20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İsrail-“Hizbullah” qarşıdurması daha dağıdıcı ola bilər
Tarix: 03-11-2023 18:41 | Bölmə: Dünya
İsrail-“Hizbullah” qarşıdurması daha dağıdıcı ola bilər

Livanda İranın dəstəklədiyi “Hizbullah” qrupunun İsrailə hərtərəfli müharibə elan etməsi riski ilə bağlı narahatlıqlar artır. Çünki belə bir savaş İsrailin Qəzza zolağında HƏMAS-a qarşı apardığı müharibədən daha böyük və ölümcül ola bilər.

Reyting.az
-ın xəbərinə görə, “Sky News”-un analitik məqaləsində qeyd edilir ki, bu vaxta qədər “Hizbullah” və İsrail arasında münaqişə həyəcan doğursa da, genişmiqyaslı müharibə səviyyəsindən uzaq olub. Bununla belə, son vaxtlar hərbi aktivliyin kəskin artması, o cümlədən partlayıcı-intiharçı pilotsuz uçan aparatın ilk dəfə istifadəsi itkilərin miqyasını genişləndirə bilər.

Məlumata görə, “Hizbullah”ın son addımları İsrailin şimal sərhəddindəki gərginliyi ən yüksək səviyyəyə qaldırıb və bu da, 2006-cı il Livan müharibəsindən bəri iki tərəf arasında ən ciddi böhrana işarədir.

İndi diqqətlər “Hizbullah” lideri Həsən Nəsrullahın İsrailin HƏMAS ilə müharibəsinin başlamasından sonra ilk açıq bəyanatı olacaq bugünkü çıxışına yönəlib.

Analitiklər qeyd edirlər ki, İsrail şübhəsiz ki, güclü hərbi gücə malikdir. Bununla belə, “Hizbullah”ın 20.000-ə yaxın tam ştatlı döyüşçüsü, on minlərlə ehtiyat əsgəri və böyük silah arsenalı HƏMAS-ın sahib olduqlarından qat-qat üstündür. Bunlara 430 milə qədər mənzilli raketlər, həmçinin dəqiq idarə olunan raketlər daxildir. Bunlar HƏMAS-ın atdığı raketlərdən qat-qat dəqiq və öldürücüdür.

Bundan əlavə, “Hizbullah” qısa mənzilli döyüş sursatları və silahlı pilotsuz təyyarələrin böyük ehtiyatına malikdir.

“Bu o deməkdir ki, İsrail və “Hizbullah” arasında istənilən müharibə İsrail və HƏMAS arasındakı münaqişədən qat-qat qanlı və daha təhlükəli ola bilər”, - deyə analitiklər yekunlaşdırır.

HƏMAS-ın İsrailə hücumundan sonra “Hizbullah” ölkənin şimal sərhədinə hücumlarını artırıb. Eyni zamanda, İsrail “Hizbullah”ın şimal cəbhəsi açacağı təqdirdə İrana genişmiqyaslı hücumla hədələyib. ABŞ kəşfiyyat rəsmiləri iddia edirlər ki, İran və onun müttəfiqləri İsraillə açıq münaqişədən qaçmağa çalışırlar, çünki İsrailin İrana qarşı birbaşa əks-hücumları onun üçün dağıdıcı ola bilər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər