bu gün həm oxucuları, həm də həmkarları onun qarşısında ehtiramla baş əyirlər.
Sözün Seyranı və Səxavəti! Sənin 80 illik yubileyin həm də bizim mənəviyyatımızın, dilimizin və əyilməz qürurumuzun yubileyidir. Azərbaycan ədəbiyyatının sənin kimi duzlu-məzəli, amma həm də dərin düşünən ustadlara hələ çox ehtiyacı var. Ustad, 80 yaşın mübarək! Qələmin həmişə itidir, çünki o, xalqın sevgisi ilə itilənib. Arzu edirik ki, növbəti yubileylərini Yağlıvəndin o məşhur çinarlarının kölgəsində, təzə yazdığın romanın əlyazmaları ilə qarşılayasan.
Bakı, 22 mart 2026-cı il.
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək