Almaniyada Rusiyadan çox Polşanı təhlükə sayırlar
Tarix: 13-11-2025 15:25 | Bölmə: Dünya
Almaniyada Rusiyadan çox Polşanı təhlükə sayırlar

Rusiyayönlü Almaniya üçün Alternativ Partiyasının (AFD) lideri Tino Çrupalla prezident Vladimir Putinin Polşadan fərqli olaraq ölkəsi üçün təhlükə yaratmadığını bildirib.

Reyting.az
xəbər verir ki, Çrupalla “Putin mənə heç nə etməyib. Hazırda Rusiyadan Almaniya üçün heç bir təhlükə görmürəm”,- ifadələrini işlədib.

Çrupalla xatırladıb ki, Polşa Almaniya hakimiyyəti tərəfindən 2022-ci ildə “Şimal Axını” qaz kəmərini sabotaj etməkdə şübhəli bilinən Ukrayna vətəndaşının ekstradisiyasından imtina edib. Siyasətçi deyib ki, Polşa da Almaniya üçün təhlükə yarada bilər.

“Politico” yazır ki, aparıcı alman siyasətçiləri AfD-ni getdikcə Almaniya daxilində Rusiyanın maraqlarını təmsil edən bir partiya kimi təqdim edirlər. Hətta bəziləri iddia edir ki, Kreml adıçəkilən partiyanın rəsmi məlumatlara çıxışından casusluq üçün yararlanır.

Lakin Çrupalla bu ittihamlarla razılaşmır: “Onlar bizi heç vaxt sübut edə bilmədikləri şeylərdə ittiham edirlər və mən bunu xəyanət sayıram”.

Çrupallanın şərhləri AfD daxilində Soçidə keçiriləcək BRICS beynəlxalq konfransında iştirak etmək üçün Rusiyaya səfər etməyi planlaşdıran bir qrup siyasətçi ilə bağlı fikir ayrılığı fonunda səslənib.

AfD-nin digər həmsədri, partiyanın imicini yaxşılaşdırmağa və açıq şəkildə Rusiyayönlü siyasətçilərin bəzilərini cilovlamağa, eləcə də ABŞ-da Donald Tramp administrasiyası ilə daha yaxın münasibətlər qurmağa çalışan Alis Vaydel isə çalışıb ki, siyasətçilərin konfransa qatılmasının qarşısını alsın. Bu da onun partiyası daxilində Rusiyaya dəstəyin nə qədər uzağa getməsi ilə bağlı artan fikir ayrılığını əks etdirir.

“Biz bu şəkildə davam etməməliyik. Biz buna imkan verə bilmərik və istəmirik”,-deyə o qeyd edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər